TURAN: “Avropa mərkəzçi”lərin əsas kabusu!

0
4

TURAN: “Avropa mərkəzçi”lərin əsas kabusu!

Doç., Dr. Faiq Ələkbərov

XIX-XX əsrlərdə Arilik nəzəriyyəsi o qədər şişirdilimiş, təhrif edilmiş, bunun əvəzində isə Turanilik bir o qədər aşağılanmışdır ki, Türkiyə, Azərbaycan (güneyli, quzeyli), Türkistan (Orta Asiya türkləri) və başqa Türk ellərinin alimlər arasında da Hind-Avropa mədəniyyətinə aludəçilik ortaya çıxmışdır; bu gün özündə də belələri vardır. Hər halda “Avropa mərkəzçilərin” 19-cu əsrdə ortaya atdığı ali “Ari”, aşağı “Turan” problemi bu gündə ən çox İranda, müəyyən qədər də Azərbaycanda, Türkistanda və Türkiyədə öz ideoloji rolunu qoruyub saxlamaqdadır. Belə ki, ali “Ari”, aşağı “Turan” düşüncəsi yalnız İran/Fars soyluların üstün və mədəni millət kimi oyanışına deyil, eyni zamanda Türk-Turan soyluların qeyri-mədəni millət kimi aşağılanması kimi qeyri-insani düşüncənin ortaya çıxmasına yol açmışdır. Bu dönəmdən başlayaraq dünya tarixini yazan Avropa/Qərb alimləri olduğu üçün, “Avropa mərkəzçilərin” bu müddəaları da az qala ehkam kimi qəbul edilmişdir. İndi ali “Ari”, aşağı “Turani” mədəniyyətini mifni aradan qaldırıb, əsil gerçəkliyi ortaya qoymaq heç də asan deyildir.

Özəlliklə, Turan coğrafiyasının və mahiyyətinin qeyri-müəyyənliyi fonunda Midiyanın, İş Quzun və həmin dövrün dini təlimlərinin hamısının (Zərdüştlük, Maqlar təlimi və b.) Arilərin adına yazılması adi bir hal olmuş, bu günədək də öz təsirinin əsasən qoruyub saxlamışdır. Məsələn, bu gündə Turan coğrafiyası məsələsində Azərbaycan Turançılarından bir qismi daha çox “Bütöv Azərbaycan” ərazisiylə kifayətlənərək Turanın, onun sinonimi olan Azərbaycanın ayrılmaz parçaları olan Xorasanı, Kərkükü, Türkmənelini, Qaşqayı, Tehranı və başqa torpaqlarımızı bir kənara qoyurlar. Azərbaycan Turançılarından digər qismi isə Turanı indiki İranla eyniləşdirilər. Şübhəsiz, buna səbəb Turanın əski coğrafiyasından və mahiyyətindən xəbərsiz olmağımızdır. Digər tərəfdən düşmən tarixçilərə uyaraq “İran Azərbaycanı” anlayışından istifadə etdiyimiz halda, “Turan Azərbaycanı” unutmuşuq. Buna ən başlıca səbəblərdən biri “İran”ı əski mədəniyyətlərdən biri halına gətirib, daha sonra “İran” adının dünyada rəsmi bir dövlət adına çevrildiyi halda, Turanın isə barbar və aşağı mədəniyyət kimi tqədim edilərək mifdən uzağa gedə bilməməsidir.

Hər halda, Ariliyin ali və ən əski mədəniyyət, Turaniliyin isə aşağı, barbar və gənc mədəniyyət kimi təbliğ olunması, Turan dünyasında da təsirsiz ötüşməmişdir. Ən yaxşı halda V.Bartold, Ə.Kəsrəvi, A.Toynbi kimiləri tapılırlar ki, onlar Turanı da “İrana/Arilər”ə bağlayaraq, guya türklərin Arilərdən çox sonralar meydana çıxıb Turana sahibləndiklərini yazırlar. V.Bartold yazır: “Tura­na gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmən­çilik var idi və VI əsrdə Türküstan türklərin hökmran­lığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”. V.V.Bartoldun fikirlərindən belə çıxır ki, ən qədim dövr­­lərdə Avropada və Asiyada, ancaq eyni soykökdən olan Hind-Avropa (Ari və Turan) əhalisi yaşamışdır, yalnız erkən orta əsrlərdə haradansa, yəni Avropada və Asiyada əv­vəllər yaşamayan Türklər «peyda olmuş» və onlar hind-avropalılar­ın qədim məskənlərini ələ keçirərək buranı Tür­küs­tan adlan­dır­mış, hətta üstəlik Turan adını da on­lar­dan mə­nimsəmiş­lər.

