“Rus zabiti dedi ki, Azərbaycana qaçqınlar arasında ermənilər də göndərilir” -Dəhşətli faktlar

0
7
Moderator.az Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş müfəttişi baş-leytenant, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova ilə müsahibəni təqdim edir.
 
-1988-ci ildə Dağlıq Qarabağda nələr baş verirdi?
-Ermənilər 1988- ci ildən başlayaraq KRUNQ – Dağlıq Qarabağ İnqilab Komitəsi (ermənicə hərfi mənası durna deməkdir) Təşkilatının rəhbərliyi ilə xaricdən gələn muzdluların və ASALA terror qruplarına mənsub saqqallıların vasitəsi ilə Dağlıq Qarabağın dinc əhalisinə qarşı demək olar ki, gunaşırı terror aktları həyata keçirirdilər. Ağdam-Şuşa yolunda dəfələrlə avtobuslara basqınlar edib qətllər törədirdilər.
Neçə-neçə insanımızı yaralayaraq ciddi xəsarətlər yetirmişdilər. Ağdam – Əsgəran körpüsünü partladır, Xankəndində inzibati binanı gülləbaran etmişdilər. Erməni terror qrupları hər an, hər yerdə insanlarımızı pusquya salıb vahimə yaradırdılar. Tərtər- Kəlbəcər yolunda dəfələrlə qətllər törədilmiş, avtobuslardakı sərnişinlər ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilmişdi. Tərtər-Kəlbəcər yolunda erməni yaraqlıları qəfləti basqın edərək yolda sərnişinlərə hücum etmişdilər. Sərnişinlər içərisində Zərdab rayon polis mayoru, əslən kəlbəcərli Şahlar Şükürov ( Milli qəhrəman) döyüşdə şəhid olmuşdu. Həmin döyüşdə Kəlbəcər sakini olan Çimnaz xanım da (Aşıq Şəmşirin qızı) həlak olmuşdu.
Ağdərədə Sırxavənddən yük maşınını gülləbaran edib, 4 nəfərin cəsədlərinə od vurmuşdular. Sadəcə bizim rəhbərliyin bu işlərə cəsarətləri çatmadı
 
-Polyaniçko və Safanovdan danışdız. Onlar kim idi və aqibətləri sonra necə oldu?
-Safanov Dağlıq Qarabağa göndərilmiş daxili qoşun kontingentinin komandiri idi. Polyaniçko isə 1988- ci ildə may ayından Azərbaycan Mərkəzi Komitəsinə ikinci katib gətirilmişdi. Özü də Əfqan müharibəsinin aparıcılarından olmuşdu.
20 yanvar hadisələrində onun adı Azərbaycana qoşun gətirməkdə hallanmışdı. Dağlıq Qarabağda vəziyyətlə əlaqədər milli münaqişəni yoluna salmaq zəminində bura təhkim edilmişdi.1991- ci ilin yazında ermənilərin Azərbaycandan tamamilə çıxarılmasını təşkil etmişdi. Sonrakı dövrlərdə Rusiya höküməti tərəfindən Osetiyaya göndərilmiş və orada terrorla öldürülmüşdü. Danışılırdı ki, ermənilərin Azərbaycandan çıxarılması ilə bağlı erməni lobbisinin qəzəbinə düçar edilmişdi…
Atam deyərdi ki, Dağlıq Qarabağ Vilayət Komitəsinin katibi Gevorkovun təşkil etdiyi iclaslarda Polyaniçko millətçilərə görə onu küncə dirəyirdi. Dağlıq Qarabağda ilk yandırılan Qaralar kəndi olmuşdur ki, oradan da Azərbaycanlıları çıxmağa qoymayan Polyaniçlo olmuşdu. Mən burada Polyaniçkonu təbliğ etmək üçün yox, o dövrdə olanları deyirəm. Əfəl rəhbərliyimizin tamaşaçı rolunda hadisələrə biganəliyi baxımından olanları danışıram. Hətta hələ də mənə qaranlıqdır ki, nədən sonralar bizim “verxuşka”da olanlarımız onlarla deyil, Qraçovla (o vaxtlar Rusiyanın Müdafiə naziri, Şerbakla dil tapdılar?
