“Mərkəzi Bankın uçot dərəcəsini artırması heç nəyi dəyişməyəcək”

0
4

“Mərkəzi Bankın uçot dərəcəsini artırması heç nəyi dəyişməyəcək”

“Mərkəzi Bank bu gündən uçot dərəcəsini 3 faizdən 5 faizədək yüksəldib. Bununla öz uçot stavkasını mövcud inflyasiya səviyyəsinə uyğunlaşdırmağa çalışan Mərkəzi Bank sözügedən addımın manatla yığımlara marağı artırmaq məqsədi daşıdığını bildirsə də bu milli valyuta ilə yığımlarda ciddi fərq yaratmayacaq”.

Bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib.

İqtisadçı ilk olaraq qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsi simvolik xarakter daşıyır:

“O kredit bazarına, demək olar, təsir göstərmir. Elə bu səbəbdən də 2011-ci ildən dünənədək azalan uçot dərəcəsi kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarmamışdı. İkincisi, uçot dərəcəsi əvvəllər 3 faiz olduğu halda banklar istehlak kreditlərini 24-29 faizlə təklif edirdilər.

Bu isə o demək idi, uçot dərəcəsi ilə kredit faizləri arasında nə çox- nə az 10 dəfəyə yaxın fərq var idi. İndi bu fərq 6 dəfə olub. Ciddi heç nə dəyişməyib. Təsəvvür edin: uçot dərəcəsi 5 faizdir, kreditlər isə 29 faizlə verilir”.

Ekspert deyib ki, bu heç bir iqtisadi qanun ilə izah edilə bilən fərq deyil:

“Aydındır ki, belə kəskin fərqin olduğu kredit bazarına uçot dərəcəsinin təsirləri nəinki marjinaldır, ümumiyyətlə yoxdur. Üçüncüsü, baş bankın bu addımdan öncə də milli valyuta üzrə yığımlara daha çox faiz ödənilsə də, bu, manatla yığımlara marağın artmasına səbəb olmayıb.

Əksinə, manatla depozitlərin ümumi depozit portfelində payı təxminən 50 faizdən 15 faizədək azalıb. Bu isə dollarlaşma səviyyəsinin necə yüksək olduğunu göstərir.

Dördüncüsü, kommersiya bankları əldə etdikləri vəsaitin təxminən 4/5-ni Mərkəzi Bankdan kənar mənbələrdən cəlb edirsə, o zaman uçot dərəcəsinin dəyişdirilməsi nəyə təsir göstərə bilər ki? Bütövlükdə, pul bazasını inzibati şəkildə son bir ildə 12 milyard manatdan 5.8 milyard manatadək azaldan Mərkəzi Bankın uçot dərəcəsini artırması kredit bazarına və yığımlara, demək olar, heç bir ciddi təsiri olmayacaq”.

LEAVE A REPLY