İmmuniteti möhkəmləndirən 6 sadə məsləhət
İnsanın immun sistemi mükəmməl bir sistemdir. Güclü immunitet insanı istənilən xəstəlikdən qoruya bilər.
Hər gün insanın orqanizminə hava, su, qida ilə milyonlarla müxtəlif mikroblar, viruslar, göbələklər daxil olur. İmmun sistemi isə onları zərərsizləşdirir və nəticədə insan xəstələnmir. Hər gün bizim orqanizmdə xərçəng hüceyrələri yaranır. İmmun sistemi isə onları zərərsizləşdirir.
Həkimlərin fikirinə görə, immunitetin səviyyəsi insanın irsiyyətindən (50%) və həyat tərzindən (50%) asılıdır. İrsiyyəti dəyişmək mümkün olmasa da , həyat tərzini dəyişmək mümkündür. İmmun sisteminin normal fəaliyyəti üçün bu sadə qaydalara əməl edin:
1. Düzgün qidalanın. Meyvə-tərəvəz, göyərti, süd məhsulları, qoz-fındıq, balıq, paxlalılar (noxud, lobya, mərci), bitki yağları immun sisteminin normal fəaliyyəti üçün ən vacib məhsullar sayılır. Əksinə çoxlu miqdarda şirniyyatların, şəkərin qəbulu immun sisteminə çox mənfi təsir edir.
Uzunmüddətli pəhrizlər immun sistemini zəiflədir.
2. Kifayət qədər yatın və dincəlin. Xroniki yorğunluq, yuxusuzluq insanın immun sisteminə mənfi təsir edir.
3. Stresdən uzaq olun. Xroniki stress bir çox xəstəliklər və pozulmaların (o cümlədən xərçəng xəstəliklərinin) risk faktoru sayılır. Bu səbəbdən mümkün qədər stress vəziyyətlərindən qaçın.
4. Hər gün ən azı 30 dəqiqə açıq havada gəzin.
5. Orqanizmdə olan xroniki infeksiya ocaqları (kariesli dişlər, xroniki tonzillit, xroniki haymorit və s.) immun sistemini zəiflədir. Bu səbəbdən belə infeksiya ocaqlarını mütləq və vaxtında müalicə etmək lazımdır.
6. Havaya uyğun geyinin, özünüzü soyuqdan qoruyun. Soyuqlama immun sisteminin kəskin zəifləməsinə səbəb olur.