Rusiya nüvə silahsızlaşdırılmasında maraqlı olduğunu kifayət qədər nümayiş etdirmir.
Bunu Yaponiyaya səfəri ərəfəsində NHK telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama deyib. Qeyd edək ki, 26-27 may tarixlərində Tokioda “Böyük Yeddilik” sammiti keçiriləcək.
ABŞ prezidenti xatırladıb ki, hakimiyyətdə olduğu dövrdə Moskva ilə hücum silahlarının azaldılması haqqında (HSA-3) yeni sazişin imzalanmasına müvəffəq olub. Onun sözlərinə görə, bu saziş hər iki dövlətin nüvə potensialının azaldılmasına imkan yaradıb.
“Düşünürəm ki, biz daha irəli (nüvə silahlarının azaldılmasında – red.) gedə bilərik. Lakin Rusiya bu məsələdə daha böyük iş görməkdə maraqlı olduğunu nümayiş etdirməyib”, – deyə Obama qeyd edib.
ABŞ prezidenti 1945-ci ildə Xirosimaya endirilən nüvə zərbəsinə görə üzr istəmək fikrində olmadığını bildirib.
“Hər bir rəhbər, xüsusilə müharibə dövründə, çox çətin qərarlar verir”, – deyə Obama qeyd edib.