Jurnalistlərin sosial durumu haqda hesabat

0
6

Jurnalistlərin sosial durumu haqda hesabat

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2015-cü il üzrə sosial durumlarına dair yekun hesabatını açıqlayıb. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2015-cü ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli AzVision.az-a bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30 ümumrespublika yayımlı qəzet, 8 informasiya agentliyi, 10 xəbər portalı, həmçinin 10 həftəlik qəzet, 4 televiziya redaksiysının əməkdaşları cəlb ediliblər (ümumilikdə 62 redaksiya əhatə olunub). Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2015-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda: – İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında vəziyyət dəyişməyib. 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də sorğuya cəlb edilənlərin 90 faizdən çoxu redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Müqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi problem də ötən illərdə olduğu kimi qalır. Orta hesabla, əksər redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız 60 faizi ilə fərdi əmək müqavilələri bağlanır, təqribən 40 faizə qədər əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar. Əmək qanunvericiliyinə edilən yeniliyə uyğun olaraq, əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemi müstəvisinə keçirilməsi ilə bu sahədə ciddi səhman yaradılıb. Amma hələ ki, prosesi sona çatdırılmayıb. – Əmək müqavilələrinin simvolik xarakterli olması problem də öz aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı tam əks etdirmir; – Tibbi sığortanın tətbiq edilməsi məsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi suğortanın tətbiq edilməsi vəziyyəti minimum həddə- 5 faizdən aşağıdır. 2. Jurnalistlərin aylıq gəlirlərində də sabitlik müşahidə edilib: a) Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600 manat civarında olub (sorğu iştirakçılarının 87 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (2 faiz) 350-450 manat, qalanları isə (11 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər.
Məlumat üçün qeyd edək ki, ötən illə müqayisədə jurnalistlərə 700-800 manat əmək haqqı verilən redaksiyaların saylarında artım olub (5 faizdən11 faizə yüksəlib). b) Analoji vəziyyət ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirlərində də mövcud olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir. 3. Regionlarda: a) Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-250 manatla ifadə olunur. b) Regional televiziyalarda çalışan jurnalistlərin və mərkəzi TV-lərin regional təmsilçilərinin aylıq gəlirləri isə 200-400 manat aralığında dəyişir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda yaşayış minimumu 136 manat müəyyən edilib. 3) Sorğu iştirakçıları 2015-cü ildə jurnalistlərin durumlarına müsbət təsir edən amillər barədə də fikirlərini bildiriblər: – Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Milli Mətbuatın 140 illiyi münasibətilə 180 nəfər jurnalist müxtəlif səviyyəli fəxri adlar və mükafatlarla təltif ediliblər. – Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazılarının müsabiqələri vasitəsilə 2015-ci ildə 436 nəfər jurnalist qalib olaraq mükafatlandırılmaqla, əlavə maddi gəlir əldə ediblər.
– İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib, KİV-in inkişafına dövlət dəstəyi, mövcud problemlər, onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb. – KİV əməkdaşları noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak ediblər. Onlardan 11 nəfərin Milli Məclisin deputatı seçilməsi, cəmiyyətin media təmsilçilərinə etimadının göstəricisi kimi dəyərləndirilib. Həmçinin, mediaya aid məsələlərin daha intensiv şəkildə parlament müstəvisinə çıxarılmasına şərait yaradıb. – Uğurlu faktlar sırasında onlayn media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2015-ci ildə internet media resurslarının sayında ciddi artım olub. Rəsmi statistikaya görə, bu dövrdə internet KİV qurumlarının sayı 300-ü keçib. Bu sektorda əmək haqqının və əmək ştatının stabilləşməsi baş verib. – Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzillik binanın sənədləşdirmə işləri başa çatdırılıb, özəlləşmə sənədləri dekabrın 24-də jurnalistlərə təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzillik binanın tikintisi davam etdirilib. 4) Sorğu iştirakçıları 2015-ci ildə onları qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar. Bu sırada ən çox qabardılan məsələlər: – “Binəqədi”, “Rabitə dünyası”, “Torpaq” qəzetlərinin simasında dövlət qurumlarına məxsus sahə qəzetlərinin bağlanması ilə jurnalistlərin iş yerlərini itirməsi, o cümlədən, bəzi populyar KİV-lərdə işçi heyətlərin qrup halında yaxud fərdi şəkildə ixtisar edilməsi diqqət çəkib. İnternet media qurumlarının sayının artması nəticəsində ixtisara düşən jurnalistlərin iş yeri ilə təmin edilməsi mümkün olub. Amma bir tendensiya olaraq, qurup və fərd halında ixtisarların aparılmasının intensivləşməsi mənfi hal kimi qiymətləndirilib. – 2015-ci ildə daha bir həmkarımız-jurnalist Rasim Əliyev qətlə yetirilib.
Cinayəti törədənlər layiqli cəzalarını alsalar da, jurnalistlərin qanundan kənar, fiziki metodlarla cəzalandırılması halının mövcud olması baxımından, bu fakt ciddi narahatçılıq doğurub. – Jurnalistlərə qarşı fiziki təzyiq halları digər formada da təzahür edib. 2015-ci ilin noyabr ayında Nardaran qəsəbəsində baş verən hadisələrdən reportaj hazırlamaq istəyən jurnalistlər hücuma məruz qaldılar, əmək vasitələri sıradan çıxarıldı. Bənzər hadisə Sabunçu qəsəbəsində, həmçinin, Cəlilabad rayonunda də təkrarlandı. – Jurnalistləri 2015-ci ildə qayğılandıran problemlər sırasında rəsmi qurumların mətbuat xidmətlərinin qənaətbəxş fəaliyyət göstərməməsi də var. – Tibbi sığortanın tətbiq edilməməsi; müəllif hüquqlarının yetəincə qorunmaması da bu sırada yer tutur. – İlin sonunda, dekabr ayında manatın ucuzlaşması digər əhali qrupları kimi, media ictimaiyyəti üçün də çətinliklər yaradıb. 2015-ci ildə media ilə bağlı diqqət çəkən məsələləri sırasında KİV haqqında qanunda (44-cü maddə), həmçinin, xəbər istehsalı və yayımı ilə əlaqəli olan digər qanunvericilik aktlarında (İnzibati Xətalar Məcəlləsinin 382, 386, 387-ci maddələri) əlavə və dəyişikliklərin edilməsi, xarici KİV-lərin Azərbaycanda fəaliyyəti ilə bağlı şərtlərin aktuallaşdırılması da var.

LEAVE A REPLY