İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək:63 illik hesablaşma

0
4

İran prezidenti Həsən Ruhani ABŞ-i 10 ittiham maddəsiylə beynəlxalq məhkəməyə verəcək.

Strateq.az xəbər verir ki, ölkə parlamentinin dünən qəbul etdiyi qanun bunu zəruri hala gətirib. Yəni Həsən Ruhani istəməsə belə, bu addımı atmalıdır.

Həsən Ruhaninin üzərinə qoyulan bu məsuliyyət yükü 1953-cü ildən bu günə qədər dövrü əhatə edəcək. Prezidentdən tələb olunur ki, 63 illik bu dövr ərzində İran xalqı və dövlətinə vurduğu maddi, mənəvi ziyanı ABŞ-a ödətdirmək üçün hüquqi yola baş vursun.

10 başlıq altında toplanan ittihamların ilki 1953-cü ilin 19 avqustunda demokratik seçkiylə hakimiyyətə gələn İran baş naziri Məhəmməd Müsaddiqin devrilməsində və bu zaman yaşanan can və mal itkisində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) roluyla bağlıdır. Ən ağır ittiham isə İran-İraq müharibəsizamanı yaşanan dağıntılardan və can itkisindən Səddam Hüseynə yardım edən ABŞ-ın məsuliyyətli tutulmasıdır. Qətnamə  mətnində bu müharibə zamanı 223 min iranlının öldürüldüyü, 600 mindən çox vətəndaşın isə əlil qaldığı irəli sürülür və ABŞ-dan zərərçəkənlər üçün təzminat ödəməsi tələb olunur.

Qanunda, həmçinin, Xarici İşlər Nazirliyinin hər altı aydan bir parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ilə Hüquq və Mühakimə Komissiyasına mövzuyla əlaqədar hesabat təqdim etməsinin zəruriliyi vurğulanır.

Parlamentin birdən-birə ABŞ-ın 63 il ərzində İrana vurduğu zərəri xatırlaması təsadüfi deyil, bir növ, Tehranı terrorizmə dəstək verməkdə ittiham edən Amerika məhkəmələrinə cavab xarakteri daşıyır.

Qeyd edək ki, ötən mart ayında Nyu-York Federal Məhkəməsi İranı 11 sentyabr 2001-ci il terror hadisəsinə dəstək verməkdə günahlandırmış və zərərçəkənlərin ailələrinə 10,5 milyard dollar təzminat ödəməyə məhkum etmişdi. ABŞ Ali Məhkəməsi isə bu məhkəmə hökmünə istinadən, İranın ABŞ-dakı təxminən 2 milyard dollar dəyərindəki mülkiyyətini müsadirə etmək qərarı vermişdi.

İran prezidenti Həsən Ruhani isə çıxışlarının birində bu hadisəni bərk qınamış, “İran xalqına aid olan pulun Amerikanın boğazından rahatlıqla keçməsinə icazə verməyəcəklərini” bildirmiş, lazım gələrsə, məsələylə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəklərini açıqlamışdı. Dünən parlamendə qəbul olunan qanunla Həsən Ruhaninin bu arzusunun qarşısındakı maneə ortadan qaldırıldı.