Azərbaycana hansı daha çox dəstək verəcək: Donald Tramp, yoxsa Hillari Klinton?

0
4

ABŞ-da respublikaçılar və demokratlar arasında yarış başa çatmaq üzrədir. Böyük ehtimalla Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp, Demokratlar Partiyasından isə Hillari Klinton olacaq. 

Bugünlərdə Azərbaycanda ən çox müzakirə olunan suallardan biri budur: Azərbaycan üçün hansının prezident seçilməsi məqbuldur: Donald Tramp, yoxsa Hillari Klinton?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Donald Tramp ekstravaqant namizəddir:

“Onun Respublikaçılar Partiyasından prezidentliyə namizəd olması belə dünya üçün böyük sürprizdir. Çünki, adətən ABŞ-da prezidentliyə real namizədlər ya konqresmenlər, ya da qubernatorlar olur. Donald Tramp isə hər ikisindən deyil, ümumiyyətlə aktiv siyasətlə qısa müddətdir məşğuldur. Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar tikəcəyini, miqranları ölkəyə buraxmayacağını, Rusiya prezidentli Vladimir Putinlə dostlaşacağını deyib, ayrıca onun “müslümanların ABŞ-a girişi qadağan olunmalıdır” fikir böyük qalmaqala səbəb oldu. Bütün bunlar dünyada mənfi reaksiya doğurduğu kimi Azərbaycanda da narahatlıqla qarşılanır”.

Donald Trampdan fərqli olaraq Hillari Klintonun tanınmış siyasətçi olduğunu bildiriən E.Şahinoğlunun sözlərinə görə, o, Nyu-York ştatının konqresmeni olub, dövlət katibi vəzifəsində çalışıb:

“Yəni Trampdan fərqli olaraq, xarici siyasəti də bilir. Hillari Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir.

Azərbaycan hakimiyyəti və cəmiyyəti Hillari Klintonun prezidentliyinə müsbət baxır. Birincisi, Hillari Klinton birinci ledi, yəni Bill Klintonun həyat yoldaşı olduğu dönəmdən Cənubi Qafqaz haqqında təsəvvürü var. İkincisi, Hillari Klinton dövlət katibi olduğu vaxt Azərbaycanda səfərdə olub və iki ölkə arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişafı haqqında aydın təsəvvürü var. Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyini Hillari Klinton anlayır.”

Elxan Şahinoğlu bildirir ki, bütün bu faktorlara görə Hillari Klinton prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığının davam edəcəyinə inam var:

“Ancaq bu o demək deyil ki, Donald Tramp prezident seçilərsə ABŞ-Azərbaycan münasibətlərindəki 24 illk konstruksiya dağılacaq. Donald Trampdan baqşa ABŞ-ı Konqresin qanunları, Dövlət Departamentinın və Pentaqonun təlimatları da idarə edir. Bundan başqa ABŞ-milli və təhlükəsizlik maraqları var ki, prezident Tramp bu amilləri də kənara qoya bilməyəcək. Məsələn, Tramp nə qədər “Putinlə münasibətləri düzəldəcəm” desə də, Ağ Evin yeni sahibi Krımın işğalını arxa plana atıb Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Əks halda bu ABŞ-ın dünyadakı nüfuzunun itirilməsinə gətirib çıxaracaq. Çünki, Krımın işğalına və Donbass separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vacib olduğuna Avropa Birliyini məhz Vaşinqton inandırmışdı. İndi əgər Tramp hər şeyi unudaraq Putinə onun əməllərini bağışlasa ABŞ ənənəvi müttəfiqi Avropa Birliyinin inamını da itirəcək. Və ya Cənubi Qafqaz bölgəsini götürək. ABŞ üçün strateji tərəfdaş olaraq müstəqil siyasət yürüdən və enerji resurslarını Avropa bazarına istiqamətləndirən Azərbaycan vacibdir, yoxsa Rusiyanın hərbi-suyasi forpostu Ermənistan?

Məsələn Donald Tramp daha sonra “Nyu York Times” qəzetinin redaksiya heyəti ilə qeyri-rəsmi görüşdə deyib ki, onun seçkiqabağı radikal fikirlərini ciddiyə almasınlar. Həqiqətən Tramp prezident seçilərsə miqrasiya və vergilər siyasətində vəd etdiyi “inqilabları” həyata keçirə bilməyəcək. ABŞ-ın nüfuzlu “The Street” dərgisi hesablayıb ki, əgər Trampın miqrasiya syasətində vəd etdiyi islahatlar yerinə yetirilsə bu ABŞ büdcəsinə 400-600 milyard dollara başa gələcək. Trampın vergi siyasətinin həyata keçirilməsi isə 10 il ərzində ölkənin 10 trilyon dollar gəlirdən məhrum edə bilər. Bundan başqa Konqresin dəstəyi olmadan Tramp heç bir islahat təşəbbüsünü həyata keçirə bilməyəcək. Konqresə respublikaçılar üstünlüyü təşkil etsələr belə konqresmenlərin böyük əksəriyyətinin Trampın eksqaravant islahatlarına dəstək verəcəkləri böyüş şübhə doğurur”.

Müsahib deyir ki, buna baxmayaraq, Trampın ABŞ-ın xarici siyasəti ilə bağlı açıqlamalarında bəzi həqiqətlər də var:

“Məsələn, Tramp deyib ki, ABŞ alman fazişmi və yapon militarizmi üzərində qələbə çaldı, yeni Avropa qurdu, daha sonra soyuq müharibədə qələbə çalaraq kommunizmin axırına çıxdı, ancaq sonrakı dövr səhvərlə yadda qaldı. Tramp bu səhvlərin içərisində ABŞ-ın İraqa hərbi müdaxiləsini, Misir və Liviyanın daxili işlərinə qarışmasını və Barak Obamanın Suriya ilə bağlı “qırmızı cizgisini” xatırladır. Trampın bu dediklərinin hamısı doğrudur. İraqa hərbi müdaxilə bu ölkənin parçalanmasını və İŞİD-in yaranmasını, Misirə müdaxilə “Müsəlman qardaşların” hakimiyyətə gəlişini, Liviyaya müdaxilə isə İraqda olduğu kimi ölkənin parçalanmasına və terror yuvasına çevrilməsinə gətirib çıxartdı. Barak Obamanın Suriya ilə bağlı “qırmızı cizgisi” isə vəd olaraq qaldı.

Ona görə də Azərbaycan Donald Trampın də prezident seçilməsindən narahat olmamalıdır. Azərbaycan Cənubi Qafqazda böyük dövlətlərin maraqlarının kəsişməsini deyil, əməkdaşlıq qurmasını istəyir. Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir. Üstəgəl Azərbaycan hakimiyyəti ABŞ-ın ölkələrin daxili işlərinə qarışmasını da istəmir. Rəsmi Bakının Ağ Evin yeni sahibindən əsas istəyi Azərbaycanın ərazi bütövlüyü siyasətini, o cümlədən, təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı davam etdirməkdir. Buna Hillari Klinton da sadiq qalacaq, Donald Tramp da”.