 
-Ermənilər həmin vaxt azərbaycanlılara qarşı hansı cinayətləri törətmişdi?
-Ermənilər Qaralar kəndinin üstündə yerləşən Dovşanlıdan azərbaycanlı ailələrini 3 saata qovub, evlərini qarət emişdilər. Bu Dağlıq Qarabağda yandırılan ilk kənd idi. Xatınbəyli, Ortapəyə və Manikli kənd sakinləri yaşayan Gəncxana sovxoz qəsəbəsində yaşayan 22 ailənin evlərini yandırmış, bir neçəsini yaralamış və 4 nəfəri əsir aparmışdılar. Sonralar kənd sakinləri özləri erməniləri girov tutub öz əsirlərini dəyişmişdilər. Bizim o vaxtki rəhbərliyimizsə ancaq telefonoqramlar verməklə kifayətlənmişdilər. Azərbaycanlıların hayına gələn rus əsgərləri də dəfələrlə ermənilər tərəfindən girov götürülüb, silah- sursat qarşılığında qaytarılırdı.Həmin dövrdə, yəni 1989-cu ilin yazında Ortagüneydə erməni fəalını kənd sakini Aslanov İsacan öldürüb kəndi tərk etdi. Bu, bizimkilərin Kərkicahanda öldürüb meyidi təhqir edilmiş azərbaycanlının qisası üçün həyata keçirdiyi ilk akt idi. Xalq artıq başsız olmalarını anlayır, öz qisasını özü almağa qərar vermişdi. SSRİ dağılanadək bir BTR heyətilə birgə onun evinin arxasında onu ələ keçirmək uçun postda durmuşdu. Respublika prokurorluqundan göndərilmiş bu işi araşdıran Şükür Rzayev Ağdərədə ermənilərlə məsləhətləşsə də,sonda istintaqın gedişindən narazı ermənilər onu girov götürmüşdülər. Elə həmin vaxtda da, Xatınbəyli sakini – indi turkoloq kimi tanıdığımız,döyüşərək ilk yaralanan (onun yaralanmasını “VESTİ” də göstərmişdi) döyüşçü jurnalist, müharibə əlili Xaqani Rzaquliyev və kənd sakinləri Ağdərədə pusqu quraraq karxana müdiri KRUNQ-un sədr müavini Vaqif Qalstyani yanındakı erməniylə birgə girov götürmüşdü. Xeyli pul və maşın təklifinə razılaşmamış və onları möhkəm döymüşdülər. Bunu televiziya vasitəsi ilə Əlisahib Orucov onu alqışlamışdı. Möhkəm döyülən Vaqif açıqlamışdı ki, tezliklə Ağdamı (1989cu il,24 avqust) götürəcəyik. Demişdi ki, hətta bəri başdan Erməni Ümummilli Hərəkatının hesabına Ağdamın Şahbulaq karxanası üçün 10 min manat və Papravənd karxanasından ötru 3 min manat pul ödəmişəm. Onun yanında isə özünü mühafizəçi Vigen kimi qələmə versə də, sonralar onun KRUNQ-un cəza aparatının qəddar başçısı olduğu aşkarlanmışdı.
