Jurnalist Rasim Əliyevin qətlini araşdıran İşçi Qrup məhkəmədən narazıdır

0
4

Jurnalist Rasim Əliyevin qətlini araşdıran İşçi Qrup məhkəmədən narazıdır

Jurnalist Rasim Əliyevin qətlilə bağlı cinayət məsələsini ictimai qaydada araşdıran Komitənin İşçi Qrupunun yanvarın 20-də iclası keçirilib.

Qrupun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva iclasdakı müzakirələrdə R.Əliyevin qətlilə bağlı istintaqın, hazırda davam edən məhkəmə prosesinin gedişindən narazılıq ifadə edildiyini deyib. “Bu mənada istər istintaq prosesinin gedişilə bağlı prokurorluğa, istər məhkəmə prosesinni gedişilə bağlı hakimə çoxlu suallar var”- deyə A.Abdullayeva hər iki qurumu R.Əliyeviun qətlilə bağlı məsələdə işi sonadək araşdırmamaqda suçlayıb.

İstintaqın sonuna yaxın futbolçu Cavid Hüseynovun işinin ümumi icraatdan ayrılması müəmmalı məsələ kimi dəyərləndirilirb. “Biz bilmirik, bu adam bu qətldə nə qədər günahkardır, ya yox, amma həqiqətin üzə çıxması üçün bu iş ayrılmamalı, birgə aparılmalı və məhkəməyə təqdim edilməli idi ki, burada həqiqət üzə çıxsın” – deyə Arzu Abdullayeva bildirib.

Eyni zamanda A.Abdullayeva iclasda hazırda davam edən məhkəmə prosesinin gedişindən də narazılıq edildiyini deyib. “İstər ictimaiyyət nümayəndələri, istər jurnalistlər məhkəmə prosesi gedən binanın önünə nə qədər tez gəlsələr də, proses gedəcək zal adamla dolu olur. Bunlar nə qohumlardır, nə ictimaiyyət nümayəndələri, nə də media mənsubları” – deyə A.Abdullayeva prosesə dəxli olmayanların zala doldurulduqlarına toxunub. O, belə halların bir çox ictimaiyyət nümayəndələrinin məhkəmə prosesində baş verməsinə diqqət çəkib. Onun fikrincə, belə addım atanlar cəmiyyəti jurnalistin qətlilə bağlı prosesdən maksimum dərəcədə xəbərsiz saxlamağa səy edənlərdir.

“Daha bir məsələ müdafiə tərəfinin qaldırdığı vəsatətlərin təmin edilməməsilə bağlıdır. Qaldırılmış hansı vəsatət olursa olsun, hakim ya təmin etmir, ya da baxılmamış saxlayır, bundan irəli gələrək bizlərdə məhkəmənin ədalətli qərar qəbul edəcəyinə şübhə var” – deyə A.Abdullayeva iclasda əldə edilən qənaəti bildirib.

Sonda işçi qrup dövlət başçısı İlham Əliyevə, ölkənin vətəndaş cəmiyyəti institutlarına və beynəlxalq qurumlara müraciət qəbul edib. Sənəddə ədalətli qərar əldə edilə bilməsi üçün bu məhkəmə prosesinin nəzarətdə saxlanılması xahiş edilir.

Jurnalist R.Əiyev 2015-ci il avqusitun 8-də bir qrup şəxs tərəfindən döyülüb, daha sonra M.Nağıyev adına xəstəxanaya yerləşdirilib. 2015-ci il avqustun 9-u səhərə yaxın həmin xəstəxanada dünyasını dəyişib. Bu qətllə bağlı 6 nəfər həbs edilib. Hazırda 5 nəfər Bakı Ağır Cinayətlər məhkəməsində mühakimə edilir. Bu qətldə adı hallanan futbolçu Cavid Hüseynovun işi isə ümumi icraatdan ayırlıb və Səbail rayon məhkəməsində baxılması gözlənilir.

LEAVE A REPLY