“On altı polis əməkdaşı xidmətdən xaric edilib” – Ramil Usubov
Bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiyada nazir hesabat məruzəsi ilə çıxış edib.
“Qafqazinfo”nun verdiyi xəbəər görə, nazir Ramil Usubov bildirib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən müxtəlif cinayətlər törətmiş 723 nəfər, o cümlədən axtarışda olan 86 təqsirləndirilən şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 27 minə yaxın inzibati xəta aşkar edilib.
Nazirliyin rəhbərliyi tərəfindən Bakı şəhərində, habelə 64 rayonu əhatə edən 8 bölgədə 5040 vətəndaşın qəbulu həyata keçirilib.
Polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə kimi hallar qeydə alınmayıb.
Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayı 30 fakt və həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub.