Güney Qafqaz İranın addım səslərini dinləyir: Gürcüstan, Ermənistan və Azərbaycan yeni nəhənglə necə dil tapacaq?

0
6

Güney Qafqaz İranın addım səslərini dinləyir: Gürcüstan, Ermənistan və Azərbaycan yeni nəhənglə necə dil tapacaq?

İran üzərindən sanksiyaların götürülməsi Güney Qafqazın geopolitik düzülüşünü dəyişdirir.

Bölgə nə itirib, nə qazanır və eyni zamanda bunda Rusiyanın rolu hansıdır?

Sanksiyaların götürülməsi İranla qonşu Güney Qafqaz ölkələri üçün eyni dərəcədə xeyirli, həm də pis əlamət ola bilər. İdeya üzrə, sanksiyaların ləğvi daha çox Ermənistanı sevindirməlidir – o da İran kimi mühasirə durumundan əziyyət çəkirdi və hər iki ölkə bir-birinə kömək etməyə cəhd edirdi, lakin bunu həmişə istənilən səviyyədə etmək mümkün olmurdu. Lakin budur, İran qismən azaddır, Qərb banklarında dondurulmş milyardlarla dolları ona qaytarırlar (ABŞ 50, başqa qaynaqlar 110 milyarddan danışır) və hazırda Ermənistan və bölgənin başqa dövlətləri üçün bir sual aktuallaşır: onlara İran “masa”sından bir şey düşəcəkmi? Təkcə yatırım fəallığı mənasında yox, həm də İran karboghidrogenlərinin ixracat tranziti hesabına Güney Qafqazın hər üç dövlətinin güclənməsi və logistik sxemlərin dəyişilməsindən. Düzdür, İran sanksiyalar müddətində xeyli pul xərcləyib və pullar ona öz iqtisadiyyatındakı yırtıqları yamamaq üçün lazımdır. Lakin bu zaman onu da nəzərə almaq lazımdır ki, İran Güney Qafqazda öz təsirini gücləndirməyə yönəlib və qonşular sırasında Rusiya və Türkiyə də buna can atır. Ancaq səxavətə gəlmədən və yaxud müxtəlif imtiyazlara getmədən nüfuzu genişləndirmək çətin baş tutar. Nəticə etibarilə İrandan çox şey gözəyirlər – xüsusən də Ermənistanda. Burada artıq ümid bəsləyirlər ki, İran gərgin münasibətdə olduğu Azərbaycanı Gürcüstanın qaz bazarında sıxışdırmaq istəyəcək və öz qazının bu ölkəyə tədarükünün Ermənistan ərazisindən keçməsinə lobbiçilik edəcək.

İran nefti kimi basacaq?

İrəvanın tranzit ümidi həm də bununla möhkəmlənir ki, deyəsən, Gürcüstan qaz tədarükünün şaxələnməsinə sarı hərəkətlənir və bu haqda “Qazprom”la danışıqlar aparır. Lakin Gürcüstanın energetika naziri Kaxi Kaladze bir dəfə bildirdi ki, Tiflisdə həm də İran qazının idxalı haqda düşünürlər. Bu isə o deməkdir ki, Ermənistan əslində çoxdan can atdığı tranzit ölkə statusu ala bilər.

Bundan başqa, Gürcüstan və Türkiyə ərazisindən Avropaya qaz tədarükü üçün nəzəri baxımdan İranın da yeganə “oyunçu”su hələlik Azərbaycan olan TANAP layihəsinə qoşulması mümkündür. Lakin İran Azərbaycanı “qısnamağa” nail olsa, təkcə onun maraqlarına yox, həm də Azərbaycanın Şahdəniz yatağından qaz tədarükü üçün tranzit ölkə Gürcüstana zərbə vuracaq.

Lakin antiiran sanksiyalarının ləğvi ilə Mehri su elektrik stansiyasının inşasının dondurulmuş layihəsinin açılmasına bel bağlayan Ermənistanın özünə dönək. Bundan savayı, İrəvanda İran-Ermənistan dəmiryolunun inşasını gözləyirlər – iki ölkənin nəqliyyat nazirləri hazırda layihənin maliyyələşdirilməsi haqda məsələni müzakirə edirlər. Gürcüstanla Ermənistan arasında yeni yolun inşasının başa çatması isə sonuncuda İran yüklərinin tranzitini əldə etmək ümidi doğurur.

