“Əli Kərimli Rəsulzadənin abidəsini Müsavatla birgə ziyarət etməkdən imtina edib” – Müsavat funksioneri

0
4

“İndiki şəraitdə elə bir siyasi proses yoxdur ki, orda iştirak etmək üçün AXCP ilə əməkdaşlıq zəruri olsun. Ancaq qarşıdan gələn illərdə bu, mümkün ola bilər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü təmsil etdiyi partiyanın başqan müavini Tofiq Yaqublunun AXCP ilə əməkdaşlıqla bağlı apardığı danışıqlara münasibət bildirərkən deyib.

O, AXCP ilə münasibətlərin yaxşılaşdırılması üçün T. Yaqublunun təşəbbüsünü müsbət qarşıladığını bildirib: “Tofiq Yaqubluya AXCP ilə danışıqlar üçün səlahiyyət verilib. Hazırda müəyyən nəticələr var, yəqin ki, nəticələr açıqlanacaq. Ümumiyyətlə, Müsavat Partiyası heç vaxt pafoslu çıxış etmir, konkret faktlara əsasən iddialarını ortaya qoyur. Müsavat hər zaman siyasi etikanı gözləyib. Ona görə də sosial şəbəkələrdə və başqa yerlərdə qarşılıqlı ittihamların tərəfdarı deyiləm”.

Müsavat funksioneri qeyd edib ki, T. Yaqublu AXCP sədri Əli Kərimliyə Müsavat və AXCP-nin 28 may – Respublika günü münasibətilə Məhəmməd Əmin Rəsulzadənin abidəsini birgə ziyarət etməyi təklif edib: “AXCP Rəyasət Heyətinin üzvləri təklifə etiraz etməsə də, Əli Kərimli imtina edib. O, hələ ki, buna hazır olmadıqlarını, ziyarətin Müsavatla birgə keçiriləcəyinin müəyyən çətinliklər yaradacağını deyib. Bunun da səbəbini ilk növbədə Milli Şura faktorunda görürəm. Milli Şurada təmsil olunan bir neçə nəfərin fikri bizim fikirlərimizlə üst-üstə düşmür. Digər tərəfdən, hesab edirəm ki, Milli Şurada əsas söz sahibi Əli Kərimlidir. Yəqin ki, onlar psixoloji cəhətdən buna hazır deyillər”.

Xatırladaq ki, 2013-cü ildə Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra AXCP ilə münasibətlər gərginləşib. Son günlər sosial şəbəkələrdə və mətbuatda iki partiya arasında münasibətlər yenidən gündəmə gəlib. Müsavat başqanı Arif Hacılı AXCP ilə danışıqlar üçün Tofiq Yaqubluya səlahiyyət verib.