“Yeni Müsavat”a cavab…

0
5

“Yeni Müsavat”a cavab…

Rəhim Qazıyev:“İndi də özlərini Elçibəy yolunun davamçıları hesab edən bu nadanlar hansı qeyri-insani yola əl atıblar”

“Yeni Müsavat” qəzetinin iç üzü cəmiyyətə tam çılpaqlığı ilə bəlli olduqdan sonra, demək olar ki, bu qəzeti almıram, saytına da nadir hallarda baxıram. 25.02.2016-cı il tarixində gecə saat “02” radələrində, sözügedən qəzetin saytında “Elçibəy iqtidarının fevral səhvləri” (25 fevral 2016 00139) başlıqlı yazı diqqətimi çəkdi. Çox təəssüflər olsun ki, həmin hadisələrdən təxminən dörddə bir əsr keçməsinə baxmayaraq bu gün də Elçibəy iqtidarının vəzifəli şəxsləri olmuş insanlar əsl həqiqətləri söyləmək fikrində deyillər.
Həmin yazıdan bəzi məqamları diqqətinizə çatdırdıqdan sonra, konkret faktları hörmətli oxucuların müzakirəsinə təqdim edəcəm:
“…Söhbət Azərbaycan ordusunun 2-ci korpusunun komandiri Surət Hüseynovun Ağdərədən geri çəkməsi və Elçibəyin həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevlə 8 saatlıq görüşündən gedir.
(zəruri qeyd: Surət Hüseyinovun əsgərləri Ağdərədən geri çəkməsi həmin ilin yanvar ayının sonuna, Elçibəyin H.Əliyevlə 8 saatlıq görüşü isə həmin ilin fevral ayının 12-si ya da 13-nə təsadüf edir. Heydər Əliyevin qardaşı akademik Həsən Əliyevin vəfatından sonra, onun birinci cümə-axşamı mərasiminə gəlişinin səhərisi günü qeyd olunan 8 saatlıq görüş baş tutub. – R.Q) Məhz bu iki mühüm hadisəni Elçibəy hakimiyyətinin süquta uğramasına gedən yolda başlanğıc hesab edirlər.
Həmin yazıda yer alan
“Elçibəyin devrilməsi Rusiyanın Baş Qərərgahının kəşfiyyatı tərəfindən çoxdan planlaşdırılırdı. Onlar bizi açıq şəkildə hədələyirdilər. Sonra da Surət Hüseynovu qabağa verdilər. (Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda marağı olan dövlətlər və o cümlədən də Rusiya, ona əl verən iqtidarın hakimiyyətdə olmasına çalışıb və daimi də çalışır. Bu təhlükənin qarşısını almaq və bu təxribata yol verməmək isə həmin dövrdə hakimiyyətdə olan qüvvələrin əsas vəzifələrindən biri, daha doğrusu birincisi olmalı idi! – R.Q.)
İndi isə istər Rusiyanın, istərsə də ölkəmizdə çevrilişdə marağı olan digər dövlətlərin istəklərini reallaşdıran səbəblərdən və səbəbkarlardan konkret faktlarla, açıq danışaq. “Yeni Müsavat”da gedən həmin yazının müəllifi Elçibəy iqtidarının hakimiyyətdən getməsinə səbəb olan əsas fiqur kimi Surət Hüseynovu qabardır. Təbii, indiki nəsil üçün bəlkə də bu versiya qəbul olunandır. Lakin hadisələrin baş vermə, inkişaf etmə və son həddə, yəni Elçibəy hakimiyyətinin devrilməsi səbəblərinə kimsənin tərəfini tutmadan ədalətli, vicdanlı, qərəzsiz mövqedən yanaşaq. Mən həmin yazıda yer almış hörmətli Sabir Rüstəmxanlının mövqei ilə tamamilə həmfikirəm. İndi isə kimsənin irad tuta bilməyəcəyi, inkar edilməsi qeyri-mümkün olan əlahəzrət faktlara müraciət edək.
1. 17.06.1992-ci il tarixində Əliyev Əbülfəz (Elçibəy) Qədirqulu oğlu Azərbaycan prezidenti kimi fəaliyyətə başlayır. İnkar edilməz faktdır ki, komanda təcrübəsiz, zəif olmaqla yanaşı, ölkədə artıq elan edilməmiş müharibənin beşinci ili gedir. Keçmiş SSRİ ordusunun Azərbaycandakı hərbi hissələrində 15 may 1992-ci il MDB-nin Daşkənd sammitində imzalanan protokola əsasən, yenicə silahların və ümumiyyətlə hərbi əmlakın təhvil alınması prosesi başlayıb. Köhnə qanunlar işləmir, yeniləri yaranmayıb, iqdisadiyyat zəif, ərazisində işğalçı müharibə gedən ölkəmizin MN-nin müstəqil binası, silah-sürsatı, ştatda nəzərdə tutulmuş əsgər-zabit heyyətinin 10-15%-qədər əməkdaşları, nizamnaməsi, əsasnaməsi, hərbi prokurorluğu, hərbi məhkəməsi və heç olmasa normal hərbi təlim görmüş bir dənə də olsa taboru belə yox idi. Hər şey yenidən qurulmalı idi. Yuxarıda qeyd etdiyim zəif, təcrübəsiz, güclü müxalifəti və müharibə apardığı qüdrətli dövlətlər tərəfindən güclü dəstək alan xain düşməni olan komanda yumruq kimi bükülərək vahid orqanizmə çevrilməli idi. Həmin dövrün ali vəzifələrində əyləşmiş iddialı və ibarəli bəylərinə müraciət edirəm; belə bir təşəbbüs tərəfinizdən irəli sürüldümü?
