Tehran prokurorluğunun nümayəndəsi Qazi Şəhriyari bu gün bəyan edib ki, İranda Tu-154M təyyarəsinin qəzasının səbəblərinin araşdırılması üzrə komissiyanın gəldiyi nəticələr göstərir ki. qəzada təyyarəni layihələndirmiş Rusiya şirkəti və hava gəmisinin ekipajı günahkardır.
“Caspian Airlines” aviaşirkətinə məxsus Tu-154M təyyarəsi 2009-cu ilin iyul ayının 16-da Qəzvin şəhərinin yaxınlığında, Tehrandan 200 kilometr məsafədə qəzaya uğrayıb. Tehran-Yerevan reysini həyata keçirən təyyarənin göyərtəsində 168 nəfər, o cümlədən 15 ekipaj üzvü olub.
İRİNN televiziyasına verdiyi müsahibədə Qazi Şəhriyarı deyib ki, təyyarənin uçuşu zamanı təzyiq kompressorunun klapanında nasazlıq yaranıb və bu qəzaya gətirib çıxarıb. “Son nəticədə, günah layihələndirici şirkətin və reysə xidmət edən heyət üzvlərinin üzərinə düşür”, – prokurorluq rəsmisi belə deyib.