“Ailəmi MTN binasına gətirib…”

0
6
Naxçıvan şəhərində anadan olmuş, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlu Moderator.az -a müraciət edərək Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun onun başına gətirdiyi haqsızlıqlardan və özünə qarşı edilən işgəncələrdən bəhs edib.
Vətəndaşın müraciətini olduğu kimi diqqətinizə çatdırırıq:
“Hörmətli redaksiya. Mən Ağasiyev Nizami 01 oktyabr 1999-cu ildə gizir qismində Azərbaycan Respublikası Silahlı qüvvələrində kəşfiyyatçı kimi həqiqi hərbi xidmətə başlamışam. Ağdam, Tər-tər və bir sıra cəbhə bölgələrində döyüşlərdə iştirak etmişəm. 20-dən çox döyüş tapşırığı yerinə yetirmişəm. Döyüş tapşırıqları zamanı erməni əsir götürmüş və hərbçi yoldaşlarımı mühasirədən çıxarmışam.
02 sentyabr 2015-ci il tarixədək həqiqi hərbi xidmət keçmişəm. Hazırda heç bir yerdə işləmirəm.
Xidmət etdiyim dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik, 90 illik, 95 illik yubiley medalları, qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla, Fəxri fərmanlarla və pul mükafatları ilə təltif olunmuşam. Lakin 2015-ci ilin sentyabr ayında Naxçıvan MR MTN-in rəhbərliyi tərəfindən mənə qarşı edilən haqsızlıq və qanunsuzluq barədə sizə məlumat verərək xahiş edirəm ki, bunu saytınızda işıqlandırasınız.
Belə ki, 2015-ci ilin sentyabr ayında yaşadığım evin qarşısında bir neçə nəfər şəxs arxadan, boyun nahiyəmdən yapışaraq sıxmağa başladı. Məni boğan şəxs bildirdi ki, “mən Naxçıvan MTN-in əməkdaşıyam. Səni MTN-ə aparmağa gəlmişik”. Mən müqavimət göstərmədim, onların dedikləri ilə razılaşdım. Buna baxmayaraq MTN əməkdaşları məni döyüb, təhqir edib, qollarımı qandalla bağlayıb, başıma qara torba keçirib maşının arxa hissəsinə oturtdular. Həmin şəxslər başımdan qara torbanı çıxaranda bildim ki, məni Naxçıvan MR MTN-nin binasına gətiriblər. Onlar Naxçıvan MR keçmiş MT naziri Vəli Ələsgərovun adamları idi. Sonra stola boş vərəq və qələm qoyub məni döyməyə başladılar və dedilər ki, guya mən İŞID terrorçu təşkilatına məlumatlar ötürürəm və vəhhabilərlə tanışlığın var. Mən isə onlara bildirdim ki, öldürsəniz də belə izahat yazmağacağam. Çunki deyilənlərin hamısı yalandır, mənim terror təşkilatı ilə heç bir əlaqəm yoxdur. Həmin şəxslər yenə məni döydülər və dedilər ki, onların dediyini yazıb imza atmasam, ailəmi gətirib alçaldacaqlar. Mən həmin şəxslərin ailəmi MTN binasına gətirəcəklərindən qorxaraq, onlara heç bir söz deməyib susmağa başladım.
Məni sabiq nazir Vəli Ələsgərovun tapşırığı və göstərişi ilə iki gün MTN-in təcridxanasında saxladılar. Təcridxanada qaldığım müddətdə başıma qara torba keçirirdilər, qollarımı isə qandalla bağlayırdılar, tanımadığım bir şəxs mənə işgəncələr verərək döyürdü və qeyri-insani hərəkətlər edərək, ləyaqətimi alçaldırdı. Sabiq nazir Vəli Ələsgərovun göstərişi ilə başıma torba keçirib qolumu bağlamışdılar ki, onun üzünü görməyim. Orada olduğum müddətdə V.Ələsgərov mənə və ailəmə hədə-qorxu gələrək, işgəncələr verir və şərəf və ləyaqətimi alçaldaraq məni şəxsən təhqir edirdi.
Qanunsuz olaraq təcridxanada saxlandığım müddətdə hüquqlarımı qorumaq üçün müdafiəçi tələb edirdim. Lakin məni müdafiəçi ilə təmin etmədilər. Üstəlik, saxlandığım barədə xidmət etdiyim hərbi hissəyə, ailə üzvlərimə və yaxınlarıma heç bir məlumat verilmədi. Bu səbəbdən iş yerimdəki komandirlər, ailə üzvlərim mənim haqqımda məlumat almadıqları üçün axtarışa vermişdilər.
Saxlandığım müddətdə mənim tutulmam barədə protokol yazılmamış, prokurorluq bu barədə məlumatlandırılmamış, sənədləşmələr aparılmamışdı. Həmin vaxt Vəli Ələsgərov tərəfindən istifadədə olan mobil nömrəm dinlənilmiş, mobil telefonumda gedən danışıqlar gizli qaydada ələ keçirilmişdir. Çünki V.Ələsgərov təcridxanada, həmçinin məni döyərkən mobil telefonla danışıqlarımdan sitatlar gətirirdi, dediyi sözləri həqiqətən telefonda cümlə-cümlə danışmışdım.
Bildiyimə görə, təhqiqat sirri olmasına baxmayaraq, mən MTN təcridxanasından buraxıldıqdan sonra Vəli Ələsgərov bu sirri yayaraq mənim barəmdə iş yerimə və ailə üzvlərimə şərəf və ləyaqətimi alçaldan, nüfuzdan salan yalan məlumatlar vermişdi. Həmin vaxt mən dəfələrlə Vəli Ələsgərovdan tələb etdim ki, mənim barəmdə qanuni sənədləşmə aparılsın, vəkillə təmin olunmam üçün tədbir görülsün, barəmdə olan təhqiqat materialları aidiyyatı üzrə göndərilsin. Ancaq buna baxmayaraq V.Ələsgərov yenidən şərəf və ləyaqətimi alçaldaraq, məni qorxudaraq, hər hansı bir cinayət əməlini etmədiyim halda, “həmin əməli etdiyimi” etiraf etməyə məcbur etməklə, məni fiziki işgəncələrə, təzyiqlərə məruz qoydu. Butun bunların nəticəsizndə fiziki travmalar aldım, mənəvi sarsıntı keçirdim, ailəm dağıldı. Vəli Ələsgərov xidmət yerimə və ailəmə mənim güya “İŞID üzvü və vəhhabi olmağım barədə” yalan və uydurma məlumatlar verərək, xidmətdən uzaqlaşdırılmağıma bais oldu.
Vəli Ələsgərov mənim kimi vətənə sədaqətli şəxslərə və başqa hərbi qulluqçulara şər və böhtan atmaqla onları işdən və cəmiyyətdən təcrid etmişdir. Mən hər zaman vətəni qorumağa hazıram. Lakin Vəli kimi adam mənim xidmətimə son verilməsinə səbəb oldu. Zaman da göstərdi ki, Vəli Ələsgərov özü xəyanət içərisindədir. Onun uydurmaları nəticəsində həyatım alt-üst olub, uşaqlarım himayəsiz qalıb.
Sonda bildirmək istəyirəm ki, mənim üzləşdiyim haqsızlıq 15 il Naxçıvan MR milli təhlükəsizlik naziri vəzifəsində işləmiş Vəli Ələsgərovun yüzlərlə qanunsuz əməllərindən biridir”.