Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin barələrində olan məhkəmə hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi mayın 27-də keçiriləcək.
Virtualaz.org saytın əldə etdiyi xəbərə görə, prosesə hakim Qədim Babayev sədrlik edəcək.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.
Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib.
O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.
Onu da qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.