Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Ans press-in məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Xocalı şəhidlərini rəhmətlə anır: “Azərbaycan xalqına səbr diləyirik”.
Ötən gün isə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı haqqında danışarkən hadisəni törədənləri lənətləyib.
“Soyqırımın 24-cü ildönümü qeyd olunacaq. Biz yenidən Xocalı soyqırımını törədənləri lənətləyirik”, – Çavuşoğlu bildirib.
Soyqırım 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Həmin gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib.
Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib, soyqırımın qurbanı olub.
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.