Binəqədidəki dəhşətli yanğından bir il ötdü:Kimdir günahkar?

0
4

Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının bir ili tamam olur.

15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən bu yanğın cəmiyyətdə ciddi rezonans doğuraraq böyük mübahisələrə səbəb oldu. Yanğının plastik divar üzlükləri səbəbindən baş verdiyi açıqlansa da ictimai rəydə onun təxribat olduğu da iddia edilirdi.

Yanğın hadisəsinin üstündən bir keçsə də hələ ki, onun səbəbləri, baş vermə şəraiti ilə bağlı açqılamalar verilməyib.  Baxmayaraq ki,  yanğın hadisəsi ilə bağlı suallar açıq qalır və KİV-də, müxtəlif açıqlamalarda  müxtəlif versiyalar səsləndirilir.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Sərəncamla Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməsi və həyata keçirilməsi tapşırılıb. Bundan başqa cinayət işi açılıb və artıq məhkəməyə göndərilmək üzrədir.

Yanğından bir gün sonra Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında da dövlət başçısı Komissiyaya bütün məsələləri araşdırıb rəy verməyi və ilk növbədə, yanğının nəticələrinin araşdırılmasını tapşırmışdı.  Pezident İlham Əliyev çıxışında vurğulamışdı ki, bütün versiyalar təhlil edilməlidir:“İstintaqın nəticələri, həm mənə, həm də ki, Azərbaycan ictimaiyyətinə təqdim ediləcək. Qarşıya bütün vəzifələr qoyulub, məsələ ciddi araşdırılacaq”.

Göründüyü kimi Prezident tərəfindən də ictimaiyyətin məlumatlandırılması vurğulanıb. Artıq yanan bina təmir olunub və sakinlərin istifadəsinə verilib. Amma hadisənin səbəbləri və baş vermə şəraiti ilə bağlı sükut davam edir.

İctimaiyyəti isə cavablandırılmamış çox ciddi suallar narahat edir. Yanğın hadisəsi niyə baş verdi?  Yanğın hadisəsi təxribat idimi? Yanğının baş vermə şəraiti ilə bağlı nələr aydınlaşdırılıb? – kimi suallara ictimaiyyət intizarla cavablar verilməsini gözləyir.

Bir sıra ekspertlərin qənaətincə dünyada kəskinləşən geopolitik qarşıdurmada hansısa qüvvələr Azərbaycanı da müəyyən proseslərə bağlamağa çalışıblar.  Təhlilçilər  analizlərə söykənərək 2015-ci ildə ölkədə baş verən bir çox hadisələrin səbəblərinin  bununla əlaqələndirirlər. KİV-də, sosial şəbəkələrdə bu versiya geniş müzakirə olundu.  Qəribədir ki, bu hadisələr Azərbaycanın beynəlxalq tədbirlərdə iştirakına hazırlıq dövründə, yaxud geopolitik müstəvidə böyük güclərin rəqabətinin kəskinləşdiyi və regionda cərəyan edən mühüm siyasi psoseslər fonunda baş verirdi. Binəqədidəki hündür mərtəbəli binada baş verən yanğının da bütün ölkənin ciddi hazırlaşdığı və hazırıq işlərinin son mərhələyə qədəm qoyduğu Avropa Oyunlarına hazırlıq vaxtı və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrinin çox mühüm Riqa sammitindən 1 gün əvvəl baş verməsi diqqət çəkirdi.

Bundan başqa yanğın təhlükəsizliyinin təmin olunmasında  səhlənkarlıq da yanğının baş vermə versiyaları sırasındadır.

Artıq yanğın hadisəsi ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb və Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yəqin ki, yaxın zamanda başlanacaq məhkəmə prosesində bu yanğınla bağlı həqiqətləri biləcəyik.

Strateq.az