Sanksiyalarsız ilk 1 ay – İran 30 gündə dünyanı necə heyrətləndirdi?

0
5

Sanksiyalarsız ilk 1 ay – İran 30 gündə dünyanı necə heyrətləndirdi?

Bu gün Qərb ölkələri və BMT tərəfindən İrana tətbiq edilən sanksiyaların əksər hissəsinin götürülməsindən 1 ay ötür. Yanvarın 16-dan etibarən İran 10 ildir davam edən “sanksiyalar boyunduruğu”ndan qurtularaq ticarət və beynəlxalq iqtisadi münasibətlərdə azadlıq əldə etdi. Ötən 1 ayda iranlılar sübut etdilər ki, 10 il sanksiyalar altında qalmalarına baxmayaraq, nə diplomatiyada, nə də ticarət və sövdələşmələrdə formadan düşməyiblər. Əksinə, Tehran diplomatiyada və ticarətdə əsil qrossmeystr səviyyəsi nümayiş etdirir. 1 ay o qədər böyük müddət olmasa da, 30 gün ərzində İranın əldə etdiyi nəticələr hamını heyrətləndirir. Bu haqda bir az ətraflı bəhs edək.

Avropanın fəthi və İranın milyardlıq sövdələşmələri

İran prezidenti Həsən Ruhaninin Roma və Paris səfəri çərçivəsində İtaliya ilə enerji və infrastruktur layihələrinin gerçəkləşdirilməsi ilə bağlı 17 milyard dollarlıq sazişlər imzalandı. “Airbus” şirkəti İrana 114 sərnişin layneri satmağa,”Total” şirkəti gündə 150-200 min barrel neft almağa hazır olduğunu bəyan etdi. İspanlar isə Tehranla Cəbəllütariq boğazı rayonunda neft emalı zavodunun tikintisi üçün müzakirələrə başlayıb. Fransanın “PSA Peugeot Citroen” şirkəti isə İranın “Khodro” şirkəti ilə birgə müəssisə yaradılması üçün 400 milyon avro dəyərində müqavilə imzaladı.
İran Almaniyanı da diqqətdən kənarda qoymur. Son bir neçə ayda Almaniyanın 4 nümayəndə heyəti İranda səfərdə olub. Matın 1-də isə İranın İqtisadiyyat və maliyyə naziri Almaniyaya səfər edəcək. Almaniyada da milyardlıq müqavilələrin imzalanacağı gözlənilir. Alman şirkətləri logistika, dəniz ticarəti, limanlar, avtomobil sənayesinə maraq göstərirlər. İranlılar isə ən yeni alman texnologiyaları almağa ümid edirlər.
Ruhaninin Roma və Paris səfərləri, İran prezidentinin hansı tərzdə qarşılanması göstərdi ki, Avropa nəhəngləri son 10 ilin, hətta son 37 ilin problemlərini tezcə unutmağa hazırdırlar. Tehranın cazibəsi o qədər güclü, boş İran bazarında yer tutmaq o qədər vacibdir ki, indi Avropa paytaxtlarında prezident Həsən Ruhani ən çox arzulanan qonaq statusu alıb. Sanki, 3 il əvvəl Polşada müasir raket hücumundan müdafiə sistemi qurulmasını İranın zərbələrindən qorunmaqla izah edən heç ABŞ deyilmiş…

İranla yaxşı münasibətlər yaratmaq istəyi və iqtisadi baxımdan bu cür əlaqələrin vəd etdiyi perspektivlər Tehranın Suriya siyasəti, avropalıların “1 nömrəli qaniçən diktator” elan etdiyi Bəşər Əsədi dəstəkləməsi faktını belə gözardı etməyə yetərli olub. İndi Avropada heç kim İranın sabiq prezidenti Əhmədi Necatın bütün Avropanı şoka salan açıqlamalarını xatırlamaq istəmir. Avropa çoxdankı “Britaniyanın əbədi dostları yox, əbədi maraqları var” prinsipi ilə hərəkət etməyə üstünlük verir.
Bir müddət əvvəl Avropa üçün aktual olan İranda insan haqları, milli azlıqların hüquqları, terrorçuların dəstəklənməsi kimi məsələlər də ikinci plana keçib. İndi İranla bağlı bu məsələləri qabartmaq dəbdə deyil. Əsas prioritet rəqibləri qabaqlayaraq əlverişli müqavilələrin bağlanmasıdır.

