Hüquq müdafiəçisi: “Amnistiya aktı ilə tanınmış şəxslərin də azadlığa çıxması gözlənilir”

0
4

“Biz bu təşəbbüsləri müsbət qarşılayırıq. Amnistiya aktı qəbul olunacağı təqdirdə, xeyli adam azadlığa buraxılacaq, ailəsinə qovuşacaq”.
Bunu İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Novella Cəfəroğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyevanın 28 May – Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciətini “Report”a şərh edərkən deyib.
Hüquq müdafiəçisi bildirib ki, İşçi Qrup məhbusların azadlığa çıxması üçün fəallıq göstərir: “Çalışırıq ki, insanların azadlığa buraxılmaları asanlaşsın. Yəni, təklif etmişdik ki, həbs müddətinin bitməyinə 3-4 və ya 1 il qalan məhbuslar azadlığa buraxılsınlar, cəzaları yüngülləşdirilsin. Məsələn, digər təklif də ondan ibarət idi ki, 5-6 il həbs cəzası alanların da cəzası yüngülləşdirilsin. İşçi Qrupu həmişə belə təkliflərlə çıxış edir”.
N.Cəfəroğlu qeyd edib ki, bu amnistiya ilə bir sıra beynəlxalq təşkilatların “siyasi məhbus” kimi tanıdığı şəxslərin də azadlığa çıxması gözlənilir: “Mən İşçi Qrupunun siyahısında olanları nəzərdə tuturam. Hansının maddəsi uyğun gələcəksə, onlar azadlığa buraxılacaq. Bizdə siyasi məhbuslardan başqa minlərlə məhbusun ərizələri var. Bizə 740 ərizə göndərilib, onun da xeyli hissəsini təqdim etmişik. Düşünürəm ki, adlarını təqdim etdiklərimizin xeyli hissəsi azadlığa buraxılacaq”.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May – Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət edib. 10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq. M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.