Nemət Pənahlı həbs və ölüm təhlükəsindən danışdı

0
4

“Məni nəinki həbs edə, hətta öldürmək də istəyə bilərlər”
“Məndə olan videoarxivlər köhnə videokasetlərdədir. Onları yeni formata, disklərə köçürmək lazımdır. Həmin videoları hələ indiyə kimi heç bir yerdə verməyiblər. Görüntülər yeni formata salındıqdan sonra sosial şəbəkələrdə yayılacaq”.

Bu barədə meydan hərəkatının öncüllərindən biri olmuş, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı söyləyib. Partiya sədri videoarxivləri köhnə kasetlərdən yeni formata köçürmək üçün vaxta ehtiyac olduğunu bildirib: “İndi bir az başım qarışıqdır. Bəzi videogörüntüləri artıq Meydan TV-də vermişik. Bütün videogörüntülərin tam nə zaman hazır olacağını demək indi çətindir.

Çünki bu işlə məşğul olanlar deyir ki, bütün görüntüləri diskə köçürməkdən ötrü zaman lazımdır, iş çoxdur. Bəzi köhnəlmiş kasetlərdə görüntülər pis vəziyyətdədir. Hissə-hissə hazır olduqca görüntüləri “Youtube”-da verəcəyəm”.

Qeyd edək ki, Nemət Pənahlı bir müddət öncə onda olan arxivləri açacağını və bununla gizli qalan bir çox məsələlərin aydın olacağını bildirmişdi.

Xatırladaq ki, Nemət Pənahlı 2011-ci ildə həbs ediləndə onun həbsinin kökündə şəxsi arxivini ictimaiyyətə açıqlayacağı barədə açıqlamasının dayandığı haqda mediada məlumatlar yayılmışdı. 5 ildən artıq həbsdən sonra azadlığa qovuşan Nemət Pənahlı yenə də arxiv məsələsini gündəmə gətirib. Bəs o, bu dəfə həbs təhlükəsinin olduğunu düşünürmü?

Nemət Pənahlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onu nəinki həbs edə, hətta öldürmək də istəyə bilərlər. Ancaq nəinki həbsdən, ölümdən də qorxmur: “Bir gün yaranmışıq, bir gün də öləcəyik. Mən həyatımda heç vaxt həbsə düşməkdən, ölümdən ehtiyat eləməmişəm. Bilsəm ki, beş dəqiqədən sonra məni öldürəcəklər, yenə də tutduğum yoldan dönən adam deyiləm. İndi də istənilən zaman həbs də edilə bilərik. Heç kim bu rejimdə həbsdən sığortalanmayıb. Amma bir məsəl var ki, qurddan qorxan qoyun saxlamaz. Mübarizə aparan adamın başına hər an hər şey gələ bilər. Mən hələ xalq hərəkatı zamanı meydanda xalqa bəyan eləmişəm ki, mübarizə yolu zindanlardan, ölümlərdən, məhrumiyyətlərdən keçir. Bunu şüurlu şəkildə qəbul eləyən mübarizəyə qoşulmalıdır. Mübarizə oyun-oyuncaq deyil. Mən 16 yaşımdan bu yolu şüurlu seçmişəm. Ömrümün də qürub yaşını yaşayıram, ölümdən qorxmaq cəhalət və nadanlıqdan başqa bir şey deyil. Bir gün yaranmışıq, bir gün də öləcəyik”.