2. O dövürdə, yəni 17.06.1992-ci il tarixində həmin iqtidar komandasının mənə olan qeyri-dost münasibətini çox yaxşı bildiyimdən prezident kimi fəaliyyətə başlayan Əbülfəz bəyə bu komanda ilə işləyə bilməyəcəyimi deyib, istefaya getməyə hazır olduğumu rəsmi bildirdim. Təbii ki, bu tələbim Prezident tərəfindən kəskin şəkildə etirazla qarşılandı. Yəqin ki, həmin iclasda iştirak edən bəy əfəndilər bu həqiqəti inkar etməzlər !
3. Rəhmətlik Səməd Vurğunun “Muğan” poemasındakı bir misra burada çox yerinə düşür: “Ekskavator sözü yoxdur Sarvanımın öz dilində”. AXC-sində heç bir rolu olmayan, hakimiyyətə gəlmiş komandanın böyük əksəriyyəti tərəfindən ümumiyyətlə tanınmayan Surət Hüseynov buludsuz səmada göy gurultusu kimi iqtidarın əsas fiqurlarından birinə çevrilir. Əbülfəz bəyin prezidentliyinin birinci 15 günlüyündə Surət Hüseynova bir günün içində bir dövlət və bir də hökumət – Prezidentin DQ üzrə səlahiyyətli nümayəndəsi, Baş Nazirin müavini vəzifələri verilir. Möhtərəm bəylər, bəlkə heç olmasa 23 ildən sonra ləyaqətiniz, cəsarətiniz çatıb millətə bəyan edəsiniz. Surət Davud oğlu Hüseynovu Əbülfəz bəyə Rusiya Baş Qərərgahının kəşfiyyatı təqdim etmişdi və ya sizlər də Ali Kəşfiyyat orqanlarına yeniyetməlikdən nökərçilik edənlərdən birisiz? Bu arada, yəni, 30 iyun-05 iyul arası baş verən hadisələrdən bezərək birinci istefa ərizəsini yazdım. Prezident qəbul etmədi.
4. Bu zəif, təcrübəsiz, qabiliyyətlərindən və vətənpərvərliklərindən müqayisə olunmaz dərəcədə yüksək iddiada olan aparıcı bəy əfəndilər müharibə gedən, iqdisadiyyatı çox zəif, çox sayda həllini gözləyən onlarla zəruri problemlərin olduğu ölkəmizdə öz cılız şəxsi, qrup maraqlarını həyata keçirmək məqsədilə hər ləyaqətsizliyə getməyə hazır olduqlarını zərrə qədər də olsa gizlətmirdilər. Bütün hərəkətləri və əməlləri ilə ordu quruculuğuna, qələbəmizə maksimum mane olmaq üçün ən alçaq yalan, böhtan deməkdən, əngəl olmaqdan belə çəkinmirdilər. Həmin dövrdə Gəncədə yerləşən RF-nın MN-nə tabe olan 104-cü desant diviziyasının Əfqanıstan müharibəsində iştirak etmiş peşəkar zabitlərinə nəğd pul verərək SQ-mızın desant qoşun növü olan ilk 360 nəfərlik alayını yaratdıq. Həmin alayın birinci döyüş təlimi 18 iyul 1992-ci il tarixinə təyin edildi. Ali Baş Komandan başda olmaqla İsa Qəmbəri, Pənah Hüseynovu və digər bəyləri həmin taborun döyüş təliminə dəvət etdim. Hörmətli oxucular, çox yüksək səviyyədə keçən təlimdə kürəklərində 35-40 kq-lıq yük olan ilk Azərbaycan desant alayının əsgərləri 3000 metrdən paraşütlə gözəl peşəkarlıq nümunəsi göstərərək atıldılar. Bir nəfərin ayağı belə büdrəmədi. Əlbəyaxa döyüş nümunəsi göstərdilər. Bəli, acı təəssüf hissi ilə bildirməliyəm ki, bu döyüş təliminə rəhbərlikdə olan “möhtərəm bəy əfəndilərdən” bir nəfər də olsun gəlmədi. Həmin təlimə kommunist deputatlar hesab edilən Arif Rəhimzadə və Vaqif Qasımov gəldilər. Elə o vaxtlar Prezident aparatında bəylər arasında mənim ruslarla əlbir olaraq çevriliş etmək istəyim barədə qulağıma şərəfsiz, heç bir əsası olmayan söz-söhbətlər çatırdı. Bütün bu əsası olmayn şayələrin qarşısını almaq məqsədi ilə 2 avqust 1992-ci il tarixində keçmiş SSRİ SQ-nın Hava Desant Qoşunlarının yaranması günü münasibəti ilə Gəncədə keçirilən tədbirə İsa Qəmbəri və digər bəyləri dəvət etdim. Gəncədə qonaq evində bu münasibətlə təşkil etdiyim kiçik məclisdə İsa Qəmbərlə 104-cü diviziyanın komandanı general-moyor V.Şerbakı yaxından tanış etdim və İ.Qəmbərə bundan sonra zəruri məqamlarda onunla şəxsi əlaqə saxlamağı təşkil etdim.