Kəndi mühasirəyə alan rus hərbçilərinə görə əsirləri Ağdam DTK sədri Əvəzə təhvil vermişdilər və qarşılığında Şükür Rzayev geri alınmalıydı. Əvəzin həm Şükürün ailəsindən, həm ermənilərdən 400 min civarında pul alması xəbəri yayılmışdı. Sonralar elə işlərə görə KRUNQ-un fəaliyyəti genişlənmişdi. Xankənd mərmər karxanasının müdiri Manuçaryan KRUNQ-un sədri idi. 1989- cu ilin avqustunda, Bərdənin Kətəlparaq kənd sakini Qaladərəsində erməni pusqusuna düşüb qətlə yetirilmişdi. Həmin vaxtlarda Şuşa şəhərinin su kəməri partladılmışdı. İlk dəfə 18 sentyabrda 1988-ci ildə erməni terror qrupu Xocalıya basqın edərək 1 nəfəri qətlə yetirmiş, 25 nəfəri isə yaralamışdı. Daşbulaqda yaşayan az sayda azərbaycanlı ailələrini də qovdular. Bu faktları sadalamaqda məqsədim o illərdə xalqımızın necə köməksiz və tənha qalmasını çatdırmaq və bu günkü nəslə igid oğullarımızın öz təşəbbüsləri ilə düşmən hücumlarını qəhrəmancasına dəf etməklərini çatdırmaqdır.
Bir xalq dünyadakı erməni lobbisinin maliyyəsi hesabına təpədən dırnağa qədər silahlandırılmış ağır texnikalarla təchiz edilmiş formada Qarabağın üstünə yeridilən nizami erməni faşistlərinin qarşısında köməksiz qalmışdılar.
Yeri gəlmişkən, xatırladım ki, Sovet dönəmində Qarabağ məktəblilərini güllə atmağı öyrənmək üçün Əsgərana hərbi hissəyə aparırdılar . Hadisələr vaxtı isə bu böyük hərbi hissədə kazakların da əlahiddə batalyonu və Pskov polku Ermənistanda yerləşən 7-ci Ordu tərəfindən, məhz bu hissəyə yerləşdirilmişdi. Şerbak isə 20 tankı Ağdamdan keçirməklə bu hissəyə çatdıra bilmişdi. Bütün bunlar bizim hökumətin gözləri qarşısında baş verirdi. Hazırda bu hissə Əsgəran polku adlanır və rus-kazak birləşmələri qalmaqdadırlar. Bu gün Ermənistan hakimiyyətinin də güvənc yeri qalmaqdadırlar. Bu faktları 1994-cü ildə əsir düşmüş Ararat adlı kəşfiyyatçı da təsdiqləmişdi. 366-dan sonra Pskov polku və kazak polku getməyib Daşbulaqda yerləşdi.Onların Xocalı qətliamında rollarından danışacam.
Xankəndi getməzdən 15 gün öncə 1991-ci il dekabrın 11-də torpağını sevən, səriştəli Şuşa icra başçısı Mikayıl Gözəlov erməni qüvvələrinə qarşı hazırladığı böyük döyüş qabağından 1 saat əvvəl kabinetində bu günədək naməlum səbəbdən davamlı güllələrlə öldürülmüşdü. Ona güllə atan təcili yardım maşınının sürücüsü idi. Sürücünün anası da erməni idi. Maraqlı da burasıdır ki, adi bir sürücünün icra hakimi ilə nə işi var idi.? Qarakənd faciəsindən sonra Ayaz Mütəllibov Mikayıl Gözəlova göstəriş vermişdi ki, Xankəndinə bir dənə də olsun güllə atılmasın. Mikayıl Gözəlov Şuşa ətrafında gizlənmiş erməni yaraqlılarını rus qoşunlarının komendatı ilə danışıqlar aparıb, Şuşanın qoçaq oğlanlarının köməyi ilə tutub, türməyə salmışdı. Sonradan Bakıdan gələn istintaq qrupunun rəhbəri Məbud Hüseynov Şuşa türməsindən ermənilərin çoxunu buraxdı. Şuşa ilə Laçın arasında yerləşən kəndləri ermənilərdən təmizləmişdi. Erməniləri Dağlıq Qarabagda yerləşməsinə imkan vermirdi.