“P.Hüseynin və onun kimi düşünən insanların həqiqətləri təhrif etmələri cağdaş tariximizi saxtalaşdırmaqdır”

0
9

“P.Hüseynin və onun kimi düşünən insanların həqiqətləri təhrif etmələri cağdaş tariximizi saxtalaşdırmaqdır”

Əli Orucov:“Etibar bəyin hakimiyyətə gəlmək məqsədi olsaydı, 1993-cü il məlum iyun hadisələri zamanı hakimiyyəti qorxaqcasına qoyub qaçan AXC iqtidarını əvəzləyə bilərdi”

“Bu gün ölkənin siyasi səhnəsini də, gündəmini də belə boş və mənasız fəaliyyət zəbt etməkdədər. Adətən çox danışanlar iş görə bilməyən adamlar olur”

AMİP liderinin köməkçisi Əli Orucov 1993-cü il 4 iyun qiyamı hadisələri ilə bağlı partiya lideri Etibar Məmmədova qarşı yönəldilən ittihamlara və liderinin siyasətdən çəkilməsi ilə bağlı qaranlıq məqamlara qəzetimizə verdiyi müsahibədə aydınlıq gətirib. Müsahibəni oxucularımıza təqdim edirik.

-Bir zamanların ən populyar partiyası, AXC iqtidarı dönəmində hətta ana müxalifət olan AMİP niyə günlərin bir günü siyasi səhnədən kənara çəkildi?

-Sizin də vurğuladığınız kimi, doğrudan da, AMİP Azərbaycanda ən populyar, ən monolit və ən nizam-intizamlı partiyadır. Bütün zamanlarda belə olub. Azərbaycanın siyasi səhnəsini AMİP-siz təsəvvür etmək qeyri-mümkündür. Partiya başqa partiyalardan fərqli olaraq ana müxalifət, yaxud da, hansısa xüsusi titullar uğrunda heç vaxt mübarizə aparmayıb. Çünki buna lüzüm görməyib. Partiyamızı fərqləndirən özlliklərdən biri də şiyasi şou göstərmək, yeri-gəldi gəlmədi gündəmdə qalmaq üçün hansısa oyunlardan, intriqalardan və siyasətbazlıqdan kənarda durmasıdır. Çox təəssüf ki, bu gün ölkənin siyasi səhnəsini də, gündəmini də belə boş və mənasız fəaliyyət zəbt etməkdədər. Adətən çox danışanlar iş görə bilməyən adamlar olur. Ona görə də zahirən kənardan səhvən elə təəssürat yaradılmağa çalışır ki, güya AMİP siyasi səhnədən geri çəkilib. Əksinə AMİP siyasi proseslərin episentrindədir və bu gün də hadisələrə təsir etmək gücünü özündə saxlayır.

-Bir zamanlar Lefortovodan azad edilməsi üçün 1 milyon yarım səs vermiş insanlara qarşı Etibar bəyin bu mücadilədən çəkilməsi bir az doğru anlaşılmadı…