5. Bütün bunlara baxmayaraq bəy əfəndilər öz ləyaqətsiz əməlləri ilə müharibə uğurlarımızın zəifləməsi, komandanın vahid orqanizm kimi fəaliyyət göstərməməsi üçün bütün mümkün təxribatları törətməkdən çəkinmirdilər. Yeri gəlmişkən, dövlətin mühüm postunda əyləşmiş “bəy əfəndilərdən” birinin ağılasığmaz bir əməlini qeyd etməyi zəruri hesab edirəm. 1992-ci il iyunun 12-dən 13-nə keçən gecə uğurlu Ağdərə əməliyyatı başladı. Təxminən iyul ayının sonlarında mən Şəkinin icra başçısı olan Hüseyin Mustafabəyliyə zəng edib Ağdərəyə – cəbhə bölgəsinə 15-20 ədəd eşşək göndərməsini xahiş etdim. Bu heyvanlarla ön xəttə düşmənlə üz-üzə vuruşan hərbi hisələrə silah-sürsat göndərmək çox rahat olur. Ona görə ki, dağ yerində bu heyvanlar səssiz yeriyir, minanı və digər maneələri hiss etdiyindən onlardan yan keçirlər. Bu xahişimdən on günə qədər vaxt keçməsinə baxmayaraq eşşəklər göndərilmədi. İcra başçısı Hüseyin Mustafabəylidən nə üçün eşşəkləri göndərmədiyini xəbər aldıqda – Arif Hacıyevə məruzə etdim, o isə mənə eşşəkləri göndərməməyi tapşırdı – deyə icra başçısı cavab verdi. Bu hadisəyə qiymət verməyi möhtərəm oxuculara həvalə edirəm.
Surət Hüseynovu komandaya gətirməklə şərəfsiz məqsədlərinə nail ola bilməyəcəklərinə əmin olan bu zatı qırıqlar, hər addımda onu da pisikdirməyə başlamışdılar.
6. 05 noyabr 1992-ci il tarixində Surət Hüseyinovun təşəbbüsü ilə Mərdəkanda keçirilmiş SSRİ HDD-nın komandanının bağ evində İ.Qəmbər, İ.Həmidov, Surət Hüseynov, Etibar Məmmədov, Şadman Hüseynov (ola bilsin ki, indi kimlərinsə orada iştirakını unutmuşam. Əgər belələri varsa məni üzürlü hesab etsinlər) və mənim iştirakımla bir süfrəyə əyləşdik. Həmin məclisdə Surət Hüseynov qeyd etdi ki, “..hamımız Prezidentin ətrafında sıx birləşib tezliklə DQ problemini həll etməliyik. Yaxşı olar ki, Etibar Məmmədov da komandaya daxil edilsin və Baş Nazir vəzifəsinə gətirilsin. Mən siyasət adamı deyiləm. DQ məsələsi həll ediləndən sonra biznes sahəsinə gedəcəyəm” – deyərək, Surət Hüseynov fikrini yekunlaşdırdı. Surət Hüseynovun bu təklifi “möhtərəm bəy əfəndilər”in təbii ki, xoşlarına getmədi. Lakin mən təkidlə təklif etdim ki, elə bu tərkibdə də Prezidentlə görüşüb onun həmin qaldırılan məsələyə münasibətini öyrənək. Lakin bu görüş İsa Qəmbərin və Pənah Hüseynovun açıqda deməyə cəsarətləri çatmayan istəkləri ilə baş tutmadı.
7. 12 oktyabr 1992-ci il tarixində Prezidentin rəhbərliyi ilə Azərbaycan Respublikasının nümayəndə heyəti RF-na rəsmi səfərə getdi. Həmin səfər zamanı mən, o dövr üçün çox mühüm hərbi əhəmiyyət kəsb edən “Giləzi” strateji hərbi arsenalının bölünmədən respublika MN-nə verilməsi məsələsini RF-nın MN-i P.Qraçovla həll edib, rəsmi protokol imzalayıb sevinə-sevinə Prezidentin qaldığı apartamentə gəldim. Bütün nümayəndə heyəti Prezident apartamentindəki yemək otağında, əhvali-ruhiyyələri yüksək, hündürdən danışıb gülürdülər. Mən qapıda görsənən kimi otağa lal sükut çökdü. Əbülfəz bəy bu susanların üzünə baxaraq “Ay filankəslər, bayaqdan arxasınca danışırdınız, indi niyə susdunuz? Buyurun üzünə deyin.”
Təbii ki, arxamca dedikləri uydurmaları üzümə deməyə cəsarətləri çatmayan bu “bəy əfəndilər” həmin sükutla da Prezidentin apartamentini tərk etdilər. Mən vəziyyəti Prezidentə məruzə edib “Giləzi” arsenalının bölünmədən bizə verilməsi barədəki rəsmi protokolu ona təqdim etdim. Bakıya qayıdan kimi ikinci istefa ərizəsini Elçibəyə verdim. O, bu dəfə də istefamı qəbul etməyəcəyini qəti şəkildə bildirdi.

