Gömrükdə külli miqdarda xarici valyuta tutulub
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdlərinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti xəbər verir ki, Bakı-Dubay aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan Respublikasının vətəndaşı Fikrət Bayramov gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib. Lakin vətəndaşın əl yükünə rentgen aparatı ilə baxış zamanı monitorda pul əskinaslarının təsviri görünüb.
F.Bayramovun əl yükünə təkrar baxış keçirilərkən və şəxsi yoxlama aparılarkən ona məxsus çantadan, eyni zamanda üzərindən cəmi 17 min 500 ABŞ dolları aşkar edilib.
Buna bənzər hadisə Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarətindən keçən və bəyannamə təqdim etməyən Türkiyə Respublikasının vətəndaşı Kalender Ali İhsana məxsus əl yükü də rentgen aparatı ilə yoxlanılarkən monitorda pul əsginazlarının təsviri görünüb.
Təkrar baxış zamanı Kalender Ali İhsanın çamadanından 49 min ABŞ dolları, üzərində şəxsi yoxlama aparılarkən isə pul qabından 700 ABŞ dolları aşkar olunub.
Hər iki faktla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.