Bu bəsit, əsassız iddianı dünyaca ünlü ingilis alimi Arnold Toynbi də təkrarlamışdır. “Sivilizasiya” məsələlərini araşdırmaq üzrə araşdırmaçı olan Arnold Toynbi irəli sürdüyü sivilizasiyalar arasında Türk-Turan Sivilizasiyasına yer verməməsi bir yana, Ari mənşəli saydığı Şumer, İran, Hind sivilizasiyalarının içində isə Türkləri uzun müddət görmək istəmir. Çünki Toynbinin iddiasına görə, Türklərin tarixi Arilərdən 3 min il sonra başlayır: “Qədim Misir sənədləri göstərir ki, b.e.ə. ikinci minilliyin birinci yarısı boyu arilər üç min il sonra Türklərin də çıxdığı Böyük Çölün (Cənubi Rusiya – F.Ə.) eyni yerindən çıxıblar”. Deməli, “Avropa mərkəzçilər” Türklərin/Turanlıların tarxinin az qala 1000, ya da 1500 il əvvəl başladığını irəli sürürlər. Şübhəsiz, Şumeri və Midiyanı İran/Ari mənşəli hesab edən Toynbi kimlərinin Türk-Turan Sivilizasiyasını yaxına buraxmamalarının səbəbi Avropanın özündə Türk-Turan damğasının olmasıdır. Avropalılar üçün “Turan Sivilizasiyası”nın mahiyyətinin üzə çıxması bir tərəfdən Arilik nəzəriyyəsi mifinin dağıdılması, digər tərəfdən “sivil xalq” məsələsinin yer dəyişdirməsi deməkdir. Başqa sözlə, Turan nəzəriyyəsi mifdən gerçəkliyə çevrildikcə, Arilik nəzəriyyəsi də tam əksinə, gerçəklikdən mifə yön alacaqdır.

Şübhəsiz, Bartoldun, Toynbi kimilərinin Turanlıları bu formada Arilərə, özü də onlara aid aşağı bir xalq kimi bağlaması, eyni zamanda Turanlıların tarixini gəncləşdirməsi sırf Avropa mərkəzçilik ideologiyasının təzahürüdür. Hər halda heç bir zaman və bu gün də heç bir farsdilli və hinddillilər Turan və Turanlılara sahib çıxmamışlar. Üstəlik, Turanlılarla onlar arasında milli və dini dünyagörüş fərqləri olmuşdur, bu gün də həmin fərqlər qalmaqdadır. “Avesta”dakı Turanlılar/Midiyalılar Arilərin mədəni səviyəsinə aşağı olan budağı deyil, əksinə mədəni səviyyəsi yüksək budağı idi. Arilər bir çox mədəni məsələləri Midiyalılar/Turanlılardan öyrənmişdilər. Ona görə də, Turan nəzəriyyəsini mifdən gerçəkliyə çevrilmək istəyiriksə, bunun üçün əlimizi “Avropa mərkəzçilər”dən (Hegel, V.V.Bartold, Q.B.Miller, Toynbi, Hantiqton və b.) birdəfəlik üzməliyik. Çünki “Avropa mərkəzçilər” arasında hərdənbir elmi obyektivlkdən çıxış edərək “Turan” məsələsini gündəmə gətirənlər olmuşdursa da (Le Norman, Oppert, Hommel vəb.), bu çox davamlı və istəkli olmamışdır. Bəlkə də, buna səbəb Qərb/Avropa/Ari kimliyi əngəl olmuşdur. Bizcə, bütün hallarda yeni dövrdə “Türk-Turan mədəniyyəti” ideyasının meydana çıxmasında, “Turan” məfkurəsinin yenidən dirçəldilməsində müsbəti və ya mənfisiylə, bir çox Fransa, Almaniya, Danimarka, Rusiya, Finlandiya, Macarıstan şərqşünaslarının (Le Norman, Oppert, N.Y.Marr, Radlov, Tomsen, Bartold və b.) mühüm rolu olmuşdur. Ancaq onların arasında Turanmənşəli avropalı alimlərin (Tomsen, Vamberi və b.) “Türk-Turan Sivilizasiyası” məsələsində sonuna qədər obyektiv və səmimi olduqlarına inanırıq. Ancaq onların səsləri “Avropa mərkəzçilər”in yanında çox də təsirli olmur. Hətta, bəzi hallarda “Avropa mərkəzçilər”in təzyiqi altında Turanmənşəli avropalı alimlərdə çox vaxt qəti iradə göstərə bilmirlər. Oxşar hallarla Türk Cümhuriyyətlərində belə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, Turanmənşəli avropalı alimləri anlamaq çox da zor deyildir.