-Etibar Məmmədov qədər Azərbaycan xalqı və dövlətçiyi uğrunda ardıcıl, inadkar mübarizə aparan və bu yöndə əvəzsiz xidmətlər göstərən ikinci bir siyasətçi və şəxsiyyət olmayıb. Ötən əsrin 80-ci illərində başlayan Xalq Hərəkatını Milli Azadlıq Hərakatına çevirən və ona rəhbərlik edən də məhz Etibar Məmmədov olub. Azərbaycanın beynəlxalq aləm və dünyada tanıdılmasının təməlinın qoyulması da , ərazi bütövlüyümüz uğrunda gedən müharibənin silah-sursatla, canlı qüvvə ilə təmini də onun faliyyəti ilə bağlıdır. Özünüzün də dediyiniz kimi, Rus silahının qarşısında çoxlarının qaçıb gizləndiyi vaxtda Etibar bəy İmperiyanın mərkəzinə gedib, Azərbaycan xalqının faciəsini və haqq səsini dünyaya çatdırmışdır. E.Məmmədovun xalq, millət və dövlət qarşısında göstərdiyi xidmətləri sadalamaqla yekunlaşdırmaq mümkün deyil. E.Məmmədovun üzərinə götürdüyü ən böyük və birinci dərəcəli missiya Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasına nail olmaq, ölkəmizi dünya birliyinin subyektlərindən birinə çevirmək idi. O, bu missiyasının öhdəsindən gəldi. Sizin Etibar bəyin mücadilədən çəkilməsi barədə fikirlərinizlə də razı deyiləm. Totalitarizmin uzun illər hökm sürdüyü Azərbaycanda təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçidin əsasını qoyan Etibar Məmmədov rəhbərlik etdiyi siyasi təşkilatla ölkədə demokratiyanın təşəkkül tapması, hərtərəfli yüksək inkişaf uğrunda illərlə mübarizə aparıb. Hər zaman da mübarizənin önündə olub. Etibar bəy mücadilədən çəkilməyib. Düşünürəm ki, xalqın Etibar bəyə həmişə olduğundan da daha artıq ehtiyacı var və millətimiz öz liderinin rəhbərliyi ilə özünü və dövlətini xilas etməyi bacaracaq. Ölkədə getdikcə dərinləşən və gərginləşən hərtərəfli böhran həmin günün başlanğıcını yaxınlaşdırmaqdadır.

-Etibar bəy deyir ki, mən daha müsahibə vermirəm. Bunu necə anlamaq olar? Avropada bunu kimə desələr adamı təəccüblə qarşılayarlar ki, o boyda partiyanın lideri olasan, amma mətbuata veto qoyasan.

-Etibar bəy sözünün çəkisini və dəyərini bilən siyasətçidir. O, hər zaman da mətbuat üçün əlçatan olub. Açığı bəzən elə olur ki, hər xırda məsələlərə görə də Etibar bəydən münasibət, yaxud da, müsahibə istəyirlər. Digər tərəfdən hövsələsizlik etməyə lüzum yoxdur. Siz də görəcəksiz ki, zamanı, vaxtı və anı yetişəndə Etibar bəy sözünü həmişəki kimi daha ucadan, daha qəti və kəsərli deyəcək. Buna heç şübhəniz olmasın. Sizdən də bir ricam ondan ibarətdir ki, E.Məmmədovu hər siyasətçi ilə də eyniləşdirməyin.

-Əli bəy, 4 iyun hadisələri ilə bağlı P.Hüseyn verdiyi müsahibəsində Etibar Məmmədova qarşı itiihamlar səsləndirib. Bəziləri Elçibəy hökumətinin devrilməsinin günahı Etibar bəydə axtarırlar…

-Siyasətçi olmaq o demək deyil ki, abrı-həyanı atasan, etik normaları taptalayasan, yalanlar danışasan və s. Azərbaycanda siyasəti bir peşə kimi çirkləndirən də məhz belələridir. 4 iyunla bağlı istər P.Hüseynin, istərsə də onun kimi düşünən insanların həqiqətləri təhrif etmələri cağdaş tariximizi saxtalaşdırmaq və öz bacarıqsızlıqlarını ört-basdır etmək, məsuliyyətdən yaxa qurtarmaq, günahı başqalarının üzərinə atmaq cəhdlərindən başqa bir şey deyil. Bu yalanı və iftiranı alt-üst edən kifayət qədər ciddi və sanballı arqumentlərin olduğunu və bunların dəfələrlə təkrarlandığını bilə-bilə yenə də utanmadan-qızarmadan yalan danışmaq, xüsusən də, özlərini siyasətçi adlandıranlara heç yaraşmaz. Mərhum prezident Ə.Elçibəy Kələkidə verdiyi müsahibəsində bildirmişdi ki, H.Əliyevi Bakıya hakimiyyətə özü dəvət edib və bunun məsuliyyətini də özü daşıyır. Bu faktın özü P.Hüseyn kimi xor kapellasında oxuyanların susdurulmasına kifayət edir. Digər tərəfdən bu siyasətbazlar hələ də anlaya bilmirlər ki, o zaman müxalifətdə olan Etibar bəyin Elçibəy hakimiyyətini qorumaq öhdəliyi yox idi və buna da borclu deyildi. Yaddaşları zəifləyibsə gedib arxivləri bir daha vərəqləsinlər: E.Məmmədov dönə-dönə xəbərdarlıq etmişdi ki, hakimiyyəti bölüşdürdüyünüz və ittifaqa girdiyiniz kommunistlər sizin sonunuza çıxacaq. Yeni parlamnet seçkilərinin keçirilməsi və hakimiyyət qollarının kommunitst nomeklaturasından təmizlənməsi zərurətə çevrildiyi halda buna da gedilmədi. Səriştəsiz kadrlar iş başına gətirildi.

