Ermənilərin Azərbaycana qarşı “Kürd planı” – Absurd iddialar nəyə əsaslanır?
Ermənistanda yaşayan yezidi kürdlərinin lideri Əziz Tamoyan Azərbaycan əlehinə bəyanat verib.
Ə.Tamoyan Dağlıq Qarabağda dekabrın 19-da öldürülmüş PKK terrorçusunu müdafiə edərək öldürülən əsgərin terrorçu deyil, Ermənistanda yaşayan kürdlərdən biri olduğunu bildirib.
“Son vaxtlar Azərbaycan mətbuatı Ermənistan -Azərbaycan sərhəddində öldürülən yezidi kürdü olan əsgəri PKK-çı kimi təqdim edərək öz xeyirlərinə istifadə edirlər. Bildirmək istəyirəm ki, Ermənistanda digər azsaylı xalqlarla yanaşı, 60 min yezidi kürdü yaşayır və onların hüquqları qanunla qorunur. Kürd və erməni xalqları qardaşdılar, onları bir birlərinə tarixi tellər bağlayır” – deyə, Ə.Tamoyan qeyd edib.
Politoloq Elxan Şahinoğlu Ermənistandakı yezidi kürdlərinin liderinin bəyanatını AzNews.az-a şərh edib. O, Tamoyanın sözlərinin Azərbaycanla Ermənistan arasındakı informasiya müharibəsinin bir hissəsi olduğunu qeyd edib: “Bəllidir ki, Azərbaycanla Ermənistan arasında informasiya müharibəsi gedir. Ona görə belə mətbuat konfransları informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu kimi fikirlərlə Azərbaycanı başqa millətlərə qarşı “əzazil” obrazında göstərmək istəyirlər. Azərbaycan hazırda dünyada multikultural siyasət yürüdən dövlətlərdən biri kimi tanınır. Məhz bu fikirlərə mane olmaq üçün, kölgə salmaq üçün Ermənistan dövləti bu kimi addımlar atır. Qarabağda öldürülən şəxsə gəlincə, Ermənistan işğal olunmuş torpaqlarımıza kimi göndərirsə göndərsin, biz o hədəfi vuranda baxmırıq ki, orada dayanan erməni mənşəlidir, kürd yezididir, yoxsa PKK-çıdır. Dövlət başçısının da siyasəti bundan ibarətdir ki, bizim işğal olunmuş ərazilərimizdəki postlar vurulacaq. Ona görə bizim üçün fərq etmir ki, oradakı kimdir. Bizim heç bir millətlə problemimiz yoxdur”.
Əziz Tamoyan bəyanatında Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən yezidi kürdlər haqqında da danışıb:
“Qeyd etmək istəyirəm ki, Qarabağ müharibəsi zamanı erməni qardaşlarımızla yanaşı, 500 nəfərdən ibarət yezidi kürdü də döyüşürdü. Ermənistanın tam hüquqlu vətəndaşları kimi, bu gündə gənc yezidlər Erməni xalqının mənafeyini və sərhədlərini qoruyurlar”.
Siyasi şərhçi E.Şahinoğlu yezidi kürdlərinin liderinin bu fikirlərini də şərh edib. O, Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunda da kifayət qədər kürd olduğunu və qəhrəmanlıqla həlak olduğunu vurğulayıb: “Azərbaycan vətəndaşları içərisində də xeyli kürd mənşəli insanlar var. Onlar Azərbaycana sadiqdirlər. Qarabağ savaşında nə qədər kürd qardaşımız qəhrəmanlıqla həlak olub. O fikirlə də razı deyiləm ki, guya ermənilər hər zaman kürdlərə dəstək veriblər və kürdlər hər zaman Ermənistanda gözəl həyat sürüblər. Necə ola bilər ki, Ermənistan əhalisinin özü acından ölür, amma kürdlər burada yaxşı vəziyyətdə yaşayır? Bu, nonsensdir. Əgər Ermənistanda əhali özü yaxşı yaşasaydı, milli azlıqlar bir gün görsəydi, niyə ruslar kütləvi olaraq buranı tərk edərdi? Elə ermənilərin özləri – niyə ölkələrini tərk edərdilər?”