Fəsillərin çayxana problemi…

0
8

Çayxanaların işinə əngəl yaradan kimlərdir?

Yazın oglan çağıdır… Qarşıda qızmar yay gözlənilir. Yay deyəndə isə, əksəriyyəti harada və necə istirahət etmək düşündürür. Kimisi xarici ölkələrdə, kimisi rayonlarımızda yorğunluğunu çıxarmağı planlaşdırır. Bakıdan kənara çıxa bilməyənlərimizin sayı isə kifayət qədərdir. Bizlər Bakımızın qızmar günəşi, isti küləyi ilə baş-başa qalmaq zorundayıq. İstirahət anlarımız ən yaxşı halda agaclar altında kölgələnib çay içmək olacaq. Məşhur “Yalla”vokal ansamblının ifa etdiyi bir mahnıda deyildiyi kimi; Şərqdə çayxanasız necə yaşamaq olar?

Ancaq, deyəsən, bizləri çayxanasız yaşatmaq istəyənlər də tapılıb… Açıqcası, əksəriyyətimiz parklarda, xüsusilə göz oxşayan “Milli park”ımızda çay içməyi yalnız xəyallarımızda canlandıra bilərik. Səbəbi..? Bunu bilmək üçün bircə dəfə özünüzdə cəsarət tapıb, oralardakı kafe-çayxanalarda çay içməyə cəhd göstərin. “Bülbül”ün yanında “fil” almaq təklifini-çayın yanında dəm-dəsgaha xərc çəkməli oldugunuzu eşidəcəksiniz. Ən yaxşı halda bir çaynik çay sizə 7 manata başa gələcək. 50 qramlıq mürəbbə ilə təklif edilən çayın qiyməti budur. İstəyirsən yalvar-yaxar ki, ay adam, mən şəkərli diabet xəstəsiyəm, şirin nə isə qəbul edə bilmərəm… Faydası olmaz, onlar sənin qurumuş dodaqlarına da rəhm etməzlər. Birdən yanınızda qonaq olar və qonaqpərvərliyimizi nümayiş etdirmək, çay süfrəmizdən zövq almasını təmin etmək üçün səxavətlənib, nəbadə çərəz şifariş verəsiniz… Cəmi 2-3 manata başa gəlmiş çərəz, sizə elə ustalıqla 25-30 manata sırınacaq ki, üstəlik təzyiqiniz də qalxacaq. Nə isə… Aydın oldu… Milli adlanan parkımız bizlərin yalnız, gəzib-dolanması, dil-dodağı qurumuş halda özümüzü evə çatdırıb, çay içə-içə nələt ….. deməsi üçündür.

Əlbəttə,artıq buna adət etmək zorundayıq. Necə deyərlər “yorğana görə ayaq uzatmalıyıq”. Nə yazıq ki, “ayağımızı uzada biləcək yorğanlar da üstümüzdən çəkilib” artıq. Reallıq belədir, çayxanalar da inhisara alınır. Artıq imkansızların ağac altında əyləşib, bir manatlıq çay içə biləcəyi yol kənarı çayxanaların fəaliyyətinə imkan verilmir. İmkan tapıb, “başçı”ların parklarda yaratdıqları çayxanalara üz tutub, xeyri onlara verməlisən.Yol kənarı yaşıllıqları kəsib-doğramaq, yerində obyektlər salmaq olar, ancaq ağacların kölqəsində sakitcə əyləşib, cibinə uyğun gələn çayı içə bilməzsən. Belə isti havada, axı, kim qapalı məkanlarda çay içər ki..? Bu məkanların sahibləri də zor durumdadır. Yaz-yay ayları onlar üçün arzuolunmaz zamana çevrilib. Adları sahibkar olsa da, demək olar ki, bu mövsümdə sahibsiz görünürlər. Nəzərə alsaq ki, təkcə paytaxtda 5-10 min belə fəaliyyət göstərən çayxana, kafelər var, onda vəziyyətin nə qədər düşündürücü olduğu göz qabağındadır.

Bu məhdudiyyətlər ən azı 20 min insanı fəaliyyətsiz, təxminən 100 min insanı isə çörəksiz qoyur. Biz isə, hələlik hər gün eyni səhnəyə tamaşa etməli oluruq. Səhər stol-stulu ağac kölqəsinə düzmüş sahibkarın üzərinə ley kimi şığıyanların qəddar görkəmi, tamaşanın tragikomediya kimi yekunlaşmasına səbəb olur.

Nicat Sadiq

P.S. Bütün İcra Hakimiyyəti başçılarının oxuması məsləhət bilinir…