Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşı sərt şəkildə cəzalandırıb.
Azinforum.az xəbər verir ki, Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar.
Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşları qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb. Bundan sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sabir Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilib. Bundan əlavə, həmin şöbənin daha 5 əməkdaşı da “töhmət”, “şiddətli töşmət” cəzaları verilməklə işdən çıxarılıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Qaradağ rayon DYPŞ-dən 8 nəfərin işdən çıxarıldığını, onlardan 3 nəfərin daxili işlər orqanlarından kənarlaşdırıldığını təsdiq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polkovnik Ehsan Zahidov isə məsələ ilə bağlı araşdırma aparıb məlumat verəcəyini bildirib.
Ümumilikdə bir DYPŞ-dən 8 nəfərin eyni vaxtda sərt şəkildə cəzalandırılması heç də kiçik məsələ deyil. Görünür, uzun illərdir Qaradağ rayon DYPŞ ilə bağlı mətbuatda da yayılan məlumatlar nəhayət, öz təsdiqini tapdı.
Qeyd edək ki, daxili işlər orqanlarından qovulan DYPŞ rəisi Sabir Hümbətov Səbail rayon Polisi İdarəsinin rəis müavini, polkovnik Füzuli Hümbətovun qardaşıdır.
Onu da bildirək ki, işdən qovulanlar arasında vaxtilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandiri olmuş polkovnik Qafar Abbasovun oğlu da var. Maraqlıdır ki, digərləri bu cəzanı qəbul etsələr də, Qafar Abbasov oğlunun işdən qovulmasını həzm edə bilməyib və bəzi dairələrlə əlaqəyə girməklə oğlunun başqa işə keçirilməsinə çalışıb.