MTRŞ-dən “Bu stil mənim”in qızlarının ittihamlarına münasibət
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də “Bu stil mənim” verilişində baş verən qalmaqallar və yarışmanı tərk edən iştirakçıların ittihamlarına münasibət bildirib.
MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, eks-iştirakçıların səsləndirdiyi fikirlər kulisarxası olan məsələdir:
“Sözügedən ittihamlar kulisarxası olan məsələdi. Qızların hansısa şikayəti varsa, məhkəməyə müraciət edə bilər. Efir vaxtı baş vermədiyi üçün bu məsrələyə müdaxilə edə bilmərik. Hesab etmirəm ki, verilişdə baş verənlərə qarşı reaksiya adekvatdır. Bir qədər şişirdilmiş reaksiya var. Bunu da nəzərə almaq lazımdır. Medianı və sosial şəbəkə istifadəçilərini sakitləşməyə dəvət edirəm. Bu məsələni çox dramatikləşdirməsinlər. İştirakçılar arasındakı diskusiyalar bir az sərt formada olur. İradlarını sadəcə olaraq sərt bildirirlər. Xüsusi təhqir elementlərini görmədik. Bu məsələnin şişirdilməsinin az qismi təbiidir. Ola bilsin ki, bəzi yerli mətbuat orqanları reytinq xatirinə bu məsələni gündəmdə saxlayırlar. Bəzi maraqlı televiziyalar da var ki, məsələni şişirdilər. Belə ehtimallar var. Biz veriliş heyəti ilə görüşmüşük, ikinci dəfə də görüşərik, müzakirə apararıq. Çünki proqram təbii və ya süni yolla olsa da müzakirə predmetinə çevirilib. ATV kanalının efirində digər baxımlı və maarifləndirici verilişlər də var. Çox təəssüflənirəm ki, neqativ halları qabardırlar. Yerli mətbuat müsbət məsələlərə də yer verməlidir”.
Qeyd edək ki, müsabiqənin eks-iştirakçıları təşkilatçı şirkətin rəhbərləri ilə bağlı sensasion ittihamlar irəli sürüblər.