ZAKİR FƏRƏCOV 34 SAYLI MƏKTƏBƏ ÖZ KADRINI GƏTİRİR…
BƏYAZ NOVRUZOVA ÖTƏN HƏFTƏ TƏFTİŞ EDİLDİ
Jurnalist Samir Güləliyevlə Sumqayıt şəhərindəki 34 saylı məktəbin direktoru Bəyaz Novruzova arasında yaşanan qalmaqal yeni mərhələyə keçib. Qeyd edək ki, məlum qalmaqalın tarixçəsi jurnaistin məktəbdə yaşanan bəzi neqativlikləri işıqlandırmasından sonra yaşanmışdı.
Jurnalist bildirmişdi ki, məktəbin rəhbərliyi rüşvət toplaya bilməyən müəllimələrin telefonlarını əllərindən alıb girov saxlayır.
Məktəbin direktoru Bəyaz Novruzova isə mediaya açıqlamasında bildirmişdi ki, Samir Güləliyevin bu məktəb barədə yazdıqları korparativ maraqlara əsaslanır.
Direktor demişdi ki, jurnalistin həyat yoldaşı 34 saylı məktəbdə işləyir və ona edilən haqlı iradlar Samir bəyi belə açıqlamalarla çıxış etməyə vadar edib.
Biz tərəflərin bir-birinin ünvanına səsləndirdiyi qarşılıqlı ittihamların arxivinə tam varmaq istəmirik. Həmin ittihamlar arasında çox ciddi və hüquqi məsuliyyət yarada biləcək məqamlar da az deyildi. Ancaq maraqlıdır ki, hüquq-mühafizə orqanları həmin faktların üstündən sükutla keçdilər. Azinforum.az-ın əldə etdiyi məlumata görə, yalnız icra başçısı Zakir Fərəcov məktəbin direktorunu qəbul edib onu danlamaqla kifayətlənib. Sumqayıta yeni təyin edilən icra başçısı onun rəhbərlik etdiyi şəhərin adının belə neqativ şəkildə mediada hallanmasına etirazını direktora çatdırıbsa bu məsələdə maraqlı mətləb ortaya çıxır.
Bu, Zakir Fərəcovun səlahiyyətinə aid olan məsələdirmi? Təbii ki, yox! Bəs onda Zakir Fərəcov 34 saylı məktəblə bağlı niyə canfəşanlıq edir? Həqiqətən Zakir Fərəcov mediadakı tənqidlərə belə həsas yanaşırsa, onda özü barədə yazılanlar istiqamətində niyə əməli tədbirlər görmür? Əksinə, apardığımız müşahidələr göstərir ki, Zakir Fərəcov və onun rəhbərliyi altında Abşerondan Sumqayıta ” ezam ” edilən komanda tənqid edildikcə daha da, neqativliyə sürüklənirlər.
Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov belə gedişatları ilə Sumqayıtdakı bütün dövlət müəsisələrindəki rəhbərliyi tam nəzarətinə keçirmək istəyir. Yəni neqativlikdən yaxa qurtarmaq adı ilə bütün üzdə olan yerlərə öz kadrlarını yerləşdirməyi planlaşdırır. Bu baxımdan da, vəzifəsilə vidalaşa biləcək növbəti kadr Bəyaz Novruzova ola bilər. Çünki onun rəhbərlik etdiyi məktəb böyüklüyünə və işçi personalının sayına görə Sumqayıtda barmaqla göstərinlər sırasındadır.
Azinforum.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı tam zəmin də formalaşdırılıb. Ötən bir həftə ərzində Sumqayıt Təhsil İdarəsi sözügedən məktəbdə kompleks yoxlama aparıb və əldə olunan nəticələr Təhsil Nazirliyinə göndərilib. Gedişat isə onu göstərir ki, yaxın vaxtlarda 34 saylı mətəbə yeni direktor təyin edilə bilər. Çünki komisiyanın gəldiyi nəticələr o qədər də ürəkaçan deyil.
Çinarə SEYİDOVA
AZİNFORUM.AZ