KrımlıCəmalə “Avroviziya-2016”-nın qalibi oldu

0
7

İsveçin paytaxtı Stokholmun “Qlobe” arenasında “Eurovision 2016” mahnı müsabiqəsinin final konserti başa çatıb.

Ukrayna təmsilçisi Cəmalə 1944-cü ildə Stalin repressiyaları zamanı Krım tatarlarının taleyindən danışan “1944” mahnısı ilə birinci yerin sahibi olub.

“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs veriblər. Daha sonra tamaşaçılara səs vermə imkanı verilib. Əvvəlcə hər bir ölkədən münsiflər heyətinin təqdim etdiyi on iki xalın sahibi açıqlanıb. Tamaşaçıların da səsvermə nəticələri əlavə olunduqdan sonra qalib müəyyənləşib.

Azərbaycandan 12 səs Rusiyaya verilib. İştirakçı ölkələrin və tamaşaçıların əksəriyyətinin ən yüksək hesab olunan səsləri Ukrayna təmsilçisi Camalaya verməsi təbii qarşılanıb. Çünki müsabiqənin ilk günlərindən çoxları məhz onu favorit hesab edirdi.

Beləliklə, ümumi səsvermənin yekununda Ukrayna təmsilçisi 534 səs toplayaraq müsabiqənin birincisi olub. 511 səslə Avstraliya ikinci, Rusiya isə 490 səslə üçüncü yerləri tutublar. Azərbaycan təmsilçisi 117 səslə on yeddinci yerdə qərarlaşıb.

Müsabiqənin ənənəsinə uyğun olaraq, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ifasını təkrarlayıb. Ona yarışmanın rəmzi olan “Billur mikrofon” təqdim edilib.

Qalib ölkənin təmsilçisi “Qlobe” arenanın Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandırıb. Qalib müğənni “Eurovision 2016” mahnı müsabiqəsinin təşkilatçılarına təşəkkürünü bildirib, dünyaya sülh və sevgi arzu edib(azərtac).