Eldar Əzizov pulları hara xərcləyib?

0
10

Eldar Əzizov pulları hara xərcləyib?

Hesablama Palatası Səbail Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrini açıqlayıb.

Hesablama Palatasının sədri V.Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Nəzarət tədbiri üzrə həyata keçirilmiş tədbirlər, o cümlədən əldə edilmiş audit sübutları və nəticələrlə bağlı şöbə müdiri A.Abasovun məlumatı dinlənilib, daha sonra fəaliyyət istiqaməti üzrə auditor N.Həsənov auditin nəticələrinə dair təqdim etdiyi hesabatda nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.

Auditor N.Həsənov mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib.

Auditor qeyd edib ki, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib.

Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb.

Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdırıb, mənzil fondunun gəlirləri üzrə yığım səviyyəsinin artırılmasını, büdcə vəsaitlərinə dair tələbatın və əməyin ödəniş dərəcələrinin mövcud qanunvericiliyə uyğun müəyyən edilməsini, aparat işçilərinin saxlanma xərclərinin büdcə vəsaitləri hesabına maliyyələşdirilməsi hallarına yol verilməməsini, tullantıların daşınması üzrə nəqliyyat vasitələrinin manevr və marşurut xəttinin müəyyənləşdirilməsini, büdcə vəsaiti hesabına maliyyələşən nəqliyyat vasitələrinin istismar xərclərində mövcud normaların tələblərinin gözlənilməsini, xidmət göstərilən sahənin inventarizasiyasının yenidən aparılmasını, buna uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına normadan artıq saxlanılan ştat vahidlərinin ixtisar olunmasını, idarəetmə xərclərinin azaldılması məqsədilə struktura yenidən baxılmasını, dövlət satınalmaları və mühasibat uçotu üzrə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin həyata keçirilməsini, dövlət büdcəsindən ayrılan vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə olunması və lüzumsuz xərclərə yol verilməməsi üçün tədbirlərin görülməsini, eləcə də binaların, həyətlərin və səkilərin abadlaşdırılması, o cümlədən ərazinin asfaltlanmasının yeni dislokasiyaya uyğun həyata keçirilməklə tikinti norma və qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsini məqsədəmüvafiq hesab edib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş, və səsə qoyularaq qəbul edilib. Qərar icra edilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyətinə göndərilib.(AzNews.az)

LEAVE A REPLY