Dağlıq Qarabağdan olan erməni müraciət etdi:“Qarabağın ermənilərə heç bir dəxli yoxdur”

0
4

Odnoklassniki” sosial şəbəkəsində əslən Qarabağdan olan erməni Artur Ağacanovun Qarabağ ətrafında vəziyyət, Azərbaycanda Alban kilsəsinin bərpasına dair müraciəti yayılıb.

“İnterfax-Azərbaycan” agentliyi A.Ağacanovla əlaqə saxlayıb və məlum olub ki, Bakı ermənisi, hazırda Ukraynada yaşayan Ağacanov artıq uzun illərdir erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmağa çalışır. Əksər Qarabağ xristianları kimi, A.Ağacanov da özünü zorla «erməniləşdirilmiş» şəxslərdən sayır. Çünki etnik baxımdan onun qaykan (hay) xalqına heç bir aidiyyatı yoxdur.

O, Alban kilsəsinin xalqlarının zəngin irsini mənimsəmiş, qaykan xalqının Qarabağa gəlmə olduğunu sübuta yetirəcək hər şeyi məhv etmiş Eçmiadzin kilsəsinin və erməni millətçilərinin ifşası üçün əlindən gələni etməyə hazırdır. A.Ağacanov Qarabağı açıq şəkildə Azərbaycan torpağı adlandırır, erməni separatçılarını ifşa edir və əmindir ki, Qarabağın gələcəyi yalnız Azərbaycanın tərkibindədir.

A.Ağacanov onun kimi düşünən Qarabağ ermənilərini öz ətrafında birləşdirməyə hazırdır və onları bəyanatına dəstək verməyə çağırır.

 

Onun sosial şəbəkələrdəki səhifəsində yaydığı müraciəti təqdim edirik.

 

Qarabağ ermənilərinin beynəlxalq ictimaiyyətə müraciəti

Qarabağ torpağı əsrlər boyu müxtəlif müharibələrə, toqquşmalara səhnə olub. Bu proseslər nəticəsində onun qədim Qafqaz Albaniyasının bir hissəsi olan mədəniyyəti, məbədləri, memarlıq abidələri və xalqların irsi ziyan görür. Bu qədim dövlətin öz xüsusi mədəniyyəti, tarixi və memarlığı olub. Onlardan biri də xristian dünyasının ən qədim kilsəsi sayılan Avtokefal Alban Kilsəsi idi. Lakin artıq bütün bu qədim irs ya məhv edilib, ya da erməni mədəniyyəti və tarixi kimi təqdim olunmaqdadır.

Məsələ ondadır ki, insanlar tam qədimdən etnik deyil, dini mənsubiyyətinə görə bölünüblər. 19 əsrədək insanları məhz dini və konfessional mənsubiyyətinə görə yəhudi, xristian, müsəlman, buddist, atəşpərəst, erməni və s. adlandırırdılar. Müxtəlif xalqların bu və ya digər dinə inanan nümayəndələri bu adlar altında birləşirdilər. Sonradan müxtəlif xalqlar arasında fərqlər aradan qalxdı və onlar özlərinə verdikləri ad altında birləşməyə başladılar. Beləliklə, «ermənilər» anlayışı dini termindən «erməni» etnik termininə çevrildi və qıpçaqlar, tatlar, kürdlər, udinlər və monofizit xristianlığa etiqad edən digər Qafqaz xalqları da «erməni» kimi təqdim olunmağa başladı.

Faciə ondadır ki, «erməni» adlandırılan hər kəs Eçmiadzin kilsəsinə aid edilməyə başlayıb. Halbuki, əvvəllər ora qaykan (hay) xalqının dini mərkəzi olub. Nəticədə bütün erməniləri zorla haya çevirib, onları öz etnik mənsubiyyətlərindən, mədəniyyət və tarixlərindən məhrum ediblər.

