Ramiz Tağıyev: “Quruca təşəkkür etmək əvəzinə, bu gün qəhrəmana dönüb, üstümüzə hücum çəkənlər var”
Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevlə söhbətimiz jurnalist Xədicə İsmayılın azadlığa qovuşmasından sonra baş tutdu. Təbii ki, ilk sualımız da bu barədə oldu.
-Jurnalist Xədicə İsmayılın azadlığa qovuşmasını gözləyirdinizmi?
-Ölkədə baş verən proseslər ona doğru gedirdi. Yəni, daha öncə LeylaYunus və Arif Yunusların azad edilməsi, ölkədən çıxışlarına şərait yaradılması…
-Düşünürsünüz ki , ölkə iqtidarı humanistlik mesajı verir?
-Kimlər üçünsə belədir, kimlər isə özlərini qorumalıdırlar. Əsasən də milli düşüncəli siyasətçi və jurnalistlər. Həbsxanalar boş qalmayacaq ki…(gülür) Ən pisi odur ki, bizlər həbs olunanda, Qərbin ruhuda incimir.
-Siz siyasi məhbus siyahısına salınmışdınız axı…
-Tamamilə doğrudur. Mən iki dəfə ayrı-ayrı zamanlarda siyasi məhbus həyatı yaşamışam. Ancaq, bizlərə münasibət tam fərqli olur… Bir var öz adamları olasan, birdəki məcburiyyət qarşısında səni müdafiə edələr.
-Ramiz bəy, Xədicə İsmayılın azadlığa buraxılması xəbərinə sevindinizmi?
-Əlbəttə… Mən, günahsız məhbusların hamısının azadlığa qovuşması xəbərini sevinclə qarşılayıram. Bir çox məqamlarda fəaliyyətlərini məqbul hesab etməsəmdə, müsahibələrin birində açıqca vurğulamışam ki, Leyla Yunus və Xədicə İsmayılın həbs edilməsinin heç bir motivi yoxdur. Ümumiyyətlə, xarakterim belədir, dara düşmüş insanlara kömək etmək istəyirəm. Ancaq yanıldığım məqamlarda olur. Gərək müdafiə etdiyin insanı yaxından tanıyasan, nəyə və kimə xidmət göstərdiyini müəyyənləşdirəsən. Tərbiyəsiz, hər kəsə şər-böhtan atmağı özünə peşə etmiş birilərinə yardım əli uzatmağın özü qəbahətdir.
-Leyla Yunusgilin azadlığa çıxdıqdan sonra görüşünə getmişdinizmi?
-Leyla Yunusla AXC yaranan gündən tanış olmuşuq. Ancaq siyasi baxışlarımız tam fərqli olduğundan, münasibətimiz isti olmayıb. Odur ki, onunla görüşmək niyyətim olmayıb. Belə proseslərdən özünə “xal” yığmaq istəyən şoumen siyasətçilər kimi məhkəmələrin qapısını kəsdirib, qəzet və telekanallara müsahibə vermək həvəsimdə yoxdur.
-Yəqin ki, AXCP sədri Əli Kərimlini nəzərdə tutursunuz?
-Elə o da var… (gülür) Özünüz fikirləşin, bu Əli Kərimli özünü Elçibəy yolunun varisi hesab edir. L.Yunusun isə rəhmətlik Əbülfəz bəyə açıq-aydın nifrəti olub. İndi, anlayın görüm, Əli İlə Leylanın dostluq münasibətlərini. Burada Xədicənin özünü məhkəməyə gətirməyiblər, Ə.Kərimli gedib, kəsdirib Ali Məhkəmənin qarşısını. Ali Məhkəmənin prosesləri əksər zaman qapalı keçirilir. Bəs məqsəd nədir? Adam siyasi gündəmdə qalmaq üçün belə cılız vasitələrə əl atır.
-Bəlkə düz edir… Axı, siz bir çox zamanlarda ortalıqlarda görünmürsünüz.
-Mən qeyd etdim ki, siyasi şoumenlik mənim işim deyil. Cılız işlərlə gündəmə gəlmək və ya qalmaq, sabun köpüyü effekti yaradır. Siz gənclər təəssüf ki, siyasi liderlərin keçdiyi həyat və mübarizə yolundan xəbərsizsiniz. Mən, ölkənin siyasi gündəmini silkələmək ağlına və gücünə malikəm. Ancaq açıq söyləyim, indi ki, ölkə müxalifəti ilə bir addım atmağın özü günahdır.
-Onda, belə görünür ki, Siz ölkə iqtidarına dəstək verirsiniz?
-İqtidarın mənim dəstəyimə nə ehtiyacı var ki..? Ən azından yüz minlərlə üzvü olan YAP-ı var. (gülür) Məni düzgün başa düşün, İlham Əliyevi və onun komandasını əvəz etməyə həll heç bir siyasi qüvvə hazır deyil. Ölkə müxalifəti çilik-çilik olub və belə halda müxalifətçilik edirlər. Yəni, oyun oynayıb, millətin başını qatırlar. İşlərini-peşələrini siyasi gündəmi didişmələrlə, dedi-qodularla doldurmaqdır. Hamısı eyni mərkəzdən, eyni texnoloqlar tərəfindən idarə olunurlar. Bəzi mafioz qüvvələrdən və yaxud xarici himayəçilərdən 3-5 manat alıb, günlərini keçirirlər. Bir çoxunuda sabiq MTN-çilər maliyyələşdirirdi. Bəxtləri var, elələrinin əli boşda qalmır, sponsorları tez tapılır.