8. Elan olunmamış müharibənin getdiyi dördüncü ildə yaranmağa başlamış milli ordumuzun qeyrətli oğullarının qanı-canı, qəhrəmanlıqları hesabına artıq DQ-ın ümumi ərazisinin 52%-ni azad etmişdik. 1988-ci ildən bağlanmış Tər-tər – Kəlbəcər yolu tamamilə azad edilib, Sərsəng su hövzəsi bizim nəzarətimizə keçib. Laçının 67 yaşayış məntəqəsi və Gədəbəydən Baş-kənd düşmənlərdən təmizlənib. Bütün çətinliklərimizə, təcrübəsizliyimizə baxmayaraq, yüksək vətənpərvərlik hesabına ordumuzun avanqard hissəsi Xankəndinin 8-12 km.də dayanmışdı ! Ermənilərin Yerevanda “Qarabağdan imtina” tələbi ilə oturaq mitinqlər keçirdiyi bir vaxtda, yəni 1992-ci ilin noyabr ayında, eşitdiyimə görə Sabir Rüstəmxanlının təşəbbüsü və vasitəsi ilə Ermənistan parlamentinin deputatı Aşot Beloyan 55 (əlli beş) erməni deputatın imzası ilə müraciət gətirir. O dövrdə İsa Qəmbər və digər rəsmi şəxslərlə görüşür və DQ məsələsini iki respublikanın ziyalıları səviyyəsində həll etmək təşəbbüsündə bulunur. Lakin hansı müəmmalı səbəbdənsə həmin müraciət nə üzə çıxır, nə də müzakirə olunur. Həmin dövrdə İsa Qəmbər böyük təlaş içərisində mənə zəng edərək həmin deputatı – Aşot Beloyanı – sağ-salamat Ermənistana yola salınmasını xahiş edir. Son dərəcə gərgin bir dövrdə mən bu deputatın Azərbaycana nə üçün gəlməsinin səbəbini belə İsa Qəmbərdən xəbər almadan 3-cü korpusun (Tovuzun) ərazisindən onu Ermənistana yola salmağı Dadaş Rzayevə tapşırdım.
Elə bu ərəfədə – oktyabr (1992-ci il) ayında Elçibəy iqtidarında hüquqi baxımdan ikinci, faktiki isə birinci kimi özünü hiss edən İsa Qəmbər çox gərgin və məsuliyyətli tarixi məqamda AXC iqtidarını, təntənəli qurultay keçirərək , Müsavat partiyasını yaradaraq koalision AXC-Müsavat iqtidarına çevirir. Hələ bu da azmış kimi, həmin dövrdə vəzifəli şəxslərin böyük əksəriyyətinə “Müsavat” partiyasına üzv olmaq göstərişini verir!? Özünü Əbülfəz Elçibəyin sədaqətli kadrı kimi cəmiyyətə sırımağa çalışan İsa Qəmbər, artıq özünü qısa müddətdən sonra Prezident kürsüsündə görür.
9. Mən 1993-cü il qış hərbi kompaniyasına başlamaq məqsədi ilə noyabr (1992) ayının ikinci ongünlüyündə Baş Qərərgah rəisini və digər idarə rəislərini Gəncə şəhərinə ezam etdim. Onlar Şəmkir ərazisində yerləşən “Seyfəli” hərbi döyüş poliqonunda geniş miqyaslı hərbi təlimlərə başladılar. O poliqona həmin dövrdə artıq müəyyən qədər döyüş təcrübəsi olan 5000 (beş min) nəfərə yaxın hərbi qüvvə təlimlərə cəlb olundu. Elə həmin vaxtda 3-cü korpus Gədəbəydəki mövqelərindən Ermənistanın Krasnaselsk və Orcanokidze rayonlarını müntəzəm olaraq artileriya atəşi altında saxlayaraq uğurlu mövqe döyüşləri aparırdı. Bu döyüşlər nəticəsində ermənilərin ərazisində olan altı strateji yüksəklikdən dördünü 3-cü korpusun qüvvələri ələ keçirmişdi. Eyni zamanda Krasnaselsk və Orcanokidze rayonlarının əhalisinin böyük əksəriyyəti evlərini tərk edərək Yerevanda gedən oturaq mitinqlərə qoşulmuşdular… Seyfəlidə gedən hərbi döyüş təlimlərinin yekunu olaraq, səhv etmirəmsə, ikinci ongünlüyünün sonuna baş hərbi döyüş təlimini təyin etdim. Bu təlimə yenə də başda Ali Baş Komandan olmaqla rəhbərlikdə olan “möhtərəm bəy əfəndilər”i dəvət etməyimə baxmayaraq, özləri gəlmədikləri bir yana dursun, Respublika Televizyasının çəkliş qrupunu da göndərmədilər. Təbii ki, müharibə aparan gənc ordumuza qarşı respublika rəhbərliyinin bu qeyri-insani, laqeyid, ögey münasibəti hər addımda öz mənfi təzahürünü biruzə verirdi.
