“Azərbaycan öz əhalisinin yarıdan çoxunun qazını kəsib bizi qızdırdı…”
Gürcüstanın eks-prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan hökumətini “Qazprom”la danışıqlara görə kəskin tənqid edib. Virtualaz.org xəbər verir ki, Saakaşvili bu danışıqlara görə, milyarder, keçmiş baş nazir Bdzina İvanişvilini günahlandırıb. Deyib ki, İvanişvili təkzib etsə də o, “Qazprom”un ən iri özəl səhmdarı olaraq qalır. Saakaşvilinin sözlərinə görə, “Qazprom”un səhmdarı göstərişi birbaşa Kremldən alır. “Yoxsa KQB kimisə “Qazprom”a elə-belə buraxardımı?” – Saakaşvili əlavə edib.
Eks-prezident habelə gürcü əhalisinə xatırladıb ki, Gürcüstan üçün ən ağır vaxtlarda Azərbaycan köməyə gəlib: “Azərbaycan öz əhalisinin yarıdan çoxunun qazını kəsdi və bizi qızdırdı. Doğrudanmı bizim yaddaşımız belə qısadır?! 2005-ci ildə “Qazprom” bütün Gürcüstanın qazını kəsdi, xirtdəyimizdən yapışdı, Azərbaycan isə öz əhalisinin yarıdan çoxunun qazını kəsib bizi qızdırdı. Sonra bizə elə müqavilə və elə ucuz qaz verdi ki, dünyada heç kim belə ucuz qaz almır, əgər özləri qaz hasil etmirsə. İndi bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir-deməlidir ki, biz nankor xalqıq? Yəqin xalqı günahlandırmaq düzgün olmaz, ancaq xalqın belə nankor rəhbərliyi var. Bunlar faktdır”-Saakaşvili deyib.
Keçmiş prezidentin sözlərinə görə, Rusiyanın Gürcüstanla bağlı üç məqsədi var idi: onun hakimiyyətini devirmək, “Qazprom”u Gürcüstana qaytarmaq, Gürcüstanı Qərbin dəstəyindən məhrum etmək. “İndi bu məqsədin hər üçünə “Gürcü arzusu” koalisiyasının hesabına çatıblar”-Saakaşvili deyib.