Son vaxtlar Bakıda fəaliyyət göstərən bəzi apteklərdə dərmanların Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən baha satılması ilə bağlı ölkə mediasında ciddi ittihamlar yer almaqdadır.
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qiyməti Tarif Şurası tərəfindən müəyyənləşən dərmanların bütün apteklətdə eyni qiymətə satılması gərəkdiyini vurğulayıb. A.Əliyev bu ilin I yarısına qədər digər dərman növlərinin qiymətinin də Tarif Şurası tərəfindən müəyyənləşdiriləcəyini bildirib:
“Bildiyiniz kimi, dərman qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Artıq dərmanların böyük bir qisminin tənzimlənən qiymətlərlə satışı həyata keçirilir. 7075-ə qədər dərman vasitəsinin qiyməti artıq tənziblənib. Bunlardan 5741-nin qiymətləri qüvvəyə minmiş və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir. 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyulun 1-dən qüvvəyə minəcək. Bütövlükdə bu gün dərman satışı bazarında 11 minə yaxın dərman vasitəsi mövcuddur. Dərman bazarındakı dərman vasitələrinin tamamının tənzimlənməsi prosesi bu ilin I yarısının sonuna qədər başa çatdırılacaq. Ancaq tənzimlənən qiymətlər üzrə eyni bir dərman bütün apteklərdə eyni qiymətə satılmalıdır. Yəni Tarif Şurasının qərarı bütün apteklərə aiddir. Qiymətləri tənzimlənən dərmanların siyahısı ilə həm Tarif Şurasının, həm İqtisadi İnkişaf Nazirliyinin saytında tanış olmaq olar. Bu dərmanlaırn siyahısını KİV-lərdə də dərc etdirmişik. Bu siyahıları mobil telefonlara, planşetlərə köçürmək mümkündür ki, dərman alan şəxs aptekə gedən dərmanın hansı qiymətə olduğunu bilsin. Yəni bununla bağlı ictimai nəzarət mexanizmi yaradılıb”.