İŞİD-ə qoşulan azərbaycanlı döyüşçülərin aqibəti:”Ya zindana salır, ya da edam edirdilər”

0
4

Suriyada Bəşər Əsədə qarşı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan daha bir azərbaycanlı gəncin mühakiməsi sona çatıb.

Virtualaz.org sayının əldə etdiyi xəbərə görə, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Bakı şəhər sakini, 24 yaşlı Şirxan Xasaylının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesə hakim Cavid Hüseynov sədrlik edib.

İttihama görə, Şirxan Xasaylı dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD) tərkibində döyüşüb. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə Ş.Xasayli 2013-cü ilin dekabr ayında Türkiyə ərazisindən keçərək Suriyaya gedib. Orada xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış terror təşkilatı olan İŞİD-in tərkibinə qoşulub. Suriyada fəaliyyət göstərən “Abu Musab” ləqəbli Vüqar İdrisovun rəhbərlik etdiyi “Azəri camaatı” adlı silahlı qrupa daxil olub və digər azərbaycanlılarla yanaşı, Haritan, Tələbiyyə, Deyr-əz-Zor və sair yaşayış məntəqələrində aparılan silahlı münaqişələrdə iştirak edib, döyüşlərdə yaralanıb. Ötən ilin aprel ayında Suriyanı tərk edib.

“İŞİD hakimiyyət uğrunda mübarizə aparırdı”

Təqsirləndirilən şəxs qismində dindirilən Şirxan Xasaylı ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 2013-cü ilin ortalarından başlayaraq İslama gəldiyini, sünni məzhəbinin sələfi təriqəti üzrə ibadət etdiyini, özünə dini ad olaraq “Əbu Bəkr” adını seçdiyini göstərib. İbadətə başlayandan sonra Suriyada gedən döyüşlərdən bəhs edən və internetdə yayımlanan videolarla maraqlanıb, Suriyada döyüşən məhəllə uşaqları “Əsədullah” və “Abdu Şakir” ilə “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb (2014-cü ildə həmin uşaqlar döyüşlərdə həlak olublar). Bir müddət sonra özü Suriyaya gedib, din uğrunda gedən müharibədə, “cihad”da iştirak etmək qərarına gəlib: ”Suriyaya gedəndən sonra gördüm ki, oradakı müharibənin cihada və ya dinə heç bir aidiyyatı yoxdur. İŞİD və digər silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizə apardıqlarının şahidi oldum”.

“Suriyaya çatanda qızğın döyüşlər gedirdi”

2013-cü ilin dekabr ayının 7-də “Əbu Bəkr” ailə üzvlərinə xəbərdarlıq etmədən əşyalarını və pasportunu götürərək Beynəlxalq Hava Limanına yollanıb. Hava limanından təyyarə ilə İstanbul şəhərinə uçub. İstanbulda “Əsədullah” və “Abdu Şakir”in ona verdikləri telefon nömrəsinə zəng vurub, “Məhəmməd” adlı şəxs Şirxanı qarşılayaraq avtobusa mindirib və Hatay vilayətinin Reyhanlı şəhərinə yola salıb: ”Reyhanlıda olarkən “Əsədullah”ın əlaqə saxlamaq üçün mənə verdiyi nömrəyə zəng vurdum. Bələdçi ilə danışıb, görüşdüm. Həmin bələdçi 150 türk lirəsi müqabilində məni qanunsuz yolla sərhəddən keçirdi, Artma şəhərinə aparıb “Abu Muhammad”ə təhvil verdi. “Abu Muhammad”la birlikdə İŞİD-in nəzarətində olan Haritan şəhərinə getdik. Haritanda məni “Abu Musab” ləqəbli milliyyətcə azərbaycanlı Vüqar İdrisovun rəhbərlik etdiyi “Azəri camaatı” silahlı qruplaşmasının üzvlərinə təhvil verib geri qayıtdılar. Mən Suriyaya çatanda orada qızğın döyüşlər gedirdi”.

“Əbu Bəkr”in “Abu Musab”a biəti

“Abu Musab”a biət edən Şirxan Xasaylı ona iman gətirib, qoyduğu tələblərə əməl edəcəyinə and içdikdən sonra “Azəri camaatı”nın tərkibinə daxil olub. Yeni gələn azərbaycanlıya “Kalaşnikov” avtomatı və çoxlu sayda patron verilib. Silahlı birləşmənin tərkibində olanlardan biri ona silahla davranmağı öyrədib, sonradan özü birbaşa döyüşlərdə iştirak edib.

“Abu Musab”ın və daha 10 azərbaycanlının ölümü

2014-cü ilin yanvar ayında “İslam Cəbhəsi” və İŞİD arasında silahlı münaqişə yaranan zaman Ş.Xasaylı bir ay ərzində “İslam Cəbhəsi”nə qarşı vuruşub. Bir ay sonra İŞİD-ə tabe olan Haritan şəhərindəki bütün camaatlar və döyüşçülər geriyə – Rakka şəhərinə çəkilib. Rakkaya gələndən sonra “Azəri camaatı” Suriyanın dövlət ordusu ilə öz aralarında olan cəbhə zolağında keşiş çəkiblər. Mart ayında isə döyüşmək üçün Rakkadan 100 kilometr aralıda yerləşən Tələbiyyə qəsəbəsinə gələrək kürd silahlı qruplaşmaları ilə vuruşublar. Həmin döyüş zamanı əmirləri “Abu Musab” da daxil olmaqla “Azəri camaatı”nın 12 üzvü (10-u azərbaycanlı olub) həlak olub. Döyüşdə itki verdikdən sonra təkrar Rakkaya qayıdıblar. Rakkada “Azəri camaatı”na yeni əmir təyin olunub.

Döyüşlərdə yaralanan “Əbu Bəkr”

Suriyanın Deyr-əz-Zor şəhərində “İslam Cəbhəsi”nə qarşı döyüşlərin birində ağır güllə yarası alan Ş.Xasaylı xəstəxanaya aparılıb, əməliyyat olunub. On beş gün xəstəxanada müalicə aldıqdan sonra isə Rakka şəhərindəki evlərdən birində qalaraq ambulator müalicə alıb, əsa ilə hərəkət edib. Məhz bundan sonra “Azər camaatı”nın tərkibindən çıxaraq müalicəsi ilə məşğul olub, döyüşlərdə iştirak etməyib, dəstə üzvləri ilə əlaqə saxlamayıb.

Ş.Xasaylı ifadəsini davam etdirərək göstərib ki, başına gələn bütün bu hadisələrdən çox təsirlənib. Oradakı müharibənin cihada və dinə heç bir aidiyyatı olmadığını, İŞİD-in və digər silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizə apardıqlarını anlayıb.