“MTN-nin mənə etdiyi pisliyi Allah bağışlaya bilməzdi”
-Ramiz bəy söhbət öz axarıyla “dost”larımızın üzərinə gəldi. İndi vəziyyət necədir, rahatlıqdırmı?
-Belə görünür ki, mənim kimi insanlar dünyaya əzab-əziyyət üçün gəliblər. Milli Azadlıq Hərəkatı zamanı “ortada yeyib, qıraqda gəzənlər” sonradan həmin hərəkatın uğurundan lazımi qədər istifadə edə bildilər. Sirr deyil ki, bir çoxu milyonlarla sərvət toplamağa da girişdi ki, indi ondan ustalıqla bəhrələnə bilirlər. İqtidarlar dəyişsə də, nə onların xarakteri, nədə ki, onlara olan münasibət dəyişdi. Adamlar var da… İndi də ölkədə hamı bilir ki, MTN-nin –Eldar Mahmudovun cinayətkar dəstəsiylə düz 10 il, açıq-aşkar vuruşdum. MTN məni iki dəfə, tam günahsız həbs etsə də, həbsxanalarda, cəzaçəkmə müəssisələrində mübarizəni bir gün olsun dayandırmadım. İnanın ki, Allahdan savayı kiməsə gümanım, ümidim qalmamışdı. MTN məni və ailəmi 10 il təqib-təhdidlə yaşamağa məcbur etdi.
-Görüşüb, anlaşmaq mümkün deyildi?
-Mən, onlarla heç bir zaman anlaşa bilməzdim. Onların fəaliyyətindən kifayət qədər məlumatlı idim. E.Mahmudovun cinayətkar dəstəsi vicdanlı insanları təqib-təhdid etməklə məşğul idilər.
-Sizə dəstək verən olurdumu?
-MTN-nin cinayətkar dəstəsindən zərbə alanlar ara-sıra bizə dəstək verməyə çalışsalar da, çətin anlarda ümidlərimizi doğulda biləcək qədər cəsarət sahibləri deyildilər. Bizim MTN-i ifşa etməyimiz, 10 il ərzində E.Mahmudovun və onun cinayətkar dəstəsinin əlindən xeyli vəzifəli şəxsləri xilas edə bilmişdi. O zaman MTN-də çalışan texniki işçilər söyləyirdilər ki, “Millətim”in çıxdığı gün keçmiş MTN-nin sabiq nazir müavini Hilal Əsədovun şəkəri “rekord” vururmuş. Bakı İstintaq Təcridxanasında intihar etmiş İlqar Əliyev üzümə deyirdi ki, sən, şəkəri bəxş etmisən.
-MTN barəsində yazdıqlarımızdan xəbərdaram, doğrudan-doğruya ölkə gündəmini silkələmişdi. İndi, ATM adlandırdığımız MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev həbsxana həyatı yaşayır. Müavini, Sizin “çepeşnik”, “Dronqo” adlandırdığınız İlqar Əliyev isə intihar edərək dünyasını dəyişib. Səmimi deyin, necə qarşılamısınız bu hadisələri?
-Həbs olunmaqlarını tam təbii qarşılamışam. Həbs olunmaqları onların haqq idi. İlqarın ölümünü isə təəssüflə qarşıladım. Onun da ailəsi, övladları var axı… Açıq deyirəm, E.Mahmudov və H.Əsədovun həbs olunduğu günü səbirsizliklə gözləyirəm. Onlar ölkə vətəndaşlarına dəhşətlər yaşadıblar. İndi, Elçin Quliyev istintaqa ifadə vermir, məhkəməyə çıxmayacağını, İlqar kimi intihar edəcəyini bəyan edir. Buna deyən gərək; sən, “şərləyib, şantaj edib həbsxanalara “ezam” etdirdiyin şəxslərdən üstünsənmi?
Bir faktı nəzərə almaq lazımdır ki, E.Mahmudov dəstəsinin tör-töküntüləri əksər hakimiyyət strukturlarında kök salıblar. Bunu mən hələ indi də üstümüzdən götürülməyən ciddi nəzarətə rəğmən söyləyirəm. Sözün düzü, gözləyirdim ki, MTN-nin cinayətkar dəstəsini ifşa etməkdə müəyyən qədər rolumuzu nəzərə alıb, həm də onların cinayətkar əməllərinin qurbanı kimi itirdiklərimizi bərpa etmək üçün bizi dəvət edib təşəkkür edən tapılacaq. Təəssüf ki, yanılmışıq. Gördüyüm söyləməyə əsas verir ki, “iş bitdi, xətir itdi”. Əlbəttə, cinayətkar şəbəkəni ifşa etmək həm də bir vətəndaşlıq borcumuz idi. Ancaq nə yazıq ki, vətəndaşın bu yolda nə qədər əzab, zülm çəkdiyini, xəstəliklərə düçar olduğunu nəzərə alan olmadı. Hətta dost bilib, daima dəstək verdiyimiz bəziləri də üstümüzə hücum çəkməyə girişdilər.
-Deyəsən, artıq hücumlardan qorxub, geri çəkilirsiniz?
Nicat Sadiq