Babayevlər imperiyası: Bakıdan Dubaya qədər əyləncə – I YAZI (FOTOLAR)
Son vaxtlar mediada məmur və övladlarının dəbdəbəli həyat tərzləri tez-tez gündmə gəlməyə başlayıb. İqtisadi böhran fonunda bu mövzu xüsusilə aktual görünür. Çünki indi az qala hər kəsi bir sual düşündürür: neftdən gələn milyardalar hara və necə buxarlandı?
Normal ölkələrdə hansısa iş adamının və ya övladlarının milyonları necə xərcləməsi bunca qıcıq yaratmaz. Hər nə olsa da, bu onların şəxsi və qanuni qazanılmış varidatıdır. Amma Azərbaycanda təəssüf ki, nə rəsmi milyonçu var, nə də qanuni qazanılmış milyonlar.
Üstəlik, Azərbaycanda biznes mühiti məmur həyatı ilə sıx bağlıdır, ondan ayrı mövcud deyil. Təsadüfi deyil ki, Azərbaycanda biznesdən danışılanda ilk ağla gələn məmur oliqarxlardır. Doğrudan da, Azərbaycan biznesində at oynadan bütün şirkətlər indiki və ya sabiq məmurlara bağlıdır.
Qaynar.info-nun budəfəki araşdırmasının mövzsusu 1999-2005-ci illərdə Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə isə İqtisadi İnkişaf Naziri vəzifələrində çalışmış Heydər Babayev və onun yaxınlarının “biznes imperiyası”dır.
Araşdırmamız zamanı bu “imperiya”nın sərhədlərinin çox maraqlı konturları üzə çıxdı. Detallar və faktlar o qədər çoxdur ki, bunları bir yazıda toplamaq qeyri-mümkündür.
Öncə Heydər Babayevin qardaşı, Neft Bazasının keçmiş rəhbəri Yaşar Babayev, onun oğlu Niyaz Babayev, onların Bakıdakı və Dubaydakı fəaliyyətləri, Hacı Məmədov işindən xatırladığımız və hazırda Azərbaycandan qaçıb gizlənən Cavadağa Sultanovla əlaqələri, dəbdəbəli həyat tərzləri haqqında olacaq.
Yazının əvvəlində vurğuladığımız kimi, Yaşar Babayev də bizim digər oliqarxlarımız kimi bu sərvətə heç də hansısa nou-hau və ya uğurlu biznes layihəsi əsasında yiyələnməyib. Qardaşı nazir, özü Neft Bazasının rəhbəri olduğu zamanlarda qısa müddətdə fantastik sərvətə sahib çıxıb. Məhz bunun nəticəsidir ki, Bakıda, Türkiyədə, Dubayda çoxsaylı villalar və obyektlərin sahibidir. Yaşar Babayevin təkcə ötən yay Bakıda tikdirdiyi fantastik villasının dəyəri 20 milyon dollardan artıqdır!!! Dubay şeyxlərinin dəbdəbəli iqamətgahlarını belə kölgədə qoyan bu villa haqqında əlimizdə olan detallı məlumat və fotoları növbəti yazımızda təqdim edəcəyik.
Bakı Neft Bazasının keçmiş direktoru Yaşar Babayevin işdən azad edilməsinin səbəblərindən biri də onun övladının “superbahalı” maşınlardan asılılığı olmuşdu. Buna baxmayaraq Niyaz Babayev öz sərvətini sosial şəbəkələrdə reklam etməkdən hələ də vaz keçməyib və görünür bundan böyük zövq alır.
Rəsmi olaraq Niyazın adına Bayıl tərəfdə yerləşən beşulduzlu (əslində üç ulduza güclə çatar) “Crown Plaza” oteli var ki, burada nömrələrin qiyməti orta hesabla 200 manatdır. Şəhərin kənarındakı əksər hallarda boş olan bu obyekt öz gəliri ilə Niyaz Babayevin milyonlarla dollarlıq hesablarını və səyahətlərini ödəməyə bəs edərmi? Niyaz Babayev qüdrətli əmisinin vəzifədə olduğu vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Atasının neft sferasında o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və ürəyi istəyən kimi əylənib.
Bakının gecə əyləncələrinin vurğunu olub. Heydər Babayevin işdən azad edilməsindən sonra Bakıda qalmağın mənası da yox idi. Məmurlar əvvəlki kimi onun qarşısında əmrə müntəzir dayanmırdılar. Odur ki, Yaşar Babayevin oğlu özünü Dubaya çatdırdı. Dubaya getmək üçün bəhanə xeyli tutarlı olub: təhsil. Bəs necə, 600 -700 balla ali məktəblərə daxil olan savadlı gənclərimiz bulka almağa pul tapa bilmədiyi bir vaxtda sabiq nazirin qardaşı oğlu “Bentley”də şütüyürdü və Dubayın elit rayonunda – əfsanəvi “Palm Cumeyrah” adalarında yerləşən dəbdəbəli villasında yaşayırdı. Bu adada adi vilların qiyməti belə 2 milyon dollardan başlayır. Bəli, Dubay varlılar üçün cənnətdi. Niyaz Babayev dünyanın ən yaxşı kurortlarına səyahətlərini davam etdirir. Axı planetdə belə yerlər nə qədər istəsən var. Həm də müxtəlif cür istirahət etmək olar. Ekstremal idmanla əylənmək, Avstraliyada koala ayısını öz əllərinlə yemləmək, D.Keruakın “Yollarda” əsərinin qəhrəmanının izi ilə gəzmək…
O, ərəb şahzadələrinin getdiyi ən bahalı məkanlarda əylənir – Kann, Monako, Marbelyu, Sent-Rope, “Gotha” klubu, İstanbulun “Reina” klubu və s.
Aparılan araşdırmalar zamanı bəlli oldu ki, uzun müddət Bakı Neft Bazasına rəhbərlik etmiş Yaşar Babayevin xaricdəki biznesi oğlu Niyazın adına sənədləşib. Həm Azərbaycanda, həm xaricdə mülkləri, biznes sahələri var. Ümumiyyətlə, Heydər Babayev işdən çıxarılandan sonra onun yaxın qohumları daha çox xaricdəki mülklərində yaşamağa üstünlük veriblər. Bu baxımdan maraqlıdır, rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin və qohumlarının xarici ölkələrdəki dəbdəbəli istirahətlərini nə ilə maliyyələşdirirlər?
Ölkənin birinci şəxsi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq Niyaz Babayev Bakıda da “Bentley”lə şütüyür. Bunu da başa düşmək olar. Belə “VİP-persona” qotur “Şkoda”da gəzəsi deyil ki… Sevimli bala təhlükəsizlik kəməri taxmağa da ehtiyac görmür, əvəzində 9 yaşlı qohumunu ön oturacaqda əyləşdirib şütüməyə üstünlük verir. Nə qayda-qanun axı? Qayda-qanun DYP üçündür, bunun Niyaza nə dəxli var?!
Sadəcə olaraq bunu bilməyi çox istərdik ki, rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin dəbdəbəli istirahətlərini və əyləncələrini davam etdirməyə imkan verən bu qədər pulu haradandır?
Aşağıda sizə Niyaz Babayevin dəbdəbəli həyat tərzini əks etdirən bəzi fotoları təqdim edirik: