Generalın adamı cəbhədəki zabitlərdən pul yığır – Şok
“Füzuli bölgəsində maliyyə xidmətinin rəisi zabit və gizirlərin maaşına əl uzadır”.
Azinform.az xəbər verir ki, bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, bu şəxsə sonuncu dəfə xəbərdarlıq etdiyini bildirib:
“Dünən Füzuli bölgəsindəki MN Maliyyə Xidmətinin rəisi baş leytenant Elşən Salmanovla mənim çox ciddi söhbətim oldu. Bu şəxs qeyri-qanuni pul yığmaqla zabitləri və gizirləri incidir. Bu adam Müdafiə Nazirliyində təmsil olunan generallardan birinin adıyla bu fəaliyyəti həyata keçirir. Mən ona dünən qəti şəkildə xəbərdarlıq etdim ki, bir gün döyüş bölgəsindəki zabitlər silaha əl atsalar, təəccüblənmə. Heç kəs ona o ixtiyarı verməyib. Cəbhədəki zabitin pulu qəpiyinə qədər ödənilməlidir. Kim onlara bu ixtiyarı verib ki, bu işlə məşğul olsun? Bu adam bahalı ağ “Cip”də səngərləri gəzir. İki aydır ki, bu vəzifəyə təyin olunub, amma artıq özbaşınalıqla məşğul olub. Mən özüm dünən də ona dedim ki, sənin hərəkətlərinlə bağlı Hərbi Prokurorluğa müraciət edəcəm. Bu adam zabit və gizirlərin maaşına əl uzadır. Həmçinin həmin şəxslər maaşlarını vaxtlı vaxtında ala bilmirlər. Artıq bu bölgədən yüzlərlə şikayət var. Burda cənab nazirə müraciət edirəm ki, bu faktı diqqətdə saxlasın və araşdırılması üçün tapşırıq versin”.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən isə bildirildi ki, səsləndirilən iddianın heç bir əsası yoxdur:
“Döyüş bölgəsində xidmət edən zabit və gizirlər məzuniyyətə, ezamiyyətə və digər səbəblərə görə öz vəzifə yerlərindən gedərkən onların aylıq pul təminatı bir qat hesablandığından, ödənişlərdə fərq olur. Lakin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularından pul yığılması iddiasının heç bir əsası yoxdur. Çünki ödənişlər plastik kartlar vasitəsilə həyata keçirilir və hər kəs şəxsi kartından istifadə edərək maaşını alır”.