10. Dekabrın sonunda, səhv etmirəmsə, 26-28 də gecədən xeyli keçmiş mənim Prezidentin yanına çağırılmağım məsələnin əsl mahiyyətinə işıq salmağa başladı. Mən Prezidentin xidməti otağına daxil olanda adəti üzrə İsa Qəmbər də orada əyləşmişdi. (Mən işlədiyim müddətdə Əbülfəz bəylə barmaqla sayılacaq qədər ikilikdə görüşmüşəm. Görüşlərin əksəriyyətində İsa Qəmbər Prezidentin yanında əsas söz sahibi olub) Elə ilk sözə başlayan kimi, necə deyərlər, “xoruzun quyruğu” göründü. Əbülfəz bəy mənə Gəncədə Surət Hüseyinovun rəhbərliyi ilə dövlət çevrilişi hazırlandığını dedi. Bəydən belə bir ifadəni eşidəcəyimi ağlıma belə gətirmirdim. Mən qəti etiraz etdim və konkret faktların ortaya qoyulmasını istədim. Əlavə etdim ki, əgər belə bir şey varsa deməli Müdafiə Naziri olaraq bu işə birbaşa mən başçılıq edirəm. Bu isə mümkün deyil. Dedim: “Bəy, mənim sizinlə bəzi məsələlərdə mövqe ayrılığım ola bilər. Bu da ki, çox təbiidir. Lakin mənim Ali Baş Komandan kimi qəbul edib rəhbərliyi altında MN-i olaraq fəaliyyət göstərdiyim Prezidenti ancaq mənim meyitimin üstündən keçərək devirmək olar. Bəy, məni ətrafındakı əyləşdirdiyin və Prezident kreslosuna göz dikənlərlə dəyişik salma!” Söhbətin bu yerində İsa Qəmbər müdaxilə edib: “Əgər bizimlə birlikdə işləmək istiyirsənsə Surət Hüseynovun korpusun rəhbəri vəzifəsindən azad olunması üçün təqdimat yazmalısan.” Mən İsa Qəmbərə: “Sizinlə işləmək istəmədiyim barədə rəsmi yazılı iki istefa ərizəsi vermişəm” – deyərək, üzümü Əbülfəz bəyə tutub və dedim: “Bəy, siz özünüzü ədalətli, demokratik bir Prezident hesab edirsiniz. Xahiş edirəm çox zəruri hesab etdiyim suallara imkan daxilində cavab verəsiniz. Birincisi, heç vaxt AXC üzvü olmayan, hərəkatda iştirak etməyən Surət Hüseynova iki mühüm dövlət və hökumət vəzifələrini bir günün içərisində kimin təqdimatı ilə verdiniz?” Bəy bu sualı cavabsız qoydu.
İkinci, “Siz mənə cavab verməyə bilərsiniz – Həmin vəzifələri ona verdikdən sonra Surət Hüseynova hər hansı tapşırıq veribsinizmi?” – Bəy “yox” cavabı verdi.
Üçüncü, “Ona vəzifə verildikdən sonra keçən altı ay müddətində onu bir dəfə də olsa qəbul edib hansı işləri gördüyü barədə hesabat tələb etmisinizmi?” – Cavab – “yox”!
“Bəy, mənim qarşıma çevriliş hazırlanması barədə bir dənə də olsa fakt qoymadan hansı ədalət arşını ilə məndən Surət Hüseynovun korpus rəhbərliyindən azad edilməsi barədə təqdimat yazmağı tələb edirsniz? İllərlə söydüyümüz kommunistlər, heç olmasa, formal da olsa, ittiham etdikləri şəxsi və ya şəxsləri çağırıb bir rəsmi iclasda ondan haqq-hesab tələb edirdilər. Sizin təhlükəsizlik şurası var. Buyurub bu məsələni o şuranın gündəliyinə salın. Məni də, Surət Hüseynovu da, digərlərini də o şuraya çağırıb məhşər ayağına çəkin. Kimin xəyanəti, cinayəti, günahı üzə çıxarsa, kimliyindən asılı olmayaraq qanunun ən sərt, güzəştsiz tərəfi ilə mühakimə olunub layiq olduğu ən ağır cəzaya məhkum edilsin. Bir də ki, Prezident olaraq Surət Hüseynovu azad etmək istəyirsnizsə mənim təqdimat yazmağıma nə ehtiyac var ki?”
Təəssüflər olsun ki, o vaxt gözləri ayaqlarının altını görməyən “hörmətli bəy əfəndilər” bu cəsarətdə, bu ləyaqətdə, bu qətiyyətdə buluna bilmədilər.
Mən bu mövzuda başladığım yazımın kimsənin təkzib edə bilməyəcəyi danılmaz, korun da görə biləcəyi, zəif ağıl sahibinin də dərk edəcəyi, nadanın da inkar edə blməyəcəyi faktlarla çox uzada bilərəm. Ancaq bir-iki faktı da möhtərəm oxucuların diqqətinə çatdırmaqla “Yeni Müsavat”ın “Elçibəy iqtidarının səhvləri” başlığı ilə oxuculara təqdim etdiyi saxta yazıya cavabımı yekunlaşdırmaq istəyirəm.
11. Artıq təqvimdə 4 fevral 1993-cü ildir. Mən Gəncənin “Üç təpə” deyilən ərazisindəki qonaq evində 104-cü desant dviziyasının əmlakının respublikamızda saxlanması üçün RF MN-nin HDQ-nin komandanının müavini general-leytenant Çindarovla danışıqlar aparırdım. Təxminən gündüz saat 12:00, 13:00 radələrində Surət Hüseynov gəlib mənə Ağdərənin Çıldıran kəndinə ermənilər hücum edərək oranı aldıqları barədə ağır xəbər verdi. Mən görüşü yarımçıq qoyub təcili Ağdərəyə getdim. O vaxt həmin ərazi indi MN-nin Baş Qərərgahının 22 ildir ki rəisi, general-polkovnik, o vaxt polkovnik rütbəsində olan Nəcməddin Sadıqovun rəhbərlik etdiyi briqada tərəfindən qorunurdu. (Mən istefa verəndən xeyli sonra bəlli oldu ki, briqada komandri Nəcməddin Sadıqov ermənilərin hücumu olmadan , mobil qərərgah yerləşən avtomobili ön xəttə posta olan əsgəri hissədən bixəbər kənddən çıxarıb. Bu “ xidmətlərinə” görə cəbhə hakimiyyəti ona növbədən kənar polkovnik rütbəsi aldıqdan cəmisi səkkiz ay sonra general mayor rütbəsi verib və 2-ci korpusun komandanı təyin edib. Bu yüksəlişlərdən ruhlanan N.Sadıqov qısa müddətdə Kəlbəcərin də işğalında öz “xidmətlərini” əsirgəməyib. Ağdərədə vəziyyətin gərginləşdiyi bu ağır məqamda general Dadaş Rzayev məndən xəbərsiz prezident aparatına çağırılır. Ondan uğurlu mövqe döyüşlərini saxlamaq tələb olunur. Bu “xidmətinin” müqabilində D.Rzayev MN-i təyin edilir. Bu mötərizədə qeyd etdiklərim isə geniş bir yazının mövzusudur. – R.Q.) Mən Ağdərədə olduğum 4-10 fevral 1993-cü il müddətində vəziyyəti bərpa edə bildik. Həmin müddətdə əldən verilmiş Voquaz, Drambon, Çıldıran qeyrətli döyüşçülərimiz tərəfindən qaytarıldı. Elə bu ərəfədə, yəni 7 fevral 1993-cü il tarixində Ordubaddan Bakıya dəvət edilən Fərəc Quliyev AXC-nin icrayə komitəsinin sədri təyin olunur və həmin gün də MN-də və 2-ci korpusda baş verən “qanunsuzluqlar, hərcmərclik” barədə bəyanat yayır.