Sonra… Iran.ru-nun məlumat vediyi kimi, Ermənistanın nəqliyyat və rabitə naziri Qagik Bəyləryan və İranın yollar və şəhərsalma naziri Abbas Axundi keçən həftə Tehranda Fars körfəzi ilə Qara dənizi birləşdirən beynəlxalq dəhlizin salınması haqda memorandum imzaladılar. Nəşrin məlumatına görə, Axundi İran, Ermənistan, Gürcüstan və Bolqarıstanın bu ölkələri birləşdirəcək dəhlizin yaradılması üzrə təşəbbüslərini alqışladı və qeyd etdi ki, Ermənistan sürücüləri üçün viza rejimini ləğv etmək lazımdır.

Bir sözlə, ehtimal ki, Ermənistan İranla şərikli biznesi inkişaf etdirmək üçün ondan “yapışacaq”. Və onu başa düşmək olar, çünki söhbət Ermənistan məhsullarının müəyyən qisminin tələb edilə biləcəyi 80 milyonluq bazarın açılmasından gedir. Xüsusən də ona görə ki, Avrasiya iqtisadi birliyinin (AİB) 180 milyonluq bazarının açılması İrəvanın nəzərdə tutduğu dividendləri gətirmədi. Həm də burada AİB dövlətləri tərəfdən “şəxsi heç nə” yoxdur – durum Rusiya qarşı sanksiyalar tətbiq edilməsi, neft qiymətlərinin düşməsi və nəricə kimi Avrasiya birliyi dövlətlərinin alıcılıq qabiliyyətinin azalması ilə şərtlənir.

AİB bazarı Ermənistan üçün yüksək önəmi saxlasa da, ixracat və idxalat əməliyyatlarını imkan daxilində şaxələndirəcək. Belə ki, İran vaxtında geri döndü, lakin bu ölkənin praqmatizmi Ermənistanla “dostluq”dan güclü çıxa bilər.

Amma İrandan sanksiyaların götürülməsi kontekstində Ermənistanın ruh yüksəkliyini Lragir bir qədər soyutdu:

“Dəqiq sezmək çətindir ki, sanksiyaların ləğvindən sonra nələr olacaq, İranın siyasətində, o cümlədən bölgəmizə münasibətdə nələr dəyişiləcək … Səudiyyə Ərəbistanı ilə qarşıdurma təlqin edir ki, İran siyasətinin əsas yönü, çox güman ki, Güney Qaqaz yox, ərəb dünyası ilə münasibətlər olacaq. Bizim bölgə isə İran üçün yeni iqtisadi layihələrdən daha çox təhlükəsiz arxa cəbhədir. Hətta bunun üçün böyük imkan da yoxdur”.

Nəşr davam edir: “Ümumiyyətlə, Ermənistanın iştirakı ilə böyük layihələrin gerçəkləşməsi bu ölkənin özündən asılı deyil. Problem bundan ibarətdir ki, “Ermənistan-İran layihələri Rusiyanın maraqlarına qarşı deyilsə, İrəvan bu layihələri maksimum şəkildə dəstəkləyə bilər”.

Lragir-dən daha bir fikir: “İranın “azadlığı” ilə bağlı Ermənistan üçün iqtisadi layihələr yox, təhlükəsizlik məsələsi prioritet ola bilər”.

Erməni nəşri yazır: “İran Qafqazın sabitliyində maraqlıdır və burada Ermənistan, Artsax (Dağlıq Qarabağ – müəllif) açar rolunu oynaya bilər. Həm də istisna olunmur ki, Ermənistan İran böhranının açılış effektini yeni gerçəkliklər qismində məhz təhlükəsizlik sahəsində hiss edər. Söhbət xüsusən də ABŞ-ın Artsax münaqişəsi zonasında insidentlərin təhqiqatı mexanizmi qurmaq təşəbbüsündən, başqa sözlə, barışığa riayət edilməsinin beynəlxalq mexanizmlərinin institutlaşmasından gedir. Bu mexanizmlərin mahiyyəti beynəlxalq zəmanət altında status-kvonun saxlanmasından ibarətdir: “Bu status-kvo İrana yaxşı arxa cəbhə təmin edəcək və təsadüfi deyil ki, rəsmi Tehran bölgədə üçüncü ölkə qoşunlarının iştirakının arzuedilməzliyini dəfələrlə bəyan edib. Başqa sözlə, İran yalnız status-kvonun pozulacağı halda gələ biləsi sülhməramlıların bölgədə yerləşdirilməsinə qarşı çıxış edir. İran istərdi ki, quzey sərhədlərində erməni qoşunları dursun. ABŞ-ın təklif etdiyi mexanizmlər də xarici sülhməramlıların gəlişini istisna edir. Bu məsələnin İran nizamlaması ilə paralel yetişməsi təsadüfdürmü? Demək çətindir, lakin məntiqidir ki, bu təhlükəsizlik amili İran-Qərb nizamlanmasında açar ünsürdür. Belə çıxır ki, bu, İranın Ermənistana hədiyyəsi ola bilər”.

