Prezident və xanımının döyüşən Azərbaycan Ordusuna dəstək jesti…

0
4

Ramiz Tağıyev: “Azərbaycanın tezliklə öz torpaqlarını azad etmək əzmində olduğunu büruzə verdi”

“Bu səfəri həm də yerli əhalidə ruh yüksəkliyinin artırılması baxımından da önəmli sayıram”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.
Prezidentə məlumat verilib ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.
Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.
Sonra Prezident və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gediblər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olublar. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.
Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev bildirib ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövlətimizin başçısı qeyd edib ki, bu kənddə də düşmən güllələri və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.
Sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd ediblər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayır.
Prezident və xanımının bu səfəri cəbhə bölgəsində yaşayan əhalinin ümumi əhval-ruhiyyəsinə necə təsir edəcək?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə cəbhə bölgəsinə gəlməsi, Tərtərin ön xətdən cəmisi 200 metrlik bir məsafədə yerləşən Qapanlı kəndinə baş çəkməsi çox böyük mənanı ifadə edir: “Həmin əhali uzun illərdir risq altında yaşayır. Ancaq öz dədə-baba yurdunu tərk etmir. Müqayisə üçün deyim ki, təmas xəttinə yaxın, ermənilərin nəzarətdə saxladığı ərazilərdə isə fərqli mənzərə hökm sürür. Hətta ən böyük şəhərlərdə belə əhali yaşamır. Həmin yerlər hərbiləşdirilmiş sahəni xatırladır. Bu səfər tərtərlilərə, ağdamlılara, cəbhə bölgəsində yaşayan digər soydaşlarımıza dövlətin qayğısının daima onlarla olduğunu ərz etdi. Eyni zamanda, Azərbaycanın tezliklə öz torpaqlarını azad etmək əzmində olduğunu büruzə verdi. Artıq çoxları onu anladı ki, cənab Prezidentin hörmətli Mehriban xanımla Qarabağın işğal altında olan ərazilərinə edəcəkləri səfərə də az qalıb. Əminik ki, həmin gün uzaqda deyil. Bu səfəri həm də yerli əhalidə ruh yüksəkliyinin artırılması baxımından da önəmli sayıram”.
Məhəmmədəli QƏRİBLİ