Tanınmış türk yazıçısı Sabahattin Alinin “Xəz paltolu Madonna” romanı ilk dəfə ingilis dilində nəşr olunub.
“Penguin” nəşriyyatı əsəri Müasir Klassiklər seriyasında təqdim edib. Roman illər boyu Türkiyənin ən çox satılan kitabları arasında olub.
Alinin ən məşhur romanını ingilis dilinə Maureen Freely ilə Alexander Dawe tərcümə edib.
BBC-ə danışan Maureen Freely hesab edir ki, yazarın ruhu hələ də yaşamaqdadır:“Sabahattin Alinin ruhu Gezi etirazçılarında yaşayır. Gənc insanlar arasında onun ruhu hələ də dolaşmaqdadır. Xüsusilə də 2013-ci ildəki etirazlara qatılanlar arasında”.
Onun sözlərinə görə, ədibin yaradıcılığı etiraz şeirlərilə yanaşı, insanların duyğularına, onların daxili dünyasına üz tutur.
Sabahattin Alinin qızı – Filiz Ali 70 il əvvəl yazılmış romanın hələ də ən çox satılan kitablar arasında qalmasının təəccüb doğurduğunu deyir: “Təəccüblüdür, çünki bu atamın ən çox xoşuna gələn əsəri olmayıb”.
S.Ali siyasi baxışlarına görə 1948-ci ildə qətlə yetirilib. Onun ölümündən sonra qızı illər ərzində atasının kim olduğunu gizlətməli olub. Amma hazırda o, yazıçının yaradıclığı ilə bağlı çıxışlar üçün məktəblərə dəvət olunur.
Filiz Ali deyir ki, oxucular kitabın mətnində siyasi ya da tarixi mesajlar axtarmamalıdırlar. Çünki kitab insanı yaşadan eşqin səmimiliyi haqdadır.