-Oppanetlərinizin gətirdiyi arqumentlərdən biri də odur ki, E.Məmmədov hərəkatçı silahdaşlarına və müəllimi Elçibəyə qarşı çıxmamalı idi.

-Bu arqumentlərin də heç bir əsasi yoxdur. O zaman məntiqi sual yaranır ki, o zaman nədən hakimiyyəti hərəkatçı silahdaşlarla deyil, hərəkata qarşı çıxan, onu boğmağa çalışan kommunist nameklaturası ilə bölüşdürdülər? Bu azmış kimi E.Məmmədovu bir siyasi qüvvə kimi sıradan çıxarmağa, hətta, həbs etməyə cəhdlər göstərildi. Partiyanın qərargahına silahlı basqınlar etdilər. 4 uyun hadisələrindən 2 gün qabaq, yəni 2 uyun 1993-cü ildə E.Məmmədovun parlamentdə AXC iqtidarının həyata keçirmə istədiyi gizli planları barədə etdiyi məşhur çıxışda onların əsil simaları üzə çıxdı. Etibar bəy həmişə müəllimi Elçibəyə böyük hörmət və rəğbət bəsləyib. Bu hörmətin nəticəsi idi ki, Elçibəyin prezident kürsüsünə gətirilib kiçildilməsininn əleyhinə olmuşdu. Elçibəy prezident kürsüsü qədər kiçiləsi şəxsiyyət deyildi. O, hər cür postlardan yüksəklikdə duran lider idi. Lakin onu öz maraqları naminə ətrafı məcbur edib prezident kürsüsünə gətirdilər və sonra da ona açıq-aydın xəyanət etdilər. Dünyanın heç yerində görünməyib ki, hakimiyyətin ikinci şəxsi partiya yaradıb təmsil olunduğu hakimiyyəti parçalayıb zəiflətsin, dağınıq hala salsın. Sürət Hüseynov xofundan vəlvələyə düşərək prezidentini çətin vəziyyətdə qoyan, həbsinə sanksiyalar verilən anda Etibar bəy Elçibəyin təhlükəsizliyinə zəmanət verərək bildirdi ki, onu qorumağa hazırdır. Sualınızın ikinci hissəsinə gəlincə, konkret onu deyə bilərəm ki, AMİP və onun lideri Etibar Məmmədov üçün hakimiyyət məqsəd olmayıb, proqram və prinsiplərini həyata keçirməsi üçün vasitə kimi baxılıb. Əgər Etibar bəyin hakimiyyətə gəlmək məqsədi olsaydı, 1993-cü il məlum iyun hadisələri zamanı hakimiyyəti qorxaqcasına qoyub qaçan AXC iqtidarını əvəzləyə bilərdi. Heç bir qüvvə də bunun qarşısını almaq gücündə deyildi. Sadəcə E.Məmmədov ölkədə hakimiyyətə silah-sursatla, hərbi çevrişlər, yaxud da qeyri-demokratik yolla gəlməyin ənənə halını almasına qarşı idi və 1998-ci ildə sübut etdi ki, hətta, totalitar rejimlərdə də xalqın səsi ilə prezident seçilmək mümkündür. Etibar bəy həmin hadisələr zamanı dövlətçilik maraqlarından çıxış etdi. Və bu addım doğru addım idi. Tarix də sübut etdi ki, AMİP və onun Lideri E.Məmmədov Azərbaycan milləti və dövləti qarşısında üzərinə düşən məsuliyyətin öhdəsindən gələ bildi.

Söhbətləşdi: Nihat

LEAVE A REPLY