İqtisadçı Vardan Bostancyan da hesab edir ki, Rusiya Ermənistan-İran əməkdaşlığının inkişafına təsir göstəməyə cəhd edir. Erməni nəşri “ARKA” ekspertdən sitat gətirir: “Ermənistan İranla əməkdaşlığın inkişafı prosesində olduqca “yumşaq” siyasət həyata keçirməlidir. Bizim ölkə Moskvadan asılıdır və Moskva bu kontekstdə Ermənistan-İran münsibətlərinin möhkəmlənməsinə çətin ki şad olar”.

Onun fikrincə, Rusiya Ermənistanla İran arasında yalnız o cür əməkdaşlığa razılaşar ki, Ermənistan tərəfi lap güclü olmasın.

Bəs İran Azərbaycana nə “hədiyyə edə bilər”?

Birincisi, öz yüklərinin Rusiyaya tranzitini. İkincisi, Azərbaycanın elektrik enerjisini üçüncü ölkəyə tədarük etmək üçün öz ərazisini. Və Azərbaycana İranın neft-qaz layihələrinə qatılmaq və müxtəlif mallaırn satışı üçün dibsiz bazar imkanı yaratmaq. Bu, neft qymətlərinin düşməsi şəraitində Azərbaycan iqtisadiyyatı üçün son dərəcə zəruridir.

Lakin İranla Azərbaycan arasında syasi fikir ayrılığı var və ehtimal ki, Tehran öz qapılarını Azərbaycan biznesinə geniş şəkildə açmayacaq. Lakin o, İrana böyük qazanc vəd etsə, iki ölkə arasındakı “anlaşılmazlığa” müvəqqəti göz yummaq mümkün olacaq. Ancaq İran-Azərbaycan əməkdaşlığı sıxlaşdıqca Bakı Tehranın ölkəyə təsirindən daha çox ehtiyatlanacaq.

Gürcüstana gəlincə, İran qazının bu ölkəyə tədarükündən artıq yuxarıda danışılıb. Lakin Gürcüstan iqtisadiyyatı üçün daha önəmlisi vaxtilə ABŞ və Avropanın səyləri ilə məhdudlaşdırılmış İran biznesinin daha irimiqyaslı iştirakı ola bilər.

“Qazprom” Qafqazı niyə qorxudur?

Lakin Gürcüstan kontekstində bir təhdidli “əmma” var. “Kölgədəki MKİ” kimi ad çıxartmış Stratfor-un (Amerika) yazdığı kimi, Rusiya öz təsiri qədər də öz tranzit şəbəkəsini güneyə sarı İranadək genişləndirmək istəyir, lakin bunu etmək asan olmayacaq: “Ruslar üçün heç bir coğrafi maneə Qafqaz dağları qədər hürküdücü olmayıb və bölgədəki tranzit dövlətlərin az qismini Rusiyaya dost saymaq mümkündür. Bu səbəbdən ölkənin Qafqaz ölkələrində fasiləsiz infrastruktur qurmağı çətin olacaq, lakin son nəticədə Moskva və Tehran, görünür, bu ciddi maneələri aradan qaldırmaq və başqa böyük dövlətlərin bölgədə varlığını məhdudlaşdırmaq üçün öz səylərini birləşdirəcək”.

Nəşr məlumat verir ki, Moskva sərəncamındakı nəqliyyat sxemlərinə əlavə olaraq İrana etibarlı nəqliyyat dəhlizi axtarışında Gürcüstandan ayrılmış Güney Osetiyaya Quzey Qafqazdan gedən yol variantına üz tuta bilər. Yol sonra Azərbaycanla Gürcüstanın Qara dəniz limanlarını birləşdirən “Şərq-Qərb” avtomagistralına birləşir.