Zəruri haşiyə:
Heç bir dövlət, nazirlik, idarə xəyanətdən, səhlənkarlıqdan və məqsədli və ya bilməməzlikdən törədilən cinayətlərdən sığortalanmayıb, o cümlədən də Azərbaycan və konkret olaraq MN-i. Nə üçün həmin ilin yanvar ayının üçüncü ongünlüyündə keçirilən uğursuz “Fərrux” əməliyyatı Ali Baş Komandanın rəhbərliyi ilə təhlükəsizlik şurasında müzakirə edilmədən, günahkarlar, xəyanətkarlar müəyyənləşdirilib onlar barəsində ən yüksək səviyyədə qərar qəbul olunmadan, belə mühüm məxfi hərbi məsələ barəsində həmin gün Naxçıvandan gəlib vəzifəsinin icrasına başlamadan, ictimai təşkilat olan AXC-nin icra komitəsinin sədri bəyanat verlir? O məxvi sənədləri kim və hansı məqsədlə AXC-yə ötürür?
Dəyərli oxucular, diqqətinizi çox məkrli niyyətlərlə verilmiş həmin bəyanatın arxasında duran üzdəniraqlara və həmin bəyanatın verilmə tarixinə (yəni 08 fevral 1993) yönəltmək istəyirəm. Yazının əvvəlində dekabrın 26-28 tarixində Prezidentin yanına çağırılanda mənə xatırlatdılar ki, Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişi hazırlanır (əslində bu mənim ünvanıma şərəfsizcəsinə atılan daşdır). Həmin tarixdə mən Ağdərədəyəm, Prezident Əbülfəz bəy Gəncəyə səfər edib. İndi siz diqqət yetirin. Azərbaycana həmin dövrdə arxadan vurulan ən böyük xəyanət zərbəsi olan AXC-nin bəyanatı nəyə hesablanıb. Bu olmayan vicdanın sahibləri – bəyanatın müəllifləri, mirzələri və arxasında duran şərəfsizlər, olmayan ağılları ilə düşünüblər ki, bəyanat efirə gedən kimi emosional olan Rəhim Qazıyev Ağdərədən, əsəblərini ram edə bilməyən Surət Hüseynov isə elə həmin gün Gəncədə qonaq evində olan Prezident Əbülfəz bəyə qarşı mütləq sui-qəsdə cəhd edəcəklər. Siz təsəvvür edin, indi də özlərini Elçibəy yolunun davamçıları hesab edən bu nadanlar hansı qeyri-insani yola əl atıblar. Bu hakimiyyət rəzillərinin qurduğu hiylə, məkirli niyyət baş tutmadı. Onların düşündüyü özlərinə xas olan həmin məkirli niyyətlər heç vaxt məndə olmayıb, o cümlədən də Surət Hüseynov da bu xəbis ideyanın daşıyıcısı olmayıb. Əgər nə isə xoşagəlməz bir hərəkət baş versəydi, həmin gün Gəncədə olan Prezidentə qarşı tərəfimizdən hörmətsizlik olardı.
