Çinin valyuta ehtiyatları bitmək üzrədir

0
5

Çinin valyuta ehtiyatları bitmək üzrədir

Fransanın “Societe General” bankının proqnozuna görə, Çin 6 ay ərzində valyuta ehtiyatlarını xərclədikdən sonra “üzən məzənnə”yə keçə bilər.

“Bloomberg” agtentliyi xəbər verir ki, bankın analitiki Albert Edvardsa görə, Çinin xarici valyuta ehtiyatları böyük sürətlə azaldığından bir neçə ay ərzində tükənə bilər və belə olarsa, hökumətin yuanın məzənnəsini sərbəst buraxacağı proqnozlaşdırılır. A.Edvardsın fikrincə, Çin yuanı dəstəklədikdə maliyyə bazarları bunu xoş qarşılasa da, hökumət bu vəziyyəti normal hesab etmir.

Rəsmi məlumatlara görə, Çinin valyuta ehtiyatları yanvarın 1-nə 3,33 trln. dollar təşkil edib. A.Edvards yanvar ayında ehtiyatların 120 mlrd. dollar azaldığını proqnozlaşdırıb və bu tendensiyanın uzun müddət davam edəcəyini ehtimal edib. O bildirib ki, Çinin valyuta ehtiyatları 2,8 trln. dollar endikdə Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyə etdiyi minimum miqdarı keçmiş olacaq. Valyuta ehtiyatlarının 2,8 trln. dollara qədər geriləməsi isə qısa zamanda mümkün görünür. “Societe General”a görə, minimum səviyyədən aşağı düşən valyuta ehtiyatları spekulyativ valyuta alışını daha da artıra bilər, nəticədə Çin Xalq Bankı (Çin Mərkəzi Bankı) yuanın “üzən məzənnə”yə keçməsinə icazə verəcək. “Societe General” bankın iqtisadçısı Vei Yaoya görə, Çinin valyuta ehtiyatları 2014-cü ilin ortaları ilə müqayisədə 663 mlrd. dollar və ya 16,6% azalıb. Onun fikrincə, Çin Xalq Bankı bu vəziyyəti ən yaxşı halda ilin sonuna qədər idarə edə bilər.

LEAVE A REPLY