Stratfor ehtimal edir ki, başqa variant qismində Quzey Qafqazdakı Alagir şəhəri ilə Qori arasındakı 160 km-lik dəmiryol qanadı çıxış edə bilər.

Nəşr öz fikirlərini inkişaf etdirir: “Bu yollardan hər biri Rusiyaya Güney Qafqazın bütün ölkələrinə ən qısa və sürətli çıxış təmin edə bilərdi. Və nəhayət, daha bir variant Gürcüstandan ayrılmış daha bir ərazidən – Abxaziyadan keçən dəmiryoludur”.

Lakin qeyd edək ki, Gürcüstan və onun qərbli tərəfdaşları dəmiryolunun Abxaziya hissəsinin fəaliyyətə keçməsinə çətin razılaşar. Yeri gəlmişkən, Ermənistan da bu yola lobbiçilk edir. Lakin “kölgə MKİ” analitiklərinin fikrincə, “nə Moskva, nə də Tehran öz niyyətlərindən əl çəkir. Artıq başa çatmış və Abxaziya, Quzey Osetiya və Azərbaycanda inşası davam edən layihələrə görə fikir yürüdərkən, deyəsən, İran və Rusiya birgə işləmək və Qafqazda etibarlı nəqliyyat dəhlizi yaratmaq problemini qismən həll etmək, eyni zamanda digər xarici rəqibləri ora buraxmamaq niyyətindədir”.

Abxaziya: özgə ziyafətində xumarlıq

Son iddia gerçəkliyə uyğundursa, Güney Qafqazda və xüsusən də Gürcüstanda siyasi vəziyyət olduqca güclü şəkildə laxlayacaq. Və bu məqamda bölgə dövlətlərinin düşünmək və İranın maliyyə-iqtisadi “genişliyi”nə intizar halı olmayacaq. Həm də ümumən bu genişlik Güney Qafqazın üç ölkəsinin ABŞ və AB ilə qarşılıqlı münasibətinin səviyyəsindən asılı olacaq, çünki İran birinci növbədə Gürcüstan, Ermənistan və Azərbaycandan qaynaqlanan təhlükəni dəyərləndirəcək – İran üçün bir nömrəli məsələ təhlükəszlik olub və bu cür olmaqdadır. İranda hesab edirlər ki, təhlükəsizlik təhdidi birinci növbədə hələ də bölünməmiş Xəzər üzrə qonşu və Türkiyənin strateji tərəfdaşı Azərbaycandan qaynaqlana bilər.

Tehran İran Azərbaycanı (İranın quzey-qərbində əyalət) problemini, Azərbaycanın bəzi siyasətçi və ekspertlərinin “Azərbaycan ərazilərini” İrandan qopartmağn zəruriliyi haqda açıqlamalarını da yaddan çıxartmır.

İran Qərbin müəyyən güclərinin Güney Qafqaz ərazisindən ölkəyə hava zərbələri endirmək təhdidlərini də yadda saxlayır (Ermənistanın bu nəzəri imkana dəxli yox idi). Tehran qatı düşməni İsraillə Azərbaycanın əlaqələrini nəzərdə saxlayır.

Sonra: Tehran Azərbaycan vasitəsilə İran rejiminin ideoloji və dini əsaslarını sarsıda biləcək sələfi cərəyanların təxribatından ehtiyatlanır.

Yəni sanksiyasonrası İran Güney Qafqazda öz təsirini gücləndirəcək, lakin olduqca ehtyatla, birinci növbədə Rusuyanın bu bölgədəki maraqlarına diqqətli olmaqla və Surya və İraqda duruma, Gürcüstanın NATO ilə əməkdaşlıq səviyyəsinə və s.-ə fikir verməklə. Və ehtimal ki, Güney Qafqazda daha çox Ermənistanı cəlb edəcək, lakin bu, Rusiya ilə maraqların münaqişəsinə səbəb ola bilər.

Beləliklə, İrandan sanksiyaların götürülməsi Güney Qafqaz üçün dəyənəyin iki başı ola bilər: bir tərəfdən, İranla əməkdaşlıq bölgəyə böyük mənfəət vəd edir, digər tərəfdən siyasi-ideoloji pisliklər qazanıla bilər. Bu məqamda hər şeyi bütün maraqlı tərəflərin ölçü hissi həll edəcək.

İrina Corbenadze

Rosbalt.ru (Rusiya), 25.01.2016

LEAVE A REPLY