Bu şəkil 1989-cu ilin iyul ayının 31-də Culfa şəhərində çəkilib. Sovet imperyasını ciddi narahat etmiş qəhrəman Culfa dəmiryolçularının tətillərinin qızğın çağı idi. Tələblərimizdən bir addım belə geri çəkilmirdik. SSRİ və Azərbaycan rəhbərliyinin basqısı isə davam edirdi. Xallı Qorbaçov bizə ultimatum göndərib,tətili dayandırmağımız üçün 48 saat vaxt vermişdi.
Şəkildə Etibar Məmmədov və bu gün Milli Məclisdə əyləşmiş iki sabiq cəbhəçi olsa da ,mən görünmürəm. Çünki şəkil çəkilən zaman rus canişini, o zaman Azərbaycan KP.MK-nın ikinci katibi postunu tutan Viktor Polyaniçko və digər rəsmi şəxslərlə tətilin tələblərini müzakirə edirdim.Tələblərimizin önündə Cənubi Azərbaycanla aramıza sədd çəkmiş tikanlı məftillərin götürülməsi, o tay Azərbaycanımıza sadələşdirilmiş gediş -gəlişin təşkil edilməsi dayanırdı. Təsadüfi deyil ki, bu şəkil məhz Culfanı o tayla birləşdirən Təbriz küçəsində çəkilmidi. Bir az əvvəl isə bu küçə Kirovun adını daşımışdı.
Tələbimiz əsasında 1988-ci ilin noyabr ayında Culfa raykomunun yerləşdiyi bu küçənin adının Təbriz adlandırılmasına nail olub, and içmişdik ki, tezliklə bu küçə ilə Təbrizə yol açacağıq. Sizlər qəhrəmanlıq səlnaməsi yazdınız mənim Sevimli, Qəhrəman, Culfalılarım!!!
Bu şəkildə gördüyünüz bir çox mübarizə yoldaşım artıq dünyalarını dəyişdiklərindən onlara Allahdan rəhmət diləyirəm. Qeyd etmək istəyirəm ki, Culfa dəmiryolçuları SSRİ imperiyasında tətil hərəkatının əsasını qoymuşdular. Məhz həmin tətil hərəkatının nəticəsində o tay Azərbaycanımıza yol aça bildik. Sizinlə daima qürur duymuşam, Qəhrəman Culfalılar!!!
Ramiz Tağıyev