Leyla Yunus ABŞ-a “qara siyahı” göndərdi
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu gün Repressiyalara Müqavimət Mərkəzinin ilk “Maqnitski Siyahısı”nın Azərbaycan versiyasının təqdimatını keçirib.
Qeyd edək ki, 2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edən Maqnitski Aktı qəbul edib.
Qanuna əsasən, istintaq təcridxanasında Hermitage Capital investisiya fondunun auditoru Sergey Maqnitskinin öllümündə əli olduğu ehtimal olunan 60 rus məmurundan və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət Maqnitski siyahısı tərtib edilib. Məmurların adları açıqlanmır. Siyahını Amerika senatoru Bencamin Kardin tərtib edib. Siyahıya adı düşmüş şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilir, insan hüquqlarının pozulması ilə əlaqədar onlara ABŞ-a səfər etmək qadağan edilir. Maliyyə sanksiyaları da tətbiq edilə bilər.
L.Yunusun hazırladığı “Maqnitski Siyahısı”na ilkin olaraq 6 hakimin adı daxil edilib. Onların arasında “Nida”çıların işinə baxan hakim Cavid Hüseynov, Pərviz Həşimlinin hakimi Novruz Kərimov, Anar Məmmədlinin işi üzrə hakim Rauf Əliyev, İsmayıllı, Yadigar Sadıqov və Hilal Məmmədovun məhkəmələrinin aparan hakimlər daxildirlər.Azadliq.info-nun verdiyi məlumata görə, mətbuat konfransında bildirilib ki, Azərbaycanın “Maqnitski Siyahısı”ilə bağlı müzakirələr iyunun 15-də Senatda Azərbaycanla bağlı keçirilən dinləmələrdə də müzakirə olunub. L.Yunus “Maqnitski Siyahısı”nın müəllifi Amerika senatoru Bencamin Kardinlə bu barədə müzakirələr də aparıb. Eyni zamanda bu məsələ Avropa Komissiyasının sədri Joze Manuel Barozzunun Bakı səfərində də qaldırılıb. Barozzunun vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə müzakirə olunan bu məsələyə AB təmsilçisinin mövqeyi müsbət olub. Və o belə bir siyahının hazırlanmasının yaxşı hal ola biləcəyini söyləyib.
L.Yunusun hazırladığı “Maqnitski Siyahısı”na gələcəkdə vicdan məhbusları ilə bağlı işləri aparan prokurorluq və polis işçilərinin də adları daxil ediləcək. Bu adlar növbəti mərhələdə açıqlanacaq. Son mərhələdə isə bu işlər üzrə sifarişçilərin adları siyahıya salınaraq, cəmiyyətə elan olunacaq. L.Yunus ona da bildirib ki, Amerika senatoru Bencamin Kardin ATƏT-in Bakıda keçiriləcək toplantısına qatılacaq. L.Yunusun onunla Bakıda görüşü nəzərdə tutulub. Bakıdakı görüşdə bu məsələ bir daha müzakirə olunacaq. Onu da qeyd edək ki, artıq hakimlərin siyahısı ABŞ-a göndrəilib.
L.Yunus keçirdiyi mətbuat konfransında onun işi üzrə məsul olan prokurorluq orqanlarının əməkdaşlarına mesaj göndərib.