 

Artıq iki əsrdir ki, Türkiyədən, İrandan, Yaxın Şərq ölkələrindən olan erməni köçkünlər (hay və ya qaykan xalqının nümayəndələri) Qarabağın qədim torpaqlarını mənimsəyir. Bu iki əsrdə həmin köçkünlər Eçmiadzin kilsəsinin dəstəyilə qədim Avtokefal Alban Kilsəsini ləğv etməyə də nail olublar. Qandzasar və Amaras kilsələrinin, Alban kilsəsinin Qarabağda və bütünlükdə Cənubi Qafqazdakı digər patriarx taxt-taclarının ləğvi nəticəsində çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiadzin erməni kiləsinin əlinə keçib. Bu xalqların bir hissəsi erməni qriqoryanlığına etiqad etsələr də, onların erməni-hay xalqına və Eçmiadzinə heç bir aidiyyatı olmayıb. Lakin bu xalqların etnik mənşəyi zorla dəyişdirilib və onlar erməniləşdiribilər.

Qarabağ xristianları bioloji baxımdan Qafqaz Albaniyasının Azərbaycan və digər xalqlarına yaxındırlar. Lakin müxtəlif siyasi mərkəzlərin və ölkələrin susqun razılığı və himayəsi fonunda iki əsr ərzində müxtəlif xalqların, ölkələrin və mədəniyyətlərin erməni irsi təhrif olunaraq erməni-hay xalqının və Eçmiadzin erməni kilsəsinin adına yazılıb. Bu biabırçı ədalətsizlik bir çox qanlı milli münaqişələrə yol açıb və onlardan ən amansızı, qanlısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Biz başa düşürük ki, Qarabağın tarixi və taleyilə bağlı erməni millətçi konsepsiyasına zidd istənilən fikir və ya çıxış həyat üçün təhlükəlidir. Son 25-30 ildə erməni millətçiliyinin postulatlarının əleyhinə çıxış edən saysız-hesabsız erməni siyasətçisi, ictimai xadimi və fəalı öldürülüb, yaxud terrora məruz qalıb. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, qədim Qafqaz Albaniyası tarixinin, onun xristian mədəniyyətinin bir parçası olduğunu söyləyən istənilən şəxs həyatı üçün birbaşa təhlükə ilə qarşı-qarşıya qalıb.

Lakin biz hesab edirik ki, həqiqəti söyləməkdən, onun uğrunda mübarizə aparmaqdan qorxmaq lazım deyil. Hesab edirik ki, Qarabağ problemi həll olunmalıdır, əks təqdirdə o, bizdən övladlarımıza qalacaq və artıq onların qanı axıdılmağa başlayacaq. İnsanlar erməni millətçiləri tərəfindən qondarılmış, həyata keçirilən saxta tarix uğrunda ölüblər və ölürlər. Xalqlarımızın üzərinə çökmüş bütün şər məhz bu tarixi konsepsiyadan gəlir. Odur ki, saxta tarixi ifşa etmək, qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Bizi – Qarabağ ermənilərini Ermənistanda qaykanlarla etnik fərqimizə görə hər zaman «ikinci dərəcəli» insan sayıblar və saymaqda davam edirlər. Orada bizi hər zaman nifrətlə «şurtvas» («dönmə») adlandırıblar. Bu, bir daha göstərir ki, qaykanların özləri də bizi ayrı, etnik, dini və tarixi baxımdan fərqli xalq sayırlar.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları – BMT, YUNESKO və digərlərini erməni inancına malik olmuş müxtəlif xalqların qədim irsinin dərindən öyrənilməsi və qorunub saxlanılması üçün lazımi tədbirlər görməyə çağırırıq. Biz erməni inanclı xalqların irsinin öyrənilməsi, qorunması və təbliği işinə, xristian dünyasının ən qədim kilsələrindən olmuş Avtokefal Alban Kilsəsinin bərpasına hərtərəfli töhfə verməyə hazırıq. Biz Azərbaycanda Alban kilsəsinin dirçəlməsi, məbədlərdə ibadətin bərpası haqda məlumatı sevinclə qarşıladıq. Bu, bizim üçün böyük impuls, Alban dini irsi ətrafında birləşməyimiz üçün əla imkandır. Bu məqsədlə yaxın zamanlarda təşkilat da yaradacağıq və Qarabağın tarixinə, taleyinə biganə olmayan hər kəs bu təşkilata qoşula biləcək.

 

Hər kəsi bu müraciətin yayılmasına yardım etməyə çağırıram!

Artur AĞACANOV