Sabiq nazirin günahı nə?

0
8

Vəli Ələsgərova işkəncə verilibmi?

Naxçıvan Muxtar Respublikasının sabiq Milli Təhlükəsizlik naziri Vəli Ələsgərova işkəncə verilməsi barədə məlumatlar yayılıb. Bu barədə onun vəkili Vüqar Xasıyev keçirdiyi mətbuat konfransında açıqlama verib.  Bu haqda məlumat almaq üçün  CANP sədri Ramiz Tağıyevə müraciət etdik.

ramiz

Mövzuya münasibət bildirən CANP sədri R.Tağıyev sabiq nazirə işkəncə verilməsinə inanmadıgını bildirib: “Bu inandırıcı deyil. Ona işkəncə verilsəydi həbs qətimkan tədbirini dəyişib, ev dustaqlığı ilə əvəz etməzdilər ki, Vəli mətbuata açıqlama verə bilsin. V.Ələsgərov Eldar Mahmudovla pis münasibətdə olduğunu söyləməklə özünü sığortalamağa çalışır. Əslində isə sabiqlərin münasibəti əla olub. Bütün qanunsuz əməllərə şərikdirlər. Mənim qanunsuz həbs edilməyimdə Vəli də, əlaltıları da kifayət qədər iyrəncliklərə əl atmışdılar.Təsəvvür edin,mən,1998-ci ildən Bakı şəhərində yaşayıb, müxtəlif sahələr də çalışmışam. Buna baxmayaraq, 2010-cu ildə məni tam qurama ittihamlarla həbs etmək üçün E.Mahmudovun göstərişinə əsasən V.Ələsgərov Culfadan məni mənfi xarakterizə edən xasiyyətnamə almaq üçün bir neçə vəzifəli şəxslərə hədə-qorxu gəlmişdi. Axı mən, seçkili struktur olan Rayon Xalq Deputatları Məclisinə 5 il rəhbərlik etmişdim. Bundan əlavə Naxçıvan Ali Məclisinin deputatı olmuşam. Xalqın seçiminə Vəli nə üçün hörmətsizlik edib, mənim mənfi xarakterizə edilməyimə çalışmalıydı? Bəlkə, Vəli mənimlə birgə Naxçıvan torpaqlarının müdafiəsində iştirak etmişdi. Və yaxud müdafiə işinin təşkilində iştirak etmişdi? Bu qədər haqsızlıq olmazdı ki, MTN-nin quldur dəstəsi mənə qarşı etdilər. Ailəmə, yaxınlarıma, dostlarıma sözün əsil mənasında faciə yaşatdılar. Neçə-neçə ləyaqətli insanı işsiz qoyub, çörəklə imtihana çəkdilər ki, acısını hələ də çəkirəm. Əzizlərimi xəstə etdilər. Ağlayıb,sızlamadıq. Nə olub, üç gün deyil biri intihar edir, Eldar xəstələnir, Vəli dünyaya car çəkir. Nəsimi demişkən “zahidin bir barmağın kəssən dönər həqdən qaçar…” Vəli ağlayıb-sızlamaqla cinayət məsuliyyətindən xilas olmağa çalışır. Zənnimcə onların cinayəti daha ağırdır”.

R.Tağıyev bildirdi ki, Eldar Mahmudov və komandası dövlət çevrilişi hazırlayırdı: “mənim araşdırmalarıma görə Eldar və quldur komandası dövlət  çevrilişi hazırlayırmışlar. Ölkədə devalvasiya məhz MTN-nin banklara müdaxilələrindən sonra baş verib. MTN-nin Antiterror Mərkəzi çevriliş üçün qruplar hazırlayırmış. Reketliklə,quldurluqla əldə edilmiş çirkli milyardlar iyrənc məqsədlərə sərf ediləcəkmiş.Vəlinin və digərlərinin üstündə o qədər qan var ki…Vəli ona edilmiş etimaddan sui istifadə edib ki, cəzasını da almalıdır. Utanmır, hələ mətbuatdan kömək istəyir.”

 

Nicat Sadiq