Türkmənistandan gətirilən meyitin kimə məxsus olması bəlli deyil

0
4

Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinə aid olması ehtimal edilən meyitdən götürülən analizlərin nəticələri açıqlanıb. Lent.az-ın əldə etdiyi məlumata görə, analizlərin nəticəsi itkin düşmüş neftçilərdən hər hansı birinin ailə üzvlərindən götürülmüş analizə uyğun gəlməyib. Bu səbəbdən də meyitin kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bildirilir ki, itkin düşmüş neftçilərin ailə üzvlərindən yenidən analizlər götürüləcək və növbəti dəfə yoxlama aparılacaq.

Lent.az-ın əldə etdiyi məlumata görə, Türkmənistan sahilində tapılmış meyitin kimə məxsus olmasını vizual olaraq müəyyənləşdirmək mümkün deyil. Bakıya gətirilən insan qalıqları arasında vəfat etmiş şəxsin ancaq baş və döş qəfəsi nahiyələri var.