Şəkərburanın hazırlanma qaydası -Videoresept

0
4

Şəkərburanın hazırlanma qaydası -Videoresept

Əvvəllər 100-200 ədəd şəkərbura-paxlava bişən evlərdə bu gün süfrəni mağaza məhsulları bəzəyir. Zaman qıtlığı, gərgin iş rejimi… bunlara təsir edən amillərdəndir. Amma unutmayaq ki, bayramın əsl gözəlliyi elə bir neçə gün öncədən evdən şirniyyat ətrinin gəlməsi, təmizlik işlərinin aparılması, səməninin cücərdilməsidir. Bunlar xüsusilə də uşaqlar üçün əsl sevincdir. Niyə də bu sevinci onlara çox görək?! Gəlin, bu bayramda şəkərburanı öz sobamızda bişirək.

Qədim şirniyyatlarımızdan olan şəkərburanın bir neçə cür hazırlanma qaydası var. Qadın.az onlardan birini təqdim edir.

Ərzaqlar:

Xəmir üçün:
Un – 1 kq.
Yumurta sarısı – 2 ədəd
Kərə yağı – 200 qr.
Xama – 100 qr.
Süd – 250 ml.
Duz – bir çimdik
Vanil – 1 ç.q.

Xəmirmaya üçün:
İsti su – 1/3 st.
Maya – 1 ç.q.
Şəkər tozu – 1 ç.q.
Un – 1 ç.q.

İçlik:
Fındıq – 0,5 kq.
Şəkər tozu – 0,5 kq.
Hil – 1 ç.q.
Vanil – 1 ç.q.

Hazırlanması:
1.Əvvəlcə xəmirmayanı hazırlamaq lazımdır: 1/3 stəkan isti suyun içinə mayanı, unu, şəkər tozunu töküb qarışdırın. Ağzını örtüb 5 dəqiqə kənarda saxlayın.
2.İndi isə xəmiri hazırlayın: Dərin bir qabda yumurta sarısı və kərə yağını çalırsınız. Üzərinə südü, duz və vanili də töküb qarışdırırsınız. Sonra xamanı əlavə edirsiz. Bir qədər qarışdırdıqdan sonra xəmirmayanı da əlavə edirsiz, yenidən qarışdırırsınız.
Bir geniş qaba 1 kq. unu tökürsüz. Üzərinə bayaqkı qarışığı əlavə edib xəmiri yoğurursunuz. Xəmir yoğuran zaman yanınıza ilıq süd qoyun. Xəmir bərk olarsa, hərdən bir əlinizi südlə isladıb xəmiri yoğurmağa davam edin.
3. Sıra içliyindir: Fındığı azca qovurub qabığını soyursunuz (və ya marketdən təmizlənmiş fındıq alırsınız). Fındıqları blenderdən keçirirsiz, üzərinə şəkər tozunu, hil (Hili azca qovurub, çırtladırıq. Həvəngdə əzirik) və vanili əlavə edib yaxşıca qarışdırırsınız. İşi asanlaşdırmaq və xəmiri gözlətməmək üçün içi bir neçə gün əvvəldən (gecədən) də hazırlayıb bankada soyuducuda saxlamaq olar.
4. Xəmirdən bir hissə kəsib (təxminən 10 kündəlik) onu yumurta boyda kündələrə bölürsünüz. Digər xəmiri isə gəlməməsi üçün soyuducuya qoyursunuz. Hər kündəni oxlovla açırsız. Hər birinin arasına 1,5 x.q. iç qoyursuz və dairəni yarım-ay şəklində kənarlarını bura-bura bükürsüz.
5.Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.
Şəkərburaları içinə kalka kağızı sərilmiş listə yığın və sobada 150 dərəcə temperaturda 12-15 dəqiqə dəqiqə bişirin.

Nuş Olsun!

LEAVE A REPLY