Əbülfəz Elçibəyə neçə dəfə sui-qəsd edilib?

0
11

Əbülfəz Elçibəyə neçə dəfə sui-qəsd edilib?

Dünən mərhum prezident Əbülfəz Elçibəyin doğum günündən 76 il keçdi.

Keçmiş prezidentin növbəti doğum günündə ona qarşı sağlığında sui-qəsdlərin olması haqqında məlumatlar əldə etdik.

Maraqlıdır ki, bir yox, bir neçə dəfə sui-qəsdə məruz qalan mərhum prezident bu barədə heç vaxt danışmayıb. Bundan əlavə, mərhum prezident doğum günündə müxtəlif hədiyyələr alırmış. Bu hədiyyələr qol saatı, qalstuk və kitablardan ibarət olurmuş. Hədiyyə almağın tərəfdarı olmayan Əbülfəz Elçibəy xüsusi təmtəraqlı doğum günlərinin keçirilməsinə də heç vaxt səy göstərməyib. Lakin bir məqamı da vurğulamaq yerinə düşər.

Adətən, dövlət başçılarına xüsusi günlərdə təqdim edilən hədiyyələrin bəziləri heç də xoş niyyətli olmur. Əbülfəz Elçibəy də belə xoşagəlməz məqamla üzləşibmiş. Mərhum prezident at həvəskarı olduğundan doğum günündə hədiyyə edilən ata xüsusi diqqət göstərirmiş. Lakin atın dəlisov hərəkətləri kənardakı insanların şübhə riskini artırıb. Araşdırmadan sonra prezidentə hədiyyə edilən at dərhal uzaqlaşdırılıb. Təbii ki, Əbülfəz bəyə qarşı təşkil olunan sui-qəsd bununla bitmir.

Modern. az Elçibəy hakimiyyəti dövründə dövlət orqanlarında təmsil olunan şəxslərlə əlaqə saxlayıb. Maraqlıdır ki, mərhum prezidentlə çiyin-çiyinə çalışan insanlar, sui-qəsd məqsədilə hədiyyə edilən at məsələsini birinci dəfə eşitdiklərini deyiblər.

Həmin dövrdə dövlət müşaviri işləyən Arif Hacılı ilə əlaqə saxladıq. O, Elçibəyi öldürmək istəyən kənar qüvvə ilə aralarındakı məsafənin çox qısa olduğunu deyib: “Elçibəyə qarşı təşkil olunan 2 sui-qəsd cəhdi barədə məlumatım var. 1992-ci ilin sonunda Gəncə-Yevlax yolunda bas verən hadisə zamanı mən də prezidentlə birgə həmin kortejdə hərəkət etmişəm. Hadisə mənim gözümün qarşısında baş verib. O dövrdə prezidentin səfərləri zamanı prezident kartejinin 1- 2 kilometr önündə avtomobillər yol kənarına çəkilərək saxlanılırdı. Həmin hadisə zamanı yol kənarında dayanan bir yük maşını qəfildən prezidentin əyləşdiyi maşına tərəf hərəkət etməyə başladı. Prezidentin əyləşdiyi avtomobilə çatmamış öndə gedən prezidentin mühafizə xidmətinin rəhbəri Vaqif Axundov və digər mühafizəçilərin əyləşdiyi maşınla toqquşdu. Vaqif Axundov və başqa mühafizəçilər ciddi zədə aldı. Daha sonra həmin yük maşınının mərmilərlə dolu olduğu aşkar edildi. Sürücü və yanında olanlar avtomobildən düşüb qaçmağa cəhr etsələr də, mühafizəçilər yaxalayıb hüquq-mühafizə orqanlarına təhvil verdilər. Təbii ki, istintaq aparıldı. Amma istintaqın sonrakı gedişinin nə cür olduğu, necə yekunlaşdığı barədə məlumatım yoxdur. Bundan başqa, 1993-cü ilin fevralında da Elçibəy Gəncədən Bakıya qayıdarkən prezident təyyarəsinə mərmi atılmışdı. Bu hadisələr həmin dövrdə Azərbaycan hökumətinə məlum olan və faktlara uyğun olaraq ətrafında istintaq aparılan cinayət hadisələridir. Elçibəyə qarşı sui-qəsdləri Rusiya və İran xüsusi xidmət orqanlarının təşkil etdiklərini düşünürdük. Bir qayda olaraq, bu cür cinayət hadisələri Azərbaycanda olan hərbi müxalifət vasitəsi ilə törədilirdi. Elçibəyə sui -qəsd məqsədi ilə at bağışlanılması barədə isə mənim heç bir məlumatım yoxdur.

Elçibəy hakimiyyəti dövründə dövlət katibi, sonradan baş nazir işləmiş Pənah Hüseyn də sui-qəsddən xəbərdar olduğunu söyləyib: “Elçibəyə iki dəfə sui-qəsd təşkil edilib. Bir dəfə cəbhə xətti zonasında prezident kortejinin qabağında ağır yük maşın sürülmüşdü. Mühafizə xidmətinin rəhbəri Vahid Axundovun səyi nəticəsində prezidentə qarşı sui-qəsdin qarşısı alınmışdı. Bu barədə tədqiqat aparılıb. İkinci hadisə 1993-cü ilin fevral ayında prezidentin təyyarəsinə havadan müdafiə qüvvələrinin Mingəçevir dövlət ərazisində raket atılıb. Bunanla bağlı da tədqiqat aparılıb. Amma bu tədqiqat sona qədər aparılmadığına görə heç nə deyə bilmərəm. At məsələsini isə ilk dəfədir sizdən eşidirəm”.

O dövrdə baş nazir və dövlət müşaviri işləyənlərdən fərqli olaraq Tərtər rayon icra hakimiyyətinin başçısı Sərdar Həmidov Elçibəyə qarşı, ümumiyyətlə, sui-qəsdin törədilmədiyini deyib: “1992-ci il iyun ayının 20-də Tərtər rayonuna icra başçısı təyin olunmuşam. 1993-cü il iyun ayının 24-nə qədər nəinki Elçibəyə, heç adi adama, polisə qarşı belə sui-qəsd cəhdi olmayıb. Əgər prezidentə sui-qəsd cəhdi baş versəydi, bir icra başçısı, batalyon komandiri kimi özümü dünyanın ən alçaq adamı hesab edərdim. Sadəcə, Ucardan Yevlaxa gələn yolda Elçibəyin kortejindən qabaq qəza olub. Həmin qəzanı sui-qəsdə cəhd kimi qələmə veriblər. Əminliklə deyirəm ki, Elçibəyə qarşı heç bir sui-qəsd olmayıb”.

LEAVE A REPLY