Bu baxımdan hesab edirik ki, Türk aydınlarının bütün zamanlarda “Turan” anlayışına sahib çıxmasıyla, farsdillil müəlliflərin “İran” anlayışını mənimsəmələri təsadüfi olmamışdır. Üstəlik, bu məsələdə “İran”çılara Hind-Avropalı ziyalıların da hərtərəfli dəstək vermələri bir çox məsələlərə aydınlıq gətirir. Əslində “İran”ı İran edən, onun indiki ərazisini məyyənləşdirən farsdililərdən çox, “Avropa mərkəzçi” siyasətçilər və alimlər olmuşlar. “Arilik” nəzriyyəsini ortaya atan Hind-Avropalı müəlliflər “İran”a da sahiblənməklə “Turan”ı kölgədə qoymağa çalışmışlar. Bunun nəticəsi olaraq “İran”çılar və “Turan”çıların əsrlərboyu gah hərb meydan­larında, gah da düşüncələrdə bir-birilərinə qarşı apardıqları savaşın bu mərhələsini birincilər qazanmış, sonucda “Turan”ın böyük bir hissəsi də sonralar “İran”a aid edilmişdir. Hətta, iş o yerə gəlib çatmışdır ki, “İran”ın ərazisi məlum olduğu halda, “Turan”ın ərazisi sanki, havadan asılı vəziyyətə düşmüşdür. Bu anlamda Turan əvəzinə təskinliyimiz Azərbaycan olmuşdur. Beləliklə, “Turan” dedikdə türklərin yaşadığı bütün ərazilər başa düşülmüş, bir növ “Turan” utopiyaya çevrilmişdir.

Bu baxımda Turan Sivilizasiyasının açarının Turan alimlərinin öz əllərində olmasına inanırıq. Sadəcə, Turan Sivilizasiyla bağlı daha çox araşdırmalar aparmağımız, bununla yanaşı iradə göstərməyimiz lazımdır. Bəlkə də, araşdırmaları dərinləşdirməkdən də önəmli olan iradədir. “İradə” dediyimiz, “Avropa mərkəzçi”lərin “Arilik” tabusunu üzərimizdən götürərək, “Turaniliyi” də önəmsəməkdir. Əlbəttə, “Avropa mərkəzçi”lərin zorla ortaya qoyduğu “Ariliy”ə oxşar bir “Turanliy”in varlığı da mənasız olacaqdır. Ancaq bu gün dünyada az qala onlarla sivilizasiyalar, mədəniyyətlərdən bəhs olunarkən, Türk-Turan mədəniyyətini görməzdən gəlmək, ya da onu Buddizm, İslam mədəniyyətlərinin tərkib hissəsi kimi təqdim etmək də qətiyyən doğru deyildir.

Turan Sivilizasiyasını ortaya qoymaq üçün, ilk növbədə Mular, Prototürklər/ Turanlılar, Şumerlər, Aranlar/Albanlar, Kutilər/Qutilər, Troyalılar, Etrusklar, Kimerlilər, Turukkilər, Mannalılar, İşquzlar/İskitlər/Saklar, Midiyalılar, Lidiyalılar, Hunlar, Kəngərlilər, Qarqarlar, Xəzərlər/Kaspilər, Oğuzların tarixlərini və mədəniyyətlərini öz gözümüzlə, öz bilincimizlə, öz düşüncəmizlə analiz etməliyik. Türk/Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ilk növbədə, məhz bu əski Türk/Turan xalqlarının, onların qurduqları dövlətlərin varlığında özünü büruzə vermişdir. Əlbəttə, bəlkə də sadaladığımız bu əski xalqlardan və onların qurduğu dövlətlər­dən/imperiyalardan bəzilərinin doğrudan doğruya Türk-Turan mədəniyyətiylə birbaşa bağlılığı olmamışdır. Ancaq Turan Sivilizasiyası böyük bir əraziyi, ən azı Alyaskadan Atlantik okeanına qədərki coğrafiyanı əhatə etdiyi üçün Türk-Turan xalqlarının ona yad olan mədəniyyətlərə ciddi şəkldə təsir göstərməsi, eyni zamanda özünün də bundan qidalanması şübhəsizdir.

LEAVE A REPLY