Fuad Qəhrəmanlı AXCP sədrinin istefasını tələb etməyə hazırlaşır!?

0
3

Fuad Qəhrəmanlı AXCP sədrinin istefasını tələb etməyə hazırlaşır!?
AXCP sədri gizli yığıncaqlara F.Qəhrəmanlının dəvət olunmaması göstərişini verib

Son prezident seçkilərində “Milli Şura”ya qatılıb fiaskoya uğradıqdan sonra AXCP-də ilk baxışda sakitlik hökm sürsə də, belə sükutun uzun sürməyəcəyi görünən idi. Seçki ərəfəsi AXCP sədrinin müavini Asəf Quliyevin istefa verib, partiyadan ayrılması hələ də təşkilat daxilində əsas müzakirə mövzusu kimi qalmaqdadır. Müzakirələrdə A.Quliyevə yaxın münasibətdə olanların da tezliklə AXCP-dən ayrılacağı ehtimalı xüsusi olaraq önə çəkilir.
AXCP-dan olan mənbəmizin verdiyi məlumata görə, A.Quliyevin sonuncu dəfə AXCP-yə qayıdışının məhz AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlının fəallığı nəticəsində baş tutduğundan Əli Kərimli ondan çəkinməyə başlayıb. Məhz həmin səbəbdən AXCP sədri gizli yığıncaqlara F.Qəhrəmanlının dəvət olunmaması göstərişini verib. AXCP sədri “Fuad da gec-tez gedəcək, lakin biz elə etməliyik ki, onun gedişi sensassion olmasın”, deyə, öz yaxın ətrafına müavinini nüfuzdan salmaq barədə məxfi göstəriş verib.
Uzun illər AXCP-yə sədaqətlə xidmət etmiş F.Qəhrəmanlının sakitcə qapını çırpıb gedəcəyini söyləmək ağılsızlıq olardı. AXCP sədrinin siyasi məsələlər üzrə müavininin kifayət qədər təcrübəli siyasətçi olduğunu nəzərə alsaq, onun bir sıra ciddi manevrlər edəcəyi şübhəsizdir.
F.Qəhrəmanlı artıq hərəkətə keçib. Onun AXCP-nin növbəti qurultayının təcilli keçirilməsi barədə təklifi AXCP sədri üçün gözlənilməz olub. Fuad bəyin vaxtaşırı bölgələrə səfər edib, partiyadaşlarıyla müzakirələr aparması, cəsarətli çıxışlar etməsi AXCP-də onun hörmətini artırıb. AXCP-nin qurultayında F.Qəhrəmanlının Ə.Kərimliyə ciddi rəqib olacağı artıq təşkilat üzvləri tərəfindən birmənalı qəbul edilib. AXCP üzvləri Ə.Kərimlinin siyasətçi kimi tükəndiyini etiraf etməyə başlayıblar. Onlar son 20 ildə AXCP-nin heç bir uğur qazanmadığını, yalnız Ə.Kərimlinin iqtidarla separat danışıqlar nəticəsində özünə və ən yaxın ətrafına bir neçə deputat mandatı əldə edə bildiyini xüsusi olaraq vurğulamaqdadırlar. Həmin deputat mandatı əldə edənlərin sonda AXCP-ni tərk etmələri də, AXCP sədrinə qarşı səsləndiriləcək iradlar sırasında olması inandırıcı görünür.
AXCP üzvləri Ə.Kərimlinin Cəmil Həsənlini önə çıxarmasını qəbul edə bilmirlər. Onlar C.Həsənlidən heç bir zaman prezident alınmayacağını bilə-bilə, Ə.Kərimlinin belə gülünc eksperimentə əl atmasını AXCP sədrinə bağışlamayacaqlarını bəyan etmək niyyətindədirlər.
Yaranmış şəraitin anbaan F.Qəhrəmanlının xeyrinə işləməsi şübhəsizdir. Belə davam edəcəksə, AXCP-də də “cücəni payızda saymalı” olacaqlar. Ə.Kərimli və F.Qəhrəmanlı “dueli”nin nəticəsinin AXCP sədrinin xeyrinə olmayacağını indidən söyləmək mümkündür.

Turan

LEAVE A REPLY