“Coca-cola” içkisində ölümə səbəb nədir?

0
6

Su İstehsalçılar Birliyinin sədri Dövlət Məmmədov Xocavənd sakininin “Coca-cola” içkisindən zəhərlənmə diaqnozu ilə ölməsi faktına münasibət bildirib.

Mütəxəssis zəhərlənmənin içkinin saxlanma qaydasına riayət edilməməsi şəraitində baş verə biləcəyini deyib.

“Mən hesab edirəm ki, istehlakçı məhsulun saxlanma şəraitinə düzgün riayət etməyib. Uzun müddət ağzı açıq, günəş şüası altında saxlandığı zaman içkinin tərkibi ilə qabındakı maddələrin reaksiyası gedib. Ehtimal edirəm ki, zəhərlənmə də bu səbəbdən baş verə bilər”.

D.Məmmədov bildirib ki, nəinki, “Coca-cola” və digər içkilər, elə adi suların da düzgün saxlanmasına riayət olunmalıdır. O, həmçinin içkinin hər hansı qida ilə, eyni zamanda içilməsilə baş verə biləcək zəhərlənmə faktını mümkünsüz sayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov “Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb. Araşdırma aparılır.

Məsələ ilə bağlı “Coca-cola” şirkətinin Bakı nümayəndəliyindən rəsmi açıqlama veriləcəyi bildirilib.