Vergidən yayınanlarla bağlı cəzalar sərtləşir

0
4

Yeni qanun parlamentə göndərild

Azərbaycanda bütün sahələrdə vergi və sosial sığorta haqqından yayınanlarla bağlı cəzalar ağırlaşdırılır.

Milli Məclisdən verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinin 213-cü maddəsinə (Vergi ödəməkdən yayınma) əlavə və dəyişikliklər təklif olunur.

Maddənin 1-ci bəndinə təklif edilən əlavə və dəyişikliyə görə, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinə qədər miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırkı varianta görə bu əməli törətməkdə təqsirli bilinənlər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin 2-ci bəndinə təklif edilən əlavə və dəyişikliyə görə isə eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və yaxud külli miqdarda törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər miqdarda cərimə, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırkı varianta görə isə bu əməlləri törətməkdə təqsirli bilinənlərə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Maddənin qeyd hissəsinə təklif edilən düzəlişə görə külli miqdar dedikdə 100 min manatdan yuxarı məbləğ götürülür.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.

APA.az