Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 7 il ötür.
2009-cu ilin 30 aprelində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açıb.
Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər həlak olub.
Fərda Qədirov sonda özünü güllələyib. Onun üzərindən “Makarov” tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.