İndi isə Əbülfəz Elçibəylə Heydər Əliyevin 8 (səkkiz) saatlıq görüşü barədə. 1993-cü il yanvarın 31-i ya da fevralın 1-də səhər saat 9:00-10:00 radələrində mən Prezidentin yanına vəziyyəti məruzə etmək üçün gəldim. Oradan çıxıb vertolyotla Qusardakı yenicə yaranmış moto atıcı alaya, oradan da cəbhə xəttinə uçmalı idim. Mən Elçibəyin xidməti otağına daxil olanda həmişəki kimi İsa Qəmbər də orada idi. Prezidentə vəziyyəti məruzə edib otaqdan çıxmaq istəyəndə İsa Qəmbər dedi ki, onu da Fəxri Xiyabanda dəfn etmək istiyirlər. Mən kimin vəfat etdiyini xəbər aldıqda, akademik Həsən Əliyevin vəfat etdiyini İsa Qəmbər mənə bildirdi. Mən təəccüb içində – bəs ölkənin tanınmış görkəmli alimini harada dəfn etmək istiyirsiniz – soruşdum. İsa Qəmbər rəhmətlik Həsən Əliyevin Fəxri Xiyabanda dəfn olunmağını istəmirdi. Mən Elçibəyə bu görkəmli alimin Fəxri Xiyabanda dəfn olunmasının vacibliyini qeyd edib, ölkə rəhbərliyinin də hökmən dəfndə iştirakının vacibliyini qeyd etdim. Həmin gün mən cəbhə xəttindən axşam qayıtdım və birbaşa Həsən Əliyevin hüzür mərasiminə (Səməd Vurğun küçəsi ilə Bakıxanovun kəsişməsində olan) getdim. Matəm çadırında mərhumun yaxınları, qardaşları və oğlu Rasim Əliyevlə görüşüb başsağlığı verdim. Məlum oldu ki, nə Prezident, nə spiker, nə dövlət katibi, nə də Baş Nazir dəfn mərasiminə qatılmayıblar…
Səhv etmirəmsə 11 fevral (1993) cümə axşamı günü idi. Axşam saat 21:00 da Prezidentin yanında müşavirə qurtaran kimi Əbülfəz bəy məni xidməti otağına dəvət etdi. Həmişə olduğu kimi İsa Qəmbər də Prezidentin xidməti otağında idi. Elə bu vaxt Əbülfəz bəyin köməkçisi, sonradan süi-qəsd nəticəsində öldürülən Gürşad Zərbəliyev otağa daxil olub Heydər Əliyevin qardaşının yas mərasimində iştirak etmək üçün Bakıya gəldiyini dedi. Məlum oldu ki, həmin günə kimi ölkə rəhbərliyindən heç kim yas mərasimində İsa Qəmbərin təkidi ilə iştirak etməyiblər. Mən Prezidentdən təkidlə xahiş etdim ki, hökmən gedib başsağlığı vermək lazımdır. Beləliklə Əbülfəz bəy, İsa Qəmbər və mən Prezidentin xidməti maşınında həmin, yuxarıda qeyd etdiyim, mərhum Həsən Əliyevin yaşadığı ünvana getdik. Biz ora çatanda yas çadırında heç kim olmadığından rəhmətliyin 3-cü mərtəbədəki mənzilinə qalxdıq. Orada Heydər Əliyevlə birlikdə mərhumun oğlu Rasim Əliyev, rəhmətlik Sirus Təbrizli, Rusiyadakı keçmiş səfir Ramiz Rzayev, Murtuz Ələsgərov və indi adları xatirimdə qalmayan bir neçə nəfər də var idi. Biz orada bir saata qədər oturduq. Əbülfəz bəylə Heydər Əliyevin o məşhur 8-saatlıq görüşü həmin axşamın səhərisi gün baş tutdu.
16 fevral 1993-cü il tarixində Prezident məni keçmiş göz xəstəxanası ilə üz-üzə olan iqamətgahına dəvət etdi. Bu dəfə Əbülfəz bəyin yanında heç kim yox idi. Biz ikilikdə müxtəlif məsələlərdən danışıb müzakirələr apardıq. Görüşün sonuna yaxın Əbülfəz bəy Milli Məclisin qapalı iclası olacağı və həmin iclasda həm də uğursuz “Fərrux” əməliyyatı barədə müzakirələr olacağını bildirdi. Mən belə bir müzakirənin keçirilməsinin zəruri olduğunu dedim. Mən Prezidentdən ayrılanda sabahkı MM-n qapalı iclasında əsəbləşməməyi mənə tövsiyyə etdi. Mən Prezidentin bu tövsiyyəsini də normal qəbul edib, onun arxasında hər hansı hiylə-məkirin durduğunu heç ağlıma belə gətirmədim. 17 fevral, axşam saat 17-18 radələrində MN-nin məsul işçiləri, o cümlədən də müavinim rəhmətlik Vahid Musayevlə MM-in iclasına getməyə hazırlaşırdıq. O rəhmətlik – Bəy, orda səni əsəbləşdirib istefa vermək həddinə çatdıracaqlar. Xahiş edirəm əsəbləşməyəsən və söz ver ki, istefa verməyəcəksən. O ifadəsini təkrar-təkrar mənə dedi. – Mən o rəhmətliyə möhkəm söz verdim. Çox təəssüflə irəli gedərək bildirirəm ki, sözümün üstündə durmadım, növbəti dəfə səhvlərimdən birini etdim. Necə deyərlər, bu məkirli şəxslərin xüsusi ustalıqla qurduğu tora, əsəblərimin qurbanı olaraq rahatlıqla, həm də bu “bəy əfəndilərin” istəyinə uyğun olaraq düşdüm.
Möhtərəm oxucularda çox haqlı sual yarana bilər ki, bəs həmin 17 fevral 1993-cü il tarixindəki MM-in qapalı iclasında mənim barəmdə hansı “təkzib olunmaz” cinayət faktı üzə çıxdı ki, istefa vermək məcburiyyətində qaldım? Həmin bu ana qədər fakt kimi ortaya qoyulmayan, şərəfsizcəsinə söylənən bir böhtan o dövrdə Milli Təhlükəsizlik Nazirinin birinci müavini Sülhəddin Əkbərov tərəfindən ortaya atıldı. O, çıxışı zamanı “Bizim əlimizdə Rəhim Qazıyevin ruslara işləməsi barədə fakt-telefon yazısı var” – dedi, lakin, nə hər hansı fakt ortaya qoyuldu, nə də ki, o dediyi əllərində olan telefon danışığı səsləndirildi. Mənim tələbimə baxmayaraq “faktlar” və telefon yazısı MM-ə təqdim edilmədi. Bu “bəy əfəndilər” artıq öz şərəfsiz niyyətlərinə çatmışdılar. Mən əsəblərimi heç cürə cilovlaya bilmirdim. Çıxış edib həmin əllərində olduğu iddia edilən 104-cü diviziyanın komandanı general Şerbakla 08.02.1993-cü il tarixində Ağdərədə olduğum zaman “VÇ” telefonu ilə aramızdakı danışığı olduğu kimi açıqladım. Mən Ağdərədən Şerbaka zəng edib demişdim, “Valeri Vitalyeviç, zdravstvuyte. Qospodin qeneral, oçen proşu mne pomoqite zdes podpravim polajeniya.” O dedi – “Qospodin Ministr, vı zaşşişayete rodinu, zemlyu, a vaşi xotyat vaş uniçtojat.” (Haşiyə – həmin gün, yəni 08.02.93-cü il tarixində Ağdərədə mənim olduğum qərərgah hədəf götürülərək 152 mm-lik artileriya qurğusundan üç ədəd mərmi atılmışdı. Lakin mərmilər qərərgahdan 150-200 metr uzağa düşüb bir yaşayış evini dağıtmış və 6-7 yaşlarındakı bir oğlan uşağını yaralamışdı. Bu işin qəribəliyi onda idi ki, həmin dövürdə ermənilərdə 152 mm-lik artileriya qurğusu yox idi, atan özümüzünkülər idi. General Şerbak da bütün bunları çox yaxşı bilirdi) Mən onu dinləyib cavabında dedim: “Şerbak, oçen proşu tı mne pomoqi, podpravim polojeniya, svoimi poddonkami ya sam razberus.”
Burada hörmətli oxuculara təqdim etdiyim general Şerbakla olan telefon danışığımı olduğu kimi də MM-in həminki iclasında çıxışım zamanı dedim.
Təbii ki, illər keçməsinə, həmin keçən illər boyu barəmdə sifarişlə qaldırılan cinayət işi barədə başlanıb (1994-cü il iyul – may 1995)(2002 may – dekabr 2003) sona yetən iki açıq məhkəmə prosesinin və ibtidai istintaqın (51 cild 11 000 səhifə) materiallarında Sülhəddin Əkbərin sənədsiz-sübutsuz həmin ittihamları təsdiqləyəcək bir cümləlik belə sənəd yoxdur və ola da bilməz! Şübhəsiz ki, hərəkata gəldiyi gündən bu günə qədər bütün partiyaları gəzib, ancaq ara qatmaqla, böhtan atmaqla gündəmdə qalan sülhəddin kimilər hələlik mövcud rejimə zaman-zaman lazım olurlar, yəqin ki, müəyyən müddət də onun kimilərdən istifadə ediləcəkdir.
Məşhur atalar sözündə deyildiyi kimi “Bitə acıq edib, köynəyi oda atdım” . Üçüncü istefa ərizəsini yazıb, həmin gecə – 50 yaşımın tamam olduğu gün nazirliyi birdəfəlik tərk etdim. Bu mənim heç vaxt özümə bağışlamadığım, həyatım boyu elədiyim ən kobud 3-4 səhflərdən ən böyüyüdür. 20 fevral 1993-cü ildə Prezident tərəfindən istefam qəbul olundu. Mən MN və Baş Nazirin birinci müavini vəzifəsindən Prezident fərmanı ilə azad edildim.
2006-2007-ci ildə mən “Müsavat” qəzetində müsahibə vermək üçün dəvət olunanda Baş Redaktor Rauf Arifoğlu xidməti otağında əməkdaşların yanında çox böyük qürur hissi ilə – həmin bəyanatı mən bu əllərimlə özüm yazmışam – dedi.(Fərəc Quliyevin bəyanatı)
1993-cü ilin iyun-iyul aylarında MM-in bir başa canlı yayıma gedən iclaslarında Heydər Əliyevin üstünə şığıyanlar indi həmin rejimin qoltuğunun altından çıxırlar. Bəziləri üstünə şığıdığı rejimin təyinatlı deputatı, digərləri isə ünvanına illərlə təhqir, söyüş yazdıqları rejim sahibinin əlindən mükafatlar, orden-medallar alaraq minnətdarlıqla onların qarşısında sədaqətlə xidmətlərində durmağa hazır olduqlarını xəcalət çəkmədən nümayiş etdirirlər. Son nəticədə bunun da adını “Elçibəy iqtidarının fevral səhfləri” qoyurlar.
P.S.
Bundan sonra Prezident kreslosu uğrunda savaş Prezident olmaq istəyən şəxslərin özləri və tərəfdarları arasında daha böyük şərəfsizliklə, qəddarlıqla və amansızlıqla davam etdirilərək az müddətdən sonra tamamilə açıq müstəvidə aparılmağa başladı.
Mənim istefamdan sonra baş verənlər tamamilə daha geniş, təkzib olunmaz faktlarla dolu çox zəruri bir əlahiddə yazının mövzusudur.
P.P.S.
Möhtərəm oxucular, ünvanıma illər uzunu qərəzlə uydurulmuş yalan-böhtanları olmuş həqiqətlər kimi cəmiyyətə sırımaq istəyən “möhtərəm bəy əfəndilərin” Sülhəddin Əkbər də daxil olmaqla hər birinin məndən 15-20 yaş cavan olmalarına baxmayaraq torpaqlarımızın işğaldan müdafiə olunması uğrunda qeyrətlə vuruşan övladlarımızın sırasında bir saat da olsun döyüşməyiblər. Yəqin, bu “möhtərəm bəy əfəndilər” hesab edirlər ki, onlar ancaq iqtidar, lider olmaq üçün bu dünyaya xüsusi missiya ilə zühur ediblər.

LEAVE A REPLY