Əsrlərin sınağından çıxmış fars diplomatiyası 10 illik izolyasiyaya baxmayaraq, görünür, bu mətləbləri yaxşı yadda saxlayıb. Həsən Ruhani məhz buna görə Avropa turnesində özünü çox inamlı aparırdı. İran diplomatları avropalı tərəfdaşlarını hətta, onun gedəcəyi muzeylərdə çılpaq heykəllərin üzərinə örtüklərin örtülməsinə belə, razı sala bilmişdi. İranla bağlı çox yaxın keçmişdə aktual olan problemlər də hələ ki belə qapadılır…

Tehranın Rusiya və Çinlə əlaqələrində yeni məqamlar

Sanksiyalardan qurtulan İran ənənəvi tərəfdaşları Rusiya və Çin ilə də münasibətləri genişləndirməyə çalışır. Amma indi vəziyyət dəyişib və Tehranda yeni şərtlər irəli sürürlər. İran üçün yeni imkanlar açılıb və Tehranda bu vəziyyətdən yararlanmaq üçün çox tələsirlər.
Bu, ilk növbədə Rusiya ilə münasibətlərə aiddir. İran Rusiyadan 5-7 milrad dollar dəyərində kredit əldə etməyə çalışır. Artıq bir müddətdir ki, bu məsələ ilə bağlı müzakirələr davam edir. Ən son fevralın 1-dən 4-ə kimi Moskvaya səfərə gələn İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin apardığı danışıqlarda bu barədə müzakirələr aparılıb.

İran rusların dəmir yolu sisteminin modernləşdirilməsi, yük avtomobillərinin istehsalı, infrastruktur layihələrinin həyata keçirilməsi, neft emalı, tranzit daşımaları sahələrinə investisiyalar qoymasını istəyir. Moskva və İran ölkələr arasında ticarət dövriyyəsinin indiki 2 milyard dollar səviyyəsindən 10 milyard dollara qədər çatdırmağı planlaşdırırlar. Ruslar isə xüsusi imtiyazlar tələb edirlər. Amma ruslar əvvəlki kimi İrana münasibətdə tələbkarlıq nümayiş etdirə bilmirlər. İranın hazırda seçim imkanı böyükdür…
Əksinə Rusiya kənd təsərrüfatı bazarı, emal sənayesini İran şirkətlərinin üzünə açır. Tehran üçün xüsusi güzəştlər verirlir.
Rusiya ilə siyasi münasibətlər də mürəkkəbliyi ilə seçilir. Hələ ki Suriyada İran-Rusiya müttəfiqliyi Bəşər Əsədi hakimiyyətdə saxlayır. Rusiya və İran inadla öz mövqelərindən geri çəkilmirlər. Bununla belə, regional oyunçular kimi Moskva və Tehranın Cənubi Qafqazda, Orta Asiyada, Xəzər hövzəsində maraqları kəsişir. Bu zamana kimi İranın sanksiyalar altında qalması regional məsələlərdə Tehranın əl-qolunu bağlayırdı. Bundan sonra Moskva və Tehran yenə konsensusa gələ biləcəklərmi? Ruslar Tehranın fəallaşmasına dözümlü münasibət göstərə biləcəklərmi? Bu suallar açıq qalır. Tehranın fəallaşması isə göz qabağındadır. Artıq Ermənistan və Gürcüstanla iqtisadi layihələr müzakirə olunub. Türkmənistanla da birgə təşəbbüslər barədə danışıqlar aparılıb. İran Avropanı təbii qzala təchiz edəcəyini açıqlayıb.
Böyük ehtimalla, bu dəfə İran öz şərtlərini diktə etməyə çalışacaq, ruslar isə Tehranın istəklərinə daha diqqətlə yanaşmaq məcburiyyətində qalacaqlar.

Çin-İran əlaqələrinin isə yeni impuls alacağı şübhəsizdir. Sanksiyalar dövründə Çin İran neftini almaqla, kiçik də olsa investisiyalar qoymaqla Tehrana dayaq olub. İranlılar artıq 10 ildir ki, sıx əməkdaşlıq etdikləri Çini iqtisadi münasibətləri daha da genişləndirməyə dəvət ediblər.
Bu il yanavarın sonunda Çin lideri Si Tsin Pinin İrana səfəri Pekinin də İranla münasibətlərə necə önəm verdiyini göstərdi. Səfər çərçivəsində 17 müqavilə imzalandı. Bir fakı qeyd etmək yerinə düşər ki, 2009-cu ildən – İrana qarşı ABŞ sanksiyaları sərtləşdirdikdən bəri ölkələr arasında ticarət dövriyyəsi 60% artıb. 2015-ci ildə 51 milyard dollara çatıb. Ölkələr arasında 25 illik İtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi Proqramı imzalanıb. Bu müddətə tərəflər ticarət dövriyyəsini 600 milyard dollara çatdırmağı hədəfləyiblər.
Ekspertlər qeyd edirlər ki, sanksiyalardan sonra İran Pekinlə artıq daha əlverişli mövqedən danışa bilir. Sanksiyaların götürülməsindən sona Çin dövlət başçısının İrana dərhal səfər etməsi bununla izah olunur. Çin ənənəvi iqtisadi tərəfdaşı ilə münasibətləri daha da möhkəmləndirməyə və bu sahədə daha çevik hərəkət etməyə çalışır.

İran və Cənubi Qafqaz regionu

İranın beynəlxalq izolyasiyadan çıxması Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməyəcək. Bölgəyə təsir imkanları uğrunda Rusiya və Türkiyənin əbədi və əzli rəqibinin yeni statusda daha iddialı olacağı heç kimdə şübhə doğurmur.İxracatda artıq İran şirkətləri Türkiyə şirkətlərinə problemlər yaratmağa başlayıblar. İran Azərbaycanın əsas təchizatçı olduğu Gürcüstanın neft və qaz bazarına daxil olmağa çalışır. Eyni zamanda İran Rusiyadan yan keçməklə Şərqi Asiyadan gələn yüklərin Qara dənizə çıxması layihələrinin gündəliyə gətirilməsinə dəstək verir. Ermənistana tranzit yüklərin daşınması layihələrinin reallaşması ilə bağlı ümid verir, investisiyalar vəd edir. Tehrandan TAP qaz kəməri layihəsinə qoşulmaqla bağlı mesajlar səslənir.
Bütün bunlar hələ ki Tehranın ilkin təşəbbüsləridir. Güman etmək olar ki, İran möhkəmləndikcə, Cənubi Qafqazda daha da güclənməyə calışacaq. İranın təşəbbüsləri isə bütün bölgədə qüvvələr nisbətini dəyişə bilər. Əgər İranın Gürcüstanın neft və qaz bazarına daxil olmaq, Ermənistanı qazla təchiz etmək planları reallaşsa, Bakı və Moskva üçün xeyli xoşagəlməz vəziyyət yarana bilər. Bu cür ehtimalların gerçəkləşməsi mümkünlüyünə baxmayaraq, qeyd edilmədlidir ki, İranla iqtisadi əməkdaşlığın dərinləşməsi Cənub Qafqaz ölkələri üçün də yeni perspektivlər açır. Bu baxımdan İranın potensialı düzgün qiymətləndirilməli, mümkün təhdidlərin önlənməsi, konstruktiv əməkdaşlıq imkanlarının yaranması üçün zamanında addımlar atılmalıdır.

İrandan daha nə gözləmək olar?

Tehranın Yaxın Şərq siyasəti isə ayrı bir mövzudur. Amma İranın izolyasiyadan çıxması və Qərb ölkələri ilə münasibətlərinin yaxşılaşması artıq bölgədə vəziyyəti tamam dəyişib. Son 10 ilin konfiqurasiyası bir anda dağılıb. İran çəkinmədən Səudiyyə Ərəbistanı, Türkiyəyə qarşı iddialarını irəli sürüb. Hazırda Tehran Fars körfəzində nüfuz savaşı aparır və geri çəkilmək niyyətində olmadığını göstərir.
Fevralın 26-da İranda parlament və Üləmalar Məclisinə seçkiləri keçiriləcək. Xatırladaq ki, Üləmalar Məslisi ölkənin ali dini rəhbərini seçir. Hazırkı 77 yaşlı ali dini rəhbəri rəhbər Ayətullah Əli Xameneyini də kimin əvəzləyəcəyi çox əhəmiyyətlidir. İran siyasi müstəvisində hansı qüvvələrin ön plana çıxacağı da vacibdir. İranın bölgədə və dünyada xarici siyasəti xeyli dərəcədə bu amillərdən asılı olacaq.
Amma bir məsələ aydındır ki, İran Qərblə əlaqələrdən, ən azı iqtisadi tərəfdaşlıqdan imtina etməyəcək.
Eyni zamanda Tehranın ətraf bölgələrlə bağlı ənənəvi siyasətindən – şiə ideologiyasının təsirini artırmaqdan, iqtisadi ekspansiyadan, siyasi müttəfiqlərin gücləndirilməsindən geri çəkilməyəcəyi də şübhə doğurmur.
Ümumiyyətlə, sanksiyalarsız 1 ay göstərdi ki, İranda yaranmış imkanları düzgün qiymətləndirməyi və ondan maksimum dərəcədə istifadə etməyi çox yaxşı bacarırlar. Tehranın xarici siyasətində xeyli dərəcədə ideoloji çalarlar müşahidə olunur, amma zərurət yarananda İran ABŞ-dan daha çox praqmatik ola bilir və realpolitik prinsiplərini hamıdan yaxşı əxz etdiyini nümayiş etdirir.(Strateq.az